NATURALİST YAZI

İRADƏ TUNCAY
63351 | 2008-06-07 18:44

Naturalizm terminini sənətə, ədəbiyyata fransızlar gətiriblər - amma sözün kökü latın dilindən gəlir. Natura - təbiət deməkdir, naturalizm - təbii. Naturalizmin tədqiq obyekti müxtəlif fizioloji proseslərin fonunda insan xarakteridir. Yəni bu cərəyanın estetikası başlıca olaraq fiziologiyaya əsaslanır. İlk vaxtlar sənəti gerçəkliyə yaxınlaşdırmaq, fərdi xüsusiyyətli canlı xarakterlər yaratmaq meylləri sonralar adamların özəl əlamətlərinin bioloji cəhətdən izahı insan psixikasının qeyri-normal təzahürlərinə hədsiz maraqla əvəz olundu. Naturalizmin vəzifəsi insan xarakterini eksperimental şəkildə öyrənməkdir. Sənət əsəri "insani sənəd" kimi götürülür, əsas estetik kriteriya isə bu əsərdə əks olunmuşların gerçəkliyə nə dərəcədə uyub-uymamasıdır. Deyək ki, bu cərəyanın ən görkəmli nümayəndələrindən biri olan Emil Zolya öz əsərlərində insanların məişətini, həyat şəraitini təsvir edəndə bütün təzadların, mübarizələrin kökünü göstərə bilir və izah edə bilir. İnanır ki, cəmiyyətin maariflənməsi fəsadları ortadan qaldırmağa imkan verəcək. Naturalistlər belə düşünürdülər ki, elm kimi ədəbiyyat da material seçimdə müstəqil ola bilməz. Yazıçı üçün ayıb mövzular və yararsız süjetlər yoxdur. Əksinə, bütün kobud, qaba həyat həqiqətləri ədəbiyyata mövzu ola bilər, eləcə də bütün heyvani instinktlər də, biologizmlər də. Salvador Dalinin rəsmlərini xatırlayaq - burda nələr yoxdur? İnsan ekskrementləri, qan, parçalanmış bədən fraqmentləri və s. Hər halda belə bir fikir var ki, modernizm də naturalizmdən qaynaqlanır.
   
    Tələbə olanda, ədəbi fəlsəfi cərəyanları öyrənəndə bizə deyirdilər ki, naturalizmin bir çox nümayəndələri mürtəce-idealist mövqedən çıxış edirlər və naturalizmin əsas məqsədi gerçəkliyin surətinin çıxarılmasıdır. Dialektik və tarixi materializm cəmiyyətə və insana naturalistcəsinə yanaşmağı rədd edir.
   
    Həmin bu naturalizm sözü ilə ilk təcrübi tanışlığım Dövlət Televiziyasında işə başladığım illərdə oldu. Nəyinsə gerçək, bəzək-düzəksiz təsvirini göstərəndə baş redaktorumuz Nahid Hacızadə o dəqiqə üstümüzə qışqırırdı - "bu nə naturalizmdi, yığışdırın!". Biz də qorxa-qorxa proqramı yenidən montaj edərdik və ekrandan ancaq gül-çiçək, gözəllik görünərdi. Prinsip etibarilə indi də çox şey dəyişməyib. Ancaq baxırsan ki, bəzi televiziya kanallarında, realiti şoularda var və çox eybəcər görüntülər çıxır meydana. Məsələn, mənə görə, yarışma proqramlarının hamısı xalis naturalizmdi ki var. Millətin necə xəstə təfəkkürlü olduğunu göstərirlər. Axı bu cəmiyyətdə ağıllı fərdlər də var. Amma onları görmürük. Çünki onlar tənqidi realizmin nümayəndələridi. Gördüyümüz nədi? Sosializm realizmi ilə naturalizmin qarışığı. Yəni indi bizim mənsub olduğumuz ideologiya ancaq bu cərəyanları qəbul edir. Bunları özləri bilərlər, nə istəyirlər, göstərsinlər. Mənim dərdim başqadır. Gözümü yumub yanından tez-tələsik ötüb keçsəm də iyi-qoxusu düz otağıma vurur. Bütün günü bu qoxunun "xoş təsiri" altında işləməyə məcburam - tualet qoxusunun. Əvvəldən xəbərdar eləmişəm, yazı naturalist yazıdı).
   
    Bu yaxınlarda mətbuatda oxudum ki, doğma nəşriyyatımız xaricdən yeni çap avadanlığı alacaq. Lap oxumasam da pəncərədən görürəm ki, arxa tərəfdən böyük vüsətlə tikinti işləri aparılır. Bu xəbəri eşidəndə sevindim, çox sevindim, lap çox sevindim. Deməli, bizim qəzetlərin də qəşəng, gözəl çap olunmaq şansı olacaq. Amma tutalım, qəzetlər gözəlləşdi, bəs bu qəzetlərdə çalışanların iş şəraiti necə? Bəs tualetlərin durumu necə? Deyək ki, bizim nəşriyyatda ayrı-ayrı mərtəbələrdə bəzək-düzəkli redaksiyalar da var, rəhbərlik də özünə qəşəng rezervasiyalar düzəldir, amma onların tualetləri də ayrıdı, açarları da özləri ilə gəzdirirlər. Bizim kimi gettolara sığınmışlar da ümumi, ictimai tualetlərdən istifadə etməyə məcburdurlar. Həmin sözü tez-tez işlətdiyimə görə üzr-zad istəmirəm. Yemək-içmək, nəfəs almaq və başqa şeylərlə bərabər bu da təbii, fizioloji prosesdir və bütün canlılar da özlərinin fizioloji tələblərini ödəyirlər. Özü də insanlar bu məkanda gigiyena tələblərinə əməl etmək məcburiyyətindədirlər. Əks halda min cür xəstəliyə yoluxa bilərlər. Yenə tutalım, özünə zor eləyib bu tualetdən istifadə eləmədin, birtəhər evə çatdırdın, bəs bu dəhşətli üfunətin içində necə işləyəsən?
   
    Əvvəl bizim mərtəbədə ancaq kişilər üçün tualet vardı. Elit təbəqə özlərinin ictimaisini açarladıqlarından deyindik, danışdıq, cibimizdən pul verdik , həmin görkəmli məkanı iki yerə böldülər. İndi birinin əvəzinə ikisinin qoxusu vurur koridora. Bu qoxu da elə bir şeydi ki, rəhbərliklə proletariatı bir-birindən ayırmır. Amma görünən budur ki, kimsə narahat deyil. Hamıya xoşdu. İş bundadır ki, bu ictimai tualet məsələsi bütün məmləkət üçün problemdi. Yalandan-palandan turizmdən danışıb qulaqları yağır eləmək lazım deyil. Mən bu qədər ölkələrdə olmuşam, oralarda heç bir tualetdən tualet iyi gəlmir, əksinə, ətir iyi gəlir. Əgər görünməmiş templərlə Avropaya doğru gediriksə, yekə-yekə binalar tikiriksə, gözəl-gözəl maşınlarda gəziriksə, bu mədəniyyəti də özümüzdə formalaşdırmalı deyilikmi? Bizim millətin tualetdən istifadə qaydalarını öyrənmək üçün maarifçi kurslara ehtiyacı var. Kompüter, dil kursları kimi. Müharibədən sonra hərə bir dağdan enib şəhərə, burda da tualet daxil öyrəniləsi çox şeylər var. Fikir vermisinizmi, şəhərin küçələrindən, divarlarından nə iyi gəlir? Təbii ki, yayda yağış yağmır, təbii ki, küçələr də yuyulmur, insanların da mədəniyyəti məlum. Belə yerə turist gələcək? Onlar bu məsələlərə çox böyük diqqət verirlər.
   
    Əşi, bu küçələr sözgəlişi yadıma düşdü. Uzaqbaşı şəhərə gəzməyə getməzsən, ictimai nəqliyyatdan istifadə etməzsən, insanlarla ünsiyyətdə olmazsan, bəs iş yerində necə olsun? Otaqlarımızda oturmaq mümkün deyil. Özü də bu təkcə bizə aid deyil. Bütün idarə və təşkilatlar bu gündədi. Tarixən, ənənəvi olaraq. Ona görə deyirəm ki, bu sahədə maarifçilik işinə böyük ehtiyac var. Tutalım, xaricdən avadanlıq gətirdik - bunları işlətməyə baş da lazımdı, ya yox. Mənə qalsa, birinci növbədə tualetdən istifadə qaydalarını öyrədəcək instruktorlara da ehtiyac var. Desin ki, tualetdən çıxandan sonra suyu çəkmək lazımdır, tualet kağızını zibil qabına atmaq lazımdır. Desin ki, tualetləri təmizləmək lazımdır. Təmizlik demişkən, hətta Türkiyədə bu işləri görən adamların üst-başına baxanda adamın ürəyi açılır. "Təmizlikçi" sözünə tam uyğun gəlirlər. Xüsusi uniformaları da var. Bizdə isə elə xarici görkəmləri ürək bulandırır. Belə çıxır ki, xadimədisə əyni də çirkli olmalıdır.
   
    Bura vağzal deyil ha, mətbuatın gül-çiçəklərinin yığışdığı məkandı. Çox fikirləşirəm ki, bundan çıxış yolu nədir? Hər tualetin qapısına bir polis qoyası dg Bizim buralarda bir kişi var, deyəsən, böyük vəzifəli adamdı, çünki bütün günü hamını söyə-söyə gəzir. İcarə haqqını bu yolla alır, amma tualetlərə heç fikir vermir. Bir də bizim mərtəbədə fikir vermişəm bir qız var, çox dik-dik yeriyir, tualetin açarları da ondadı. Soruşub-eləmişəm deyiblər ki, rəhbərliyin xüsusi imtiyazlı nümayəndəsidi. Əvvəl ağlımdan keçirtdim ki, ay yazıq, camaata qızıl-brilyant alırlar, ev-maşın alırlar, sənə də ictimai tualetin açarlarını etibar eləyiblər. Amma sonra bu qərara gəldim ki, bizim gerçəklikdə tualet sahibəsi olmaq da bir statusdu. Özü də nəzərə alsaq ki, ölkədə nə qədər avara, savadsız, şantajist, reketir, vəhşi var yığışıb bu binaya, mənzərə aydınlaşır. Bu yaxınlarda qonşu qəzetlərdən biri baş çobanın (indi baş redaktorun) əmək kitabçasının surətini qəzetdə dərc eləyib. Mən burda bir qeyri-adilik görmürəm. Vaxtilə baş çoban olub, indi də dağlar əldən gedəndən sonra olub baş redaktor və bu yolla pul qazanır. Və onun şantaj elədiyi vəzifə sahiblərinin də çobandan fərqli olduğunu kimsə iddia eləyə bilməz. İndi böyük-böyük kürsüləri qamarlayanlar dünənə qədər heç kim idi. Elə həmin qonşu qəzetin hörmətli bir müxbiri axşamacan redaksiyanın otaqlarında bozbaş bişirir. Bu adamın da içində böyük bir kulinar potensialı yatır. Yemək bişirməyə başlayanda tualetin üfunəti ilə soğanın iyi qarışır bir-birinə. Sonra da yağlı qabları gedib həmin tualetin əl yuyan yerində yuyurlar. Yağ da bütün deşikləri tutur, çirkab qalır əl-üz yuyanda. Bu mənzərəni gözünüzün qabağına gətirin. Ya da çayı tökürlər tualetin içinə. Ay aman, sonra da həmin qablarda yemək yeyirlər. eyillər. Həm də polisin də bu məkandan doğru-düzgün istifadə edəcəyi sual altındadır. Elit təbəqə ilə sadə xalqı mərtəbə-mərtəbə ayırmağın da xeyiri olmayacaq, qoxu-üfunət hər tərəfə yayılacaq. Bəlkə xaricdən birdəfəlik istifadə üçün tualetlər idxal edək? Yeni binada yeni avadanlıqlar və birdəfəlik tualetlər. Gözəl perspektivdi, deyilmi? Ya da yeni işə götürülən adamlara sorğu anketləri verilsin və ilk sual da belə olsun: "Evinizdə tualet görmüsənmi, tualetdən istifadə edə bilirsənmi?"
   
   
   
    ***
   
   
   
    Mən adıyla məzmununun bu qədər uyğunlaşdığı bir məkan tanımıram. Yəni bir tərəfi elə, bir tərəfi belə, biri üçün yaxşı, biri üçün pis. İşıqlarımız yanır-sönür, kompüterlərimiz sıradan çıxır - dillənmirik, qışda soyuq olur, yayda isti - dillənmirik, heç bir şəraitimiz yoxdur - dillənmirik, amma vallah, bu üfunətin iyinə dözmək olmur.Deyəsən, mən bu yazımda bütün "izm"ləri qatdım bir-birinə. Tualetlərdən dəhşətli qoxu yayılır - bu, naturalizmdi. Hələlik təmiz tualetlərin açarı dik-dik gəzən qızın əlindədi - bu, realizmdi. (Açarları vermir, düz eləyir, vəhşilər nə bilir tualet nə deməkdi? Amma burda da, deyəsən, mürtəce burjua yazarının sinfi mahiyyəti üzə çıxır). Mən bu iş şəraitindən narazıyam - bu, tənqidi realizmdi. Binanı təmir edirlər və yeni çap avadanlığı gətirirlər - bu da sosializm realizmi. Deyəsən, postmodern heç nə olmadı...

TƏQVİM / ARXİV