adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
09 Iyul 2020 09:37
10066
GÜNDƏM
A- A+

Nə etdiyimizin, etdiyinizin fərqindəsiniz? - Səxavət Məmməd yazır

Nə etdiyimizin, etdiyinizin fərqindəsiniz? Son vaxtlar baş verənləri bir çoxları ictimai qınaq adlandırır. Yanılırsınız. Fərqində deyilsiniz, ancaq çox bərbad toplum yaradırıq. Əslində olanlar ictimai qınaqdan uzaq bir şeydir, konkret olaraq linç etməkdir. 

Demokratiya ilə anarxiyanı qarışıq salan adamlar, indi də ictimai qınaqla linçi qarışıq salırlar. İrandakı şah rejiminin devrilməsindən sonra, dindarların hakimiyyətə gəlməsi ilə bağlı kitablar oxuyanlar var aramızda, oxumayanlar da, indiki dövrdə vaxtdan bol heç nə yoxdur, pdf oxuya bilər. Eynən o prosesi keçirik. Orada da, əvvəlcə ictimai qınaq adı ilə hər şey oldu və sonda bir vaxt ayıldılar ki, ölkəni mollalar idarə edir. Əvvəl buna fikir verməyənlər, buna əhəmiyyət verməyənlər bir vaxt ayıldılar ki, ölkə tamamən dindarların əlindədir. Nə oldu? Azadlıqlar itdi, ölkədən çoxlu sayda insanlar qaçdı. Axtarış verin, bu barədə kalan material var oxunmalı.

İndi də bu proses bizdə baş verir. Demirəm, dindar cəmiyyət qururuq. Sadəcə nə qurduğumuz bəlli deyil, analogiyası yoxdur.

Kim nə edir etsin cəzası, hüquqla, qanunla verilməlidir. Kor-kor, gör-gör ölkə çox pis yönə gedir. İnsanları linç etməkdən həzz alan bir toplum yaradırıq. Yasamalda polisin çəkdiyi videolara görə polisi linç etdik. Reasksiya kimi normal bir şey idi. Sonradan yeni videolar çıxmağa başlandı. Onları da linç edirik. Poçda işləyən qızı linç et, istirahət edəni linç et, onu linç et, bunu linç et. Nə olacaq bunun axırı? Polis qaydanı pozanları saxlayıb, videoya çəkib, üzr istədir, bunu yayır. Baxıb buna gülürük. Qayda pozan üçün ancaq qanuni tədbir görülə bilər, görülməlidir. Videoya çəkmək, üzr istətmək başqa şeydir artıq. Yasamalda polisin qolunun gücü ilə etdiyi ilə sizin indi etdiyinizin arasında heç bir fərq yoxdur. Xəbəriniz var ki, növbə sabah sizə, bizə, hamımıza çatacaq? Onda nə edəcəksiniz? Onda gec olacaq, çünki o canavarı özünüz yaratmısınız, özümüz yaratmışıq.

O gün statusumu bir nəfər paylaşıb, yazıb ki, gəlin bunu qurdalayaq görək nə zibili var, biabır edək (bu boyda şeyi sırf buna görə yazmamışam təbii ki). Yavaş-yavaş təhlükə gəlməkdədir.

İran, Əfqanıstan bu linçlərlə dindar cəmiyyət (adın nə qoyursunuz, qoyun) qurdu. Biz nə qururuq? Bu linçlərlə hara gedirik?