Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib
Komitə sədri Rövşən Rzayev iyulun 7-də növbəti videoqəbul keçirərək, əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşların müraciətlərini dinləyib, suallarını cavablandırıb.
Komitədən Adalet.az-a verilən məlumata görə, Prezident İlham Əliyevin apardığı mükəmməl siyasi xəttin ölkəmizin hərtərəfli və davamlı inkişafını, bütün sosial layihələrin ardıcıl icrasını təmin etdiyi, qlobal pandemiya ilə bağlı fövqəladə şəraitdə əhalinin təhlükəsizliyinin qorunması, koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün zəruri tədbirlər görüldüyü diqqətə çatdırılıb. Belə şəraitdə yalnız dövlət tərəfindən həyata keçirilən tədbirlərin deyil, bütün cəmiyyətin, o cümlədən qaçqınların və məcburi köçkünlərin sosial məsuliyyətdən irəli gələn addımlarının, görülən işlərə dəstəyinin vacibliyi qeyd edilib. Bildirilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin problemlərinin həllini sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görülür, Bakıda və regionlarda yeni yaşayış kompleksləri inşa edilir. Məcburi köçkünlərin mənzil, təhsil, sağlamlıq problemlərinin həllinə Birinci vitse-prezident xanım Mehriban Əliyeva da xüsusi diqqət və qayğı göstərir, bu sahədə mühüm işlər görür.