adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
03 Iyul 2020 13:15
112020
MƏDƏNİYYƏT
A- A+

Şirvan bülbülü – Aşıq Şakir Hacıyev

Məşhur el aşığı,Aşıq Bilalməktəbinin yetirməsi və Şirvan aşıq mühitinin ən tanınmış nümayəndələrindən biri Aşıq Şakir 1922-ci il yanvarın 25-də Ağsu rayonunun Xəlilikəndində dünyaya gəlmişdir.O zamanlar bu kənd digər bir neçə qonşu kəndlərlə birlikdə Kürdəmir rayonunun ərazisində olub. Sonralar Ağsu rayonu təşkil ediləndə Xəlili kəndi də həmin rayonun tərkibinə daxil edilib.

Şakirin atası Şahverdi kişi sadə bir kəndli, anası Soltanxanım sadə kəndli qızı – evdar qadın olub. Şakir 1939-cu ildə Ağsu rayonunun Ərəbmehdibəy kənd məktəbinin səkkizinci sinfini bitirib. Aşıqlıq sənətinə böyük həvəsi olduğunu nəzərə alan valideynləri onu göyçaylı aşıq Mürsələ şəyird veriblər. 1941-ci ildə Böyük Vətən müharibəsi başlananda cəbhəyə yola düşən Şakir 1941-1945-ci illərin Böyük Vətən müharibəsində və Sovet-Yapon müharibəsində iştirak edib. 1947-ci ildə ordudan tərxis olunduqdan sonra Kürdəmirə gələrək mədəniyyət evində işə başlamış və ömrünün axırınadək aşıqlıq sənəti ilə məşğul olub, saz tutub, söz qoşub, öz gözəl, məlahətli səsi, gözəl mahnıları ilə çox qısa müddətdə şöhrətlənmişdir. 1950-ci ildə Azərbaycan SSRİ Nazirlər Soveti yanında İncəsənət İşləri İdarəsi tərəfindən aşıq Şakirə "Xalq aşığı” fəxri adı verilmişdir.

1955-ci ildə Şakir Hacıyev Kürdəmir rayonunun Mollakənd seçki dairəsindən Azərbaycan Ali Sovetinə deputat seçilmiş.Qeyd etmək lazımdır ki, bu etimad aşıqlar arasında yalnız Şakirə qısmət olmuşdur. Yəni Şakir aşıq kimi yeganə adam idi ki, deputatlıq mandatı məhz ona verilmişdir.

1961-ci ildə Azərbaycan aşıqlarının III qurultayına nümayəndə seçilmiş Azərbaycanın sənət korifeylərinin – Bülbülün, Fikrət Əmirovun, Niyazinin, Mirzə İbrahimovun iştirak etdikləri bu qurultayda aşıq Şakir də geniş məruzə ilə çıxış etmişdir.


Aşıq Şakir istedadlı sənətkar kimi vaxtilə Azərbaycanın Moskvada keçirilmiş mədəniyyət və incəsənət ongünlüklərində respublikamızı layiqincə təmsil etmiş və mükafatlara layiq görülmüşdür.

Azərbaycan mədəniyyətinin inkişafı sahəsində xidmətlərinə görə 1967-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin fərmanı ilə aşıq Şakir Hacıyevə "Əməkdar Mədəniyyət İşçisi” fəxri adı verilmişdir. 1967-ci ildə aşıq Şakir Ümumittifaq Özfəaliyyət İncəsənəti Festivalının respublika baxışında qazandığı yaradıcılıq uğurlarına, eləcə də 1972-ci ildə keçirilmiş respublika miqyaslı təntənəli müsamirədə birinci dərəcəli diplomlarla təltif olunmuşdur. Aşıq Şakir 2 dastanın, 20-yə qədər qoşma, gəraylı və müxəmməsin müəllifidir.

1957 və 1960-cı illərdə Bakıda nəşr olunmuş "Aşıqlar”, 1970-ci ildə nəşr olunmuş "Aşıq sözü” kitablarında aşıq Şakirin onlarca şeir və qoşmaları dərc edilmişdir.

Aşıq Mirzə Bilal məktəbinin yetirməsi olan sənətkar özü də ifaçılıq qüdrətinə görə bir məktəbə çevrilib,Şirvanaşıq sənətinin inkişafında müstəsna xidmətlər göstərib. Aşıq Şakir saz havalarını və muğamı ustalıqla sintez edərək fərqli ifa tərzi yaratmağa nail olmuşdu. Şirvan məktəbi onun şəxsində tərəqqi dövrünü yaşayırdı, söyləsək, yəqin ki, yanılmarıq.

Onun lirik havacatları ilə yanaşı oxuduğu şux və oynaq ritmlər də xalqın yaddaşında əbədi olaraq yaşayır. "Kəndimiz”, "Maral”, "Telli sazım”, "Nə bağ bildi , nə də bağban”, "Şirvan şikəstəsi”, "Döymə Kərəm”, "Bakı”, "Bala nərgiz” havalarını yəqin ki, sazsevərlər ömür boyu unutmayacaqlar. O, muğam sənətinin də mahir bilicisi və bənzərsiz ifaçısı olmuşdur.

Aşıq Şakirin bir vaxtlar yaşadığı küçəyə onun adı verilmişdir. Həmçinin Kürdəmir rayonunda bir kənd mədəniyyət evi aşıq Şakirin adını daşıyır.

Aşıq Şakir 1979-cu ildə aprelin 10-da, 57 yaşında vəfat etmiş və Kürdəmir qəbiristanlığında dəfn edilmişdir.

Yaqut Bahadurqızı

Filologiya üzrə fəlsəfə doktoru