adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

BİR MİSRANIN İŞIĞINDA - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
56624 | 2020-07-08 09:11

Əvvəlcədən deyim ki, barəsində fikirlərimi sizinlə bölüşmək istədiyim Fəxrəddin müəllimi qiyabi tanımışam. Yəni sözünü, imzasını oxuyub izləmişəm. Və günlərin bir günü mərhum şairəmiz, unudulmaz Fərqanə Mehdiyeva mənə telefonla bildirdi ki, "qardaş, sənə şeirlər göndərirəm – Fəxrəddin Teyyubun şeirlərini. Yaxşı şairdi. Məsləhətdi ki, "Ədalət”də çap edəsən”. Və beləcə, şairlərin, söz adamlarının hamısı üçün unudulmaz olan və hamımızın özümüzə bacı saydığımız Fərqanənin təqdimatı bizi görüşdürdü. Mənə sözünü tanıdığım şairin özüylə də üz-üzə oturmaq nəsib oldu...

Anam deyərdi ki, o başdan durun,

Könül oxşamağa bir az tələsin...

Kənddə böyümüşəm. Kənd uşaqlarının necə böyüdüyünü də öz həyatım kimi görüb bilmişəm. Məni də anam tezdən oyadıb. Yayda tut ağacına dırmaşıb hələ şehi qurumamış tutlardan xışma-xışma yemişəm. Sonra, "indi get, bir az uzan!” deyən anamın sözünə əməl etmişəm. Və bir azdan yenə səsləyib məni. "Dur, bağı-bağçanı dolaş. Buzovun kəndirini aç, burax. İitin də qabına su tök...”. Və beləcə, hər gün, anamın səsi özümü dərk edənə qədər məni yuxudan oyadıb. Elə ki, özümü dərk etmişəm, onda ürəklənib soruşmuşam anamdan ki, niyə qoymursan səhərin yuxusunu yatım. Gülümsəyib deyib ki, ay bala, tezdən duran dan üzünün havasını da, otun, alafın şehini də, meyvələrin hələ yanağına gün işığı düşməmiş dəymişini də hamıdan tez qopara bilər, hamıdan tez canına hopdurar...

Təbii ki, bu bir ana istəyidir... hər bir ananın övladını sağlam görmək arzusudur. Bax, ikicə misrasını yazımın girişində təqdim etdiyim şeir də mənə həmin günləri, həmin ovqatı yaşatdı. Anladım ki, yaşadığım və ümumiyyətlə, hər bir kənd uşağının yaşadığını onu damarlarından, ruhundan keçirə bilən ifadə edə bilər. Çünki o, qanayan yarasına torpaq basıb... o, cızılan dizlərini torpaqla ovuşdurub... o, dizini yerə söykəyib bulağın gözündən su içib... o, biçənəyin qoxusunu ciyərlərinə çəkib... o, mal növbəsinin, meşədən odun gətirməyin... o, bulaq başına gedən yolun kənarında dayanmağı bütün şəkərini, duzunu, acısını, dadını, bir sözlə, həyatın özünü yaşayıb. Və rus yazıçısı M.Qorki demişkən, həyatın özündən çıxıb gəlibdi ədəbiyyata. Bu ədəbiyyatda da halallığın, səmimiyyətin, saflığın özünü ifadə edən poetik fikir kimi şeirə çevrilib...

... Kaş elə bir cihaz kəşf eləyələr,

Baxanda adamın içi görünə.

Bəli, söz yerinə düşəndə (müəllifin kimliyindən asılı olmayaraq – Ə.M.) adamın ruhunu oxşayır, adamın canına yayılır. Elə bilirsən ki, o sözü deyən məhz arzuladığı cihazla baxıb sənin içini gördü. Və gördüyünə görə də Allahın gücüylə yanaşı, həmin cihazı da hər kəsə görk etmək istədi. Deməli, bu, könülə yol tapmaqdı, ruha qoşulmaqdı və həm də poetik fikri misralamaqdı. Necə ki, bunu Fəxrəddin Teyyub edibdi. Axı, o, yaşadığı ömürdə adamların daxilinə nüfuz etmək, onların iç dünyalarında baş verənləri görüb oxumaq məqsədini heç vaxt gizlətməyib və onu zaman-zaman şeirə gətirmək üçün məqam gözləyib. Həmin məqamı da iqtibas gətirdiyim misrada tapıb oxucuya çatdırıbdı. Və yaxud da:

Söz bir dul qadındı, əri soyulub,

Dünyanın nəhəngi, nəri soyulub.

Əl-ayaq kəsilib, dəri soyulub,

Kim verib meydanı düzə şeirdə.

Bu bənddəki fikrə diqqət yetirək. Burda söz hardasa canlı bir fərdə çevrilib. Onun dul qadın kimi oxucuya təqdim edilməsi isə şairin sözün bugünkü durumuna münasibətini obrazın fonunda çatdırmaq istəyidi. Yəni canlı fərd olan söz digər insanlardan, bugünkü durumuyla seçilir. Məlum olur ki, sözün meydanı bir sahibsiz, tək, arxasız qalmış qadının meydanıyla, şəraitiylə eynidir. Axı düzün yeri həmişə problemli olur. Elə Fəxrəddin Teyyub da məhz həmin fikri, yəni sözün halını təbii, sadə və cizgilərlə işıqlandırıbdı. Bu da səmimiyyətinə və sadəliyinə görə, bir oxucu olaraq mənim və digərlərinin tərəfindən qəbul olunur.



Mənə bu yazını yazdıran bir misranın işığında Fəxrəddin Teyyubun "Nağıl” şeirinə diqqət yetirirəm. Şeirin son bəndi belədir:

Adamın qəlbinə bir qorxu dolub,

Şimşək belə çaxsa, göy qopdu bəlkə.

Göylər meydançadı, oyun qurulur,

Ulduzlar oyunçu, Ay topdu bəlkə.

İndi bir oxucu olaraq siz də düşünün. Və gözünüzün önünə qaranlıq gecədə dəhşətli göy gurultularını, şimşək çaxmalarını gətirin... Bunun ardınca ayazıyan göy üzünə, ulduzlara və bir də gülümsəyən Aya baxın. Onda göy üzü sizə həmin o geniş meydanları, geniş arenaları mütləq xatırladacaq. Və siz göyün qopmadığına, ulduzların oyunçu olduğuna xəyalən inanacaqsınız. Və bu şeirin ovqatı sizin ruhunuzu oxşayacaqdı. Axı Fəxrəddin Teyyub təkcə şeir yazmayıbdı, həm də həmin anın rəsmini çəkibdi. Deməli, söz özü-özlüyündə rəsm əsərinə çevrilib. Ona görə də yaddaşa köçüb, oxucunun dilində, ürəyində yerini tapıbdı.

İndi 70 yaşının əlini sıxan dəyərli söz adamı, ruh əkizim Fəxrəddin Teyyubun son şeirlərinin məndə yaratdığı ovqatı, elə bu fikirləri bilgisayara diqtə etdiyim anda içimdən yenidən keçirdim. Necə deyərlər, özümü həmin o sözün aurasında bir sərbəst tamaşaçı, dinləyici, bir az da səyyah kimi təsəvvür edərək unutdum dünyanı. Və gördüm ki, bu dünyada Anamın Dediyindən dəqiq, dürüst, ürəyə yatımlı və yaddaşdan silinməyən başqa heç nə yoxdu. Çünki analar yaşadıqlarını, yandıqlarını sözə çevirirlər – bayatı kimi, nağıl kimi, layla kimi pıçıldayırlar. İnsanın da ruhunu oxşayan məhz bu bayatılar, nağıllar, laylalardı. Mən də həmin ovqatda Fəxrəddin Teyyuba can sağlığı və tükənməz, ruhu oxşayan şeir yaradıcılığı arzu edirəm.


TƏQVİM / ARXİV