adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
07 Iyul 2021 09:12
174086
GÜNDƏM
A- A+

Unutmayacağımız işğal tarixləri: Ağdərə, Çərəkdar, Narınclar, Umudlu...

Bu gün Ağdərə rayonunun işğalı günüdür. Düz 27 il əvvəl təbii gözəlliyi, təbii sərvətləri ilə, igid, zəhmətkeş camaatı ilə təkrarsız yurdumuz olan Ağdərə Ermənistan Silahlı Qüvvələrinin və onların havadarlarının təcavüzü nəticəsində əlimizdən alındı.

Adalet.az xəbər verir ki, 1923-cü ildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayəti 1991-ci ilədək mərkəzi şəhər Stepanakertdən (Xankəndi) və Şuşa, Ağdərə (Mardakert), Mar­tuni (Xocavənd), Hadrut (1923-cü ilə qədər adı Ağoğlan olub), Əsgəran rayonlarından ibarət olub. Ağdərə (Mardakert) - Xankəndi şəhərinin 62 kilometr şimalında yerləşən bu qədim yurdumuz 1930-cu ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazisində yaradılıb. Azərbaycan parlamenti 26 noyabr 1991-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv edəndə Mardakert rayonunun adı dəyişdirilərək Ağdərə adlandırılıb.

 

57 kəndi olan rayon 1939-cu ilədək Cerabert adlanıb. 1960-cı ildə rayon mərkəzi şəhər tipli qəsəbə, 1985-ci ildə şəhər statusu alıb. Rayonun ümumi sahəsi 1705 kvadrat kilometrdir. 1993-cü il iyulun 7-də rayon Ermənistan hərbi birləşmələri tərəfindən işğal edilib. İşğal zamanı 167 azərbaycanlı itkin düşüb. Onlardan 162-si kişi, 4-ü qadın, 1-i azyaşlı uşaq olub. Bundan başqa, 39 azərbaycanlının əsir götürüldüyü şahid ifadələri ilə təsdiq edilib. Azərbaycan Parlamentinin 13 oktyabr 1992-ci il qərarı ilə Ağdərə rayonu ləğv olunub. Bu qərara əsasən, Ağdərə rayonunun 8 kəndi Ağdam rayonunun, 23 kəndi Kəlbəcər rayonunun, Ağdərə şəhəri və 13 kəndi Tərtər rayonunun inzibati tərkibinə verilib.
 

Narınclar

 

Narınclar Ağdərə rayonunun qərbində ən ucqar dağ kəndlərindən biridir. Kənd Qırxqız, Pirdağı dağları və məşhur Taxtabaşı adlı yer ilə əhatə olunub. Xaçınçay öz başlanğıcını bu dağlardan götürür. Narınclar kəndi həmdə Alban abidələri ilə zəngindir. Pirdağın zirvəsində böyük bir pir-ziyarətgah yerləşir. Tarixi məlumatlara görə XII-XVIII əsrdə kənd ərazisi Xaçın məlikliyinə tabe olub. 1913-cü ildə Qarabağ xanlığının tərkibində Rusiyaya birləşdirilib.. El arasında bu yurd Kolanı Narıncları kimi tanınır. İşğala qədər 60 ev və 314 nəfər əhalidən ibarət olub. 5 şəhidi var. Əlövsət Kamran oğlu Tahirov ( hazırda Kəlbəcər rayon 29 saylı Narınclar kənd orta məktəbi Əlövsət Tahirovun adını daşıyır), Zahid Kamal oğlu Şükürov, Natiq Xurşud oğlu Abdullayev, Ələkbər Umud oğlu Əsədov, Təhməz Muxtar oğlu Baxşalıyev.

 

 

Kəndin adı 29 dekabr 1992-ci ilə qədər Nareştar olub. Ümumiyyətlə, işğala qədər Ağdərənin 14 kəndində (Sırxavənd, Bəşirlər, Qaraşlar, Qaralar, Baş Güneypəyə, Orta Güney, Xatınbəyli, Manikli, Tellibinə, Narınclar, Çərəktar, İmarət-Qərvənd, Umudlu, Yeni Qaralar) və Gəncxana sovxoz qəsəbəsində 14 mindən çox azərbaycanlı yaşayıb. Narınclar kəndi 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra əhalisi respublikanın 19 rayonuna səpələnib. Hazırda 138 ailədən və ümumilikdə 513 nəfərdən ibarət narınclılar İmişli rayonunun Məmmədli kəndi yaxınlığında salınmış eyniadlı köçkün qəsəbəsində müvəqqəti məskunlaşıblar. 

 

Çərəktar
 

1992-ci ildə Ağdərə rayonu ləğv edilərkən bu kənd Kəlbəcər rayon inzibati ərazisinə aid edilib. İşğaldan əvvəl 125 ev və 553 nəfərdən ibarət olan bu kəndin əhalisi hazırda 227 evdən və 757 nəfərdən ibarətdir. Əhali 19 rayonun 38 yaşayış məntəqəsində məskunlaşıb. Xüsusən Gəncə şəhərində (50 ailə - 151 nəfər), Göygöl rayonunda (25 ailə - 75 nəfər), Şəmkir rayonunda (19 ailə - 61 nəfər), Tərtər rayonunda (39 ailə - 147 nəfər), Samux rayonunda (24 ailə - 71 nəfər), Yevlax şəhərində (22 ailə - 81 nəfər), Bərdə rayonunda (20 ailə -74 nəfər) yerləşdirilib. Qarabağ müharibəsi zamanı bu kənddən 10 nəfər şəhid, 2 nəfər isə girov olub. Şəhidlər Yunis Muxtar oğlu Məmmədov, Şakir Yunis oğlu Ağamalıyev, Hüsü Əli oğlu Alıyev, Rasim Behbud oğlu Məmmədov, Əkbər Salman oğlu Alıyev, Nadir Qara oğlu Qasımov, Vilayət Məmməd oğlu Rüstəmov, Qardaşxan Muradxan oğlu Mehdiyev (2 nəfər mülki şəhid – Yusif Əsgər oğlu Məmişov, Namiq Vəzirxan oğlu Quluşov). Nərgiz Əliabbas qızı Qasımova və Münəvvər Rəhim qızı Məmmədova ermənilər tərəfindən girov götürülüb.

 

 

 

Münaqişə böyüdükcə Çərəktarda vəziyyət ağırlaşırdı. Əhalini erməni cəlladlarından qorumaq üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin qərarı ilə ərazi üzrə könüllülərdən ibarət batalyon yaradılıb və 126 nəfər kənd sakini bu batalyonda döyüşüb. Ağdərəyə məxsus sonuncu kənd idi və onu təbii gözəllikləri ilə dünyanın ən gözəl guşələrindən biri hesab etmək olar. Çərəktarın qədimliyini sübut edən alban memarlıq nümunəsi olan monastr qədim və orta əsr dövrlərdə mövcud olub. Abidə Qarabağın Yuxarı Xaçın ərazisində, Tərtər çayının sol sahilində yüksək dağlıq ərazidə yerləşir. Monastırın baş kilsəsi 1260-cı ildə inşa edilib. Kompleks tamamilə dağıdılıb. Kilsə düzbucaqlı plan quruluşlu olub ( 7 x 3 metr ) ikiqat tavanlı bazilikadan ibarətdir. Kilsə şərq tərəfdə düzbucaqlı ehrama malikdir.

 

Umudlu

 

Ağdərə rayonunun şimalında yerləşən yaşayış məntəqəsi – Umudlu kəndi Azərbaycanın tarixi ərazisidir. Burada orta əsrlərə aid 2 hamam,1 qala və qədim yaşayış məskəni aşkarlanıb. Tarixi abidələr, qala divarları hələ də qalmaqdadır. Əhalisi qədim türk tayfasının kolanılar qolundan ibarətdir.

 
Kənd Murov dağının ətəklərində və Sərsəng gölünün yaxınlığında yerləşir və təbiətin bütün gözəllikləri ilə zəngindir. Bu kənddə işğaldan əvvəl 750 nəfər yaşayıb və 150 evdən ibarət olub. Hazırda isə 345 ailə,1200 nəfər əhalisi Tərtər rayonunun ərazisində məskunlaşıb.
 
Görkəmli yazıçı M.S.Ordubadinin yazdığına görə 1905-ci il qırğınlarında Umudlu kəndindən cəmi 30 nəfər sağ qala bilib. Bu kənd dəfələrlə əldən-ələ keçib.
I Qarabağ müharibəsi zamanı Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik-leytenant Şirin Mirzəyevin 836 saylı Ağdam Ərazi Özünü Müdafiə Batalyonunun 55 nəfərlik şəxsi heyəti 27 dekabr 1991-ci ildən 28 fevral 1992-ci ilədək kəndin könüllüləri ilə birgə erməni işğalçılarına qarşı mətanətlə döyüşüb. Coxsaylı erməni kəndlərinin mühasirəsində yerləşən bu qədim Azərbaycan kəndinin hələ münaqişə zamanı respublika ilə əlaqəsi yalnız vertolyotla mümkün olub. Kənddə işıq, ərzaq, dərman və digər problemlər mövcud olub. 1992-ci ilin yanvarın ortalarından isə bu əlaqənin də kəsilmək təhlükəsi yaranıb. Çünki ermənilər Umudluya uçan vertolyotlara atəş açırdılar. Bu səbəbdən də Umudluda çox ciddi ərzaq və tibbi ləvazimat çatışmazlığı yaranması və uzun müddət elektrik enerjisinin verilməməsi böyük problemlər yaradıb. 1992-ci il fevralın 18-də AXC-nin xəyanətkar mövqe tutması nəticəsində kənd əhalisi kənddən köçürülüb. Fevralın 22-də Umudlu kənd sakinlərinin ümumi yığıncağında kənd sovetinin sədri Rafael Niftalıyevin imzaladığı sənəddə kəndin real vəziyyəti əks etdirilib: "İndiyə qədər olmazın əzabına məruz qalmışıq, artıq 5-ci ilə keçib ki, qorxu və dəhşət içində yaşayırıq. Məktəbimiz yandırılıb, evlərimiz top atəşi ilə dağıdılıb, dekabrın 23-dən (1991-ci il) daimi məskənimiz soyuq səngərlərdir. Bu ölüm-dirim mübarizəsində bizə silah da verən olmadı. Dünənə qədər başımızın üstündə yüzlərlə ağa var idisə, bu ağır gündə bir rəhbər tapılmır ki, ətəyindən yapışaq. Yaxşı ki, Ağdam taborunun (Ş.Mirəzyevin Umudludakı dəstəsi nəzərdə tutulur) könüllüləri - yurdumuzun qeyrətli oğulları varmış. Onlar olmasaydı, indi yəqin ki, Umudlu da respublikanın xəritəsindən silinmişdir...” . Vəziyyət son dərəcə ağır duruma gəlib çatmışdı. Umudluya heç bir kömək göndərilmədi və bu cənnət məkan Ermənistan ordusu tərəfindən işğal olundu. Müharibədə 3 nəfər şəhid olub. Məmməd Salman oğlu Abbasov, Polad Şəmşir oğlu Ərəbov, Şakir Əvəz oğlu Bağırov. Altı nəfər müxtəlif dərəcədə xəsarətlər alıb. Əhalisi Tərtər rayonunun ərazisində məskunlaşıb.

Umudli kəndi respublikada ziyalıları ilə seçilib. Akif Əzizov (Azərbaycan Milli Elmlər Akademiyası Polimer Materialları İnstitutunun direktoru, kimya elmləri doktoru, akademik) Yaqub Axundov ( sovet dönəmində MTN-nin Ağdam rayon şöbəsinin müdiri olub), Əhəd Kərimov (Sovet hakimiyyəti dönəmində uzun müddət Bərdənin, Ucarın 1-ci katibi işləyib), Sabir Paşayev (tanınmış pedaqoq-hazırda Umudlu kənd tam orta məktəbi bu pedaqoqun adını daşıyır).

Qeyd edək ki, II Qarabağ müharibəsinin nəticələrinə əsasən kəndlər Rusiya sülhməramlılarının nəzarəti altına keçib.

P.S Kəndlər haqqında dəqiq faktlar adıgedən kəndlər üzrə ərazi icra nümayəndəliklərindən tərəfimdən alınmışdır.

 

Əntiqə Rəşid