GÜLLƏR AÇILSIN...

İRADƏ TUNCAY
49068 | 2008-06-14 18:03

... Qapının o tərəfindən bir cüt kədərli göz baxır mənə. Hər gün-hər gün belə gözlərlə, belə üzlərlə görüşməyə öyrəncəli olmuşam:
   
    - Gəlin içəri, xanım. Mənimlə işiniz var?
   
    - Bir az vaxtınızı alacam, amma siz yəqin mənə kömək eləyərsiniz.
   
    - Nə mümkündürsə.
   
    - Mən qaçqınam... Bilirəm ey, sizin də qohumlarınız qaçqındı, yükünüz çoxdu. Amma mənim dərdim lap böyükdü. Oğlum işsizdi, çox fikir eləyir.
   
    ... Hamıya öz dərdi böyük görünür. Qadın danışır, mən qulaq asıram. Məmləkət insanının gündəlik problemləri. Müharibə başlayanda evlərindən heç nə götürə bilmədən çıxıb gəliblər bura, bir idarə binasına yığışıblar. Evin kişisi çörək dalınca Rusiyetə gedib, çörək əvəzinə başı qadınlara qarışıb. O vaxtdan xəbər-ətər yoxdur, iki uşağını özü böyüdüb, oxudub. İndi iş məsələsini həll eləmək istəyir. Qırımından görürəm ki, əzmli, hökmlü qadına oxşayır. İşləyib-işləmədiyini soruşuram. Öz rayonumuzda bağça müdirəsi işləyirdim- deyir - Siz istəsəniz mənə kömək edə bilərsiniz- deyir. Mən istəsəm... Mənim istəyimə qalsa bütün dünya güllü-gülüstan olardı. Kimsənin gözündən yaş axmazdı. Şair demiş, güllələr yox, güllər açılardı. Adamlara elə gəlir ki, bircə dəfə dodağımı tərpətsəm evin kişisi əlinin altındakı düymələri basar, hər kəsin dərd-sərini həll edər. Adamlara elə gəlir... Amma nə düymə var, nə sehrli çubuq... Bəlkə də var. Ancaq bizim əlimizdə deyil ki. Bizim əlimizdə ancaq qələm var. Onun da yazdığını kimsə oxumaq istəmir. Bəlkə oxuyan olsa dünya dəyişərdi. Çox sadəlövh düşüncələrdi, deyilmi? Ola bilər ki, nə vaxtsa bizdən əvvəl də, bizdən sonra da yazılanlar götür-qoy olunacaq, insanın insan haqqında danışdığı əbədi, bitməyən nağıla bizim də əlavəmiz olub-olmadığı bilinəcək. Bunun hakimi vaxtdır. Amma bu qaçqın qadının vaxtı yoxdur, qalmayıb - baş verənlər onun gəncliyini, gözəlliyini, sağlamlığını əlindən alıb, ailəsini dağıdıb, indi də övladları təhlükədədir. Və o, tək deyil. Neyləyək ki, bu adamlar qapı-qapı düşüb bu problemlərə birbaşa aidiyyatı olmayan adamlardan kömək istəməsinlər. Neyləyək ki, hər kəs öz oturduğu kürsüdə bir az da öz işiylə, vəzifəsiylə məşğul olsun. Bu qədər laqeydləşmiş, biganələşmiş insan cəmiyyətini silkələmək üçün neyləməliyik? Qarşındakının da insan olduğunu, həyat eşqi, ölüm qorxusu, iztirab, həyəcan kimi hisslərlə yaşadığını anlamaq çoxmu çətindir? Yəqin çətinmiş ki, neçə min illərdi ədəbiyyat insan cəngəlliyində bunun davasını aparır. Qələm bunun davasını aparır. Və deyəsən uduzur. Ən qorxulusu isə bu fikrə alışmaqdır.
   
    Əvvəllər, deyək ki, iki böyük dövlətin ideya mübarizəsi fonunda həm də dinc yaşamaq prinsipləri də vardı. İndi bir dövlətin dağılması ilə dünyanın tarazlığı necə pozulub, görürsünüz. Məlum məsələdir ki, hər kəs yaxşı yaşamaq istəyir. Məlum məsələdir ki, gözəl-göyçək, böyük qüvvələr öz ölkələrində narazılıq yaratmamaq üçün bizim kimi ölkələrin sərvətlərini daşıyıb aparırlar və guya özlərinin uğurlu iqtisadi-siyasət yürüt-düyünü iddia edirlər. Heç bir iqtisadi-siyasət-filan yoxdur. Zor siyasəti var. Deyək ki, tutalım, bizdə hansısa əyalət rayonunda icra başçısı oturduğu kürsüdə özünü hakimi-mütləq sayır, istədiyini eləyir, taladığını talayır, nəticədə olan yazıq vətəndaşa olur. Bunlar da dünyanın icra başçılarıdı. Kefi necə istəyir, elə asır-kəsir. Yanımıza şikayətə gələn hər qaçqına da izah eləmək olmur ki, bacım, qardaşım, sənin evsiz, yersiz, yurdsuz qalmağın, işsiz olmağın böyük, qlobal, düşünülmüş siyasətin nəticəsidir. Nə mən, nə də məndən çox-çox böyük-böyük adamlar yaxın vaxtlarda bu məsələləri həll edə bilməyəcək. İzah eləmək olmur.
   
    Amma, amma, amma... Çox vaxt bəzi məsələlərdən danışanda deyirlər ki, hər ölkənin öz gerçəklikləri var. Doğrudur, razıyam. Məsələn, mən sonuncu seçkilərdən sonra yüzdə-yüz əmin oldum ki, bu adamları özbaşına buraxsan seçki fonunda bir tayfa ilə o biri tayfa arasında, bir kənd ilə o biri kənd arasında və sairə və sairə vətəndaş müharibəsi başlayar. Bu məmləkətdə hamı ağlından razıdır, bəxtindən narazı. Heç kim öz eybini görmür. Amma elə məsələlər var ki, bunları həll eləmək üçün Avropadan konsultant gətirmək lazım deyil. 21-ci əsrin başlanğıcında məmləkətin təhsil sistemində bu qədər açıqlar varkən uşaqları attestatdan məhrum eləmək nə anlama gəlir? Nə qazanırıq? Məktəblərin durumu, təhsilin səviyyəsi reallıq deyilmi? Bu reallığı unudub imtahanda Avropa standartları ilə işləmək hardan ağlımıza gəlib? Onsuz da bunun da sonu reallıqla bitəcək. Yəni pulunu verən attestatını da alacaq.
   
    ... Qaçqın qadın övladlarının yaxşı oxuduqlarını, savadlı olduğunu deyir. İnanıram. Çünki hər halda yoxsul bir qaçqının oğlu universitetin ən prestijli fakültəsinə qəbul olunubsa, demək belədir. Amma özünə deməsəm də, ürəyimdə fikirləşirəm ki, nə olsun? Bu da reallıqdır ki, bu məmləkətdə savadlı olmaq heç bir nəsnəni həll eləmir. Mənim bu qadına və onun kimi bir çoxlarına qulaq asıb eşitdiyimi bir çox önəmli nöqtələrdə oturanlar eşitmək istəmir. Görəsən niyə? Bunun üçün da Avropa Şurası gərək deyil ki? Böyük siyasəti qoyuram bir tərəfə. Mənim üçün maraqlıdır, niyə hər hansı kiçicik bir vəzifəyə adam qoyanda onun ağlı, savadı, qabiliyyəti, istedadı nəzərə alınmır? Niyə biz ən elementar şeyləri eşitmək istəmirik. Bəlkə istəyək? Bəlkə qulaqlarımızı tıxamayaq? Bu günün imtahanlarını bugünkü səviyyədə keçirmək üçün uşaq bağçalarından başlamaq lazım idi. Başladılar, amma söküb-satmaqdan. Bu günün imtahanları bizi sabahın imtahanlarından necə çıxaracaq? Amma mən hər kəsin nə vaxtsa bir imtahan qarşısında duracağından əminəm.
   
    Yusif Vəzir Çəmənzəminlinin "Qan içində" romanının sonluğunda maraqlı bir səhnə var. Qarabağ xanlığında hakimiyyət dəyişilir, İbrahim xanın qardaşı oğlu Məmməd bəy Cavanşir əmisinin Dağıstanda olmasından istifadə edib hakimiyyəti ələ keçirir və təbii ki, əmisinə sədaqətli adamları hakimiyyətdən uzaqlaşdırır. Molla Pənah Vaqif o vaxtlar İbrahim xanın eşikağası imiş. Və xanlıqda baş verən hadisələri gizli qasid vasitəsilə İbrahim xana çatdırırmış. Bir gün qasid ələ keçir. Və məlum olur ki, indiki dillə desək, Vaqif dövlət çevrilişində iştirak edib. Məlum məsələdir ki, o dövrün qanunlarına görə həmin adamları da, ailə üzvlərini də edam gözləyirmiş. Vaqifi də oğlu ilə aparırlar Xəzinə qayasına edama. Vaqif oğlundan soruşur ki, Qasım ağa, bizi hara aparırlar? Oğlu kinayə ilə cavab verir:
   
    -Ağa, sən bu yolla çox adamları göndərmisən. İndi də bizi aparırlar.
   
    Vəssəlam! Demək istədiyim odur ki, hər kəs oturduğu kürsüdə ümumdövlət işinə ya xeyir verir, ya ziyan vurur. Son vaxtlar isə belə görünür ki, böyük, qlobal dövlət tədbirlərinin fonunda hansısa məmurun hikkəsi də qlobaldır. Öz aralarında yola getmirlər, attestatsız qalansa yeni nəsildi. Bu da bu ölkənin reallığıdı. Hər kəs inandığı həqiqətlər uğrunda özü bildiyi kimi mübarizə aparır. Siyasi xadimlər də, yazı-pozu adamları da. Amma son söz əlbəttə ki, səlahiyyət sahiblərinindi. Düzdür, ədəbiyyat da, mətbuat da həyatı doğru-düzgün əks etdirməklə, insan qəlbinə nüfuz etməklə tarixi missiyalarını yerinə yetirirlər. Mənəvi-ekoloji iqlimin bu qədər pozulduğu bir dövrdə isə yazılanı oxuyan yoxdur. Amma qədim hind fəlsəfəsi deyir ki, dünyada qeyri-sabitlik qədər sabit heç nə yoxdur. Bu gün biz bunu bütün hüceyrələrimizlə hiss edirik. Yaşadığımız mühiti, cəmiyyəti dəyişməyə çalışırıq, amma cəmiyyət də bizi dəyişir. Mətbuat təkcə güzgü olaraq qala bilməz. Həm də bir təsir mexanizmi də olmalıdır. Yəqin bizə dərdini söyləməyə gələnlər də belə düşünür.
   
    ... Qadın göz yaşlarını silir, qalxır gedir. Qapıdan yaşlı bir kişi boylanır:
   
    - Ay qızım, mən bilirəm ki, sən istəsən...
   
    Ay aman, vallah, mən istəyirəm ki, güllər açılsın, güllələr açılmasın...

TƏQVİM / ARXİV