adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
09 Iyul 2020 09:24
19924
GÜNDƏM
A- A+

Qarabağ qazilərindən ƏƏSMN -in mənzil korrupsiyasına etiraz

3 gün öncə bir sıra saytlarda Qaradağ rayonu, Ələt qəsəbəsində kirayədə yaşayan 2-ci dərəcəli Qarabağ əlili, 27 yaşlı Rəhman Əzizzadənin DTX rəisi Əli Nağıyevə ƏƏSMN -in şöbə müdiri Vüqar Behbudovun 1-ci vitse-prezidentin tapşırığına əməl etməməsinə hüquqi qiymət verilməsi xahişi ilə müraciəti dərc olunub. Gözləmək olardı ki, ƏƏSMN rəhbərliyi dövlətə, onun 1-ci şəxslərinə qarşı təxribat xarakterli hərəkətlər edən, əlil, şəhid ailələrinin mənzil təminatını rüşvət korrupsiya predmetinə çevirməklə müharibə veteranlarını dövlətdən narazı salan Vüqar Behbudova, yumşaq desək, təpinəcək. Amma əlil vətəndaşın mətbuat vasitəsilə DTX rəisinə müraciətinə ƏƏSMN -in ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov hədələyici cavab verib ki, nazirliyin mövqeyi öyrənilmədən qazinin narazılığı dərc olunub. Əlilin müraciətinin yer almadığı saytlar da ƏƏSMN rəsmisinin "təkzibini” olduğu kimi səhifələrinə qoyublar. Beləliklə , DSMF-in adi bir şöbə müdirinin 1-ci vitse-prezidentin tapşırığına əməl etməməsi barədə 2-ci dərəcəli Qarabağ əlilinin DTX rəisinə şikayəti ƏƏSMN tərəfindən "mənzillə təmin olunmamaq haqqında narazılıq” kimi qələmə verilib. Sual olunur : MƏGƏR DTX RƏİSİNƏ MÜRACİƏT ETMƏK ÜÇÜN ƏƏSMN -DƏN İCAZƏ ALINMALIDIR ? Bir gözünü tam, o birini 50 faiz itirən Qarabağ qazisi mənzillə təmin olunması haqqında 1-ci vitse-prezidentin tapşırığına ƏƏSMN yanında DSMF-in adi bir şöbə müdirinin əməl etməməsinə görə DTX rəisindən tədbir görülməsini xahiş edir, ƏƏSMN -in rəsmisi isə onun 1-ci vitse-prezidentə və DTX rəisinə mənzillə əlaqədar müraciətini qanunsuz hesab edir! (?)

Onu da qeyd edək ki, Vüqar Behbudovun mənzil bölgüsü zamanı qanunsuzluğa, ayrı-seçkiliyə yol verməsi illərdir davam edir. Nazirlik buna son qoymaq əvəzinə vətəndaşın Konstitusiya ilə təsbit edilən müraciət etmək hüququna qadağa qoymaq yolunu tutub. Ondansa, əlil və şəhid ailələrinə tikilən evlərin şəhərsalma və tikinti normalarına uyğun inşa edilməsinə son qoymağı düşünmək, mənzillərə "kupça” verilməsini təmin etmək daha məqsədəuyğun olardı. Normativə görə, mənzillərdə divarların hündürlüyü ən azı 2,70 metr olmalıdır, amma bəzi evlərdə buna riayət edilmir. Eyvanın məhəccərinin hündürlüyü 50-60 sm olduğundan faciə ilə nəticələnir. Bir evin kanalizasiyası, həyəti, istirahət guşəsi yoxdur, o birinin qaz-telefon, internet xətti . Əlil oliqarx deyil axı, elektriklə yemək bişirilməsinə aylıq pensiyasını xərcləsin. Nazirlik mənzil təminatında neqativ hallara qarşı ciddi tədbirlər görməyə borcludur . Niyə Vüqar Behbudovun "rüşvət xeyir-duası” ilə hətta deputatlar, 3-4 villası olanlar Bakının mərkəzində mənzil yiyəsi olur, amma Rəhman Əzizzadə Qaradağda -Ələtdə kirayədə yaşayır? Niyə məcburi köçkün Qarabağ əlilləri Bakıda mənzil növbəsinə götürülür? Axı, məcburi köçkünlərin ayrıca mənzil təminatı həyata keçirilir? Elə bunun nəticəsidir ki, Bakıda qeydiyyatda olan aztəminatlı ailələr illərdir mənzil növbəsində həyatlarına son verməkdədirlər.

Fazil Talıbovun nazirliyin hazırda 2014-cü ilə kimi mənzil növbəsində olanları mənzillə təmin etmələri haqqında dedikləri də Prezidentin 20.06.2014 tarixli 569 saylı Sərəncamının icra olunmamasını göstərir. Belə ki, həmin sərəncama əsasən, 2014-cü ilə kimi növbədə duran əlil və şəhid ailələri 2014-2018-ci illər ərzində mənzillə təmin olunmalı idilər. 2020-ci il başa çatır, hələ də prezidentin sərəncamı icra olunmayıb. Əksinə, 2019 -cu ilin yanvarında həmin sərəncama dəyişiklik edilərək, 2014-cü ilə kimi növbədə olanların 2014- 2028-ci illər ərzində mənzillə təmin olunmaları qərara alınıb. Prezident sərəncamı verir ki, əlil, şəhid ailələri tezliklə - uzağı 2018-ci ilə kimi mənzil yiyəsi olsunlar, ƏƏSMN prezidentin sərəncamını icra etməkdən imtina edərək mənzil təminatını 10 il geriyə -2028-ci ilə çəkib. Özü də bu "güzəşt” 2014-cü ilə kimi növbədə olanlara şamil edilir. Rəhman Əzizzadənin 2016-cı ildə növbəyə götürüldüyünü nəzərə alsaq, nəinki 2028-də, heç 2030-a kimi də mənzil yiyəsi olacağı sual altındadır. Elə buna görə də, əlil vətəndaş 1-ci vitse-prezidentə müraciət edib və. .. Vüqar Behbudov 1-ci vitse-prezidentin tapşırığına 2 ilə yaxındır əməl etmir. DTX rəisinə müraciətinə isə ƏƏSMN hədələyici tonda açıqlama verir! ...

Qarabağ qaziləri olaraq ƏƏSMN rəsmilərinin qanunsuzluğuna etiraz edirik və Vüqar Behbudovun və digərlərinin barəsində tədbir görülməsini tələb edirik.

Qarabağ Qaziləri

Güloğlan Süleymanov, Müşfiq İsmayılov, Yusif Cəbrayılov və başqaları (imza vərəqi əlavə olunur )