adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
02 Iyul 2020 11:47
21686
SİYASƏT
A- A+

“Kül başına Amerika, gör, sənə kim yardım göndərir…”

Xəbər verdiyimiz kimi, işğal altındakı torpaqlarımızda qondarılmış separatçı-terrorçu rejim pandemiya ilə mübarizə aparan ABŞ dövlətinə guya Xankəndində və digər məkanlarda istehsal olunan maska və spirtli içkilərdən ibarət rəmzi yardım yollamağa hazırlaşır. Görəsən, belə bir gülünc yardım gerçəkləşərsə, rəsmi Vaşinqton buna nə cür reaksiya verər, qondarma rejim rəhbərliyinə açıq təşəkkür bildirərmi?..

Mövzu ilə bağlı sual etdiyimiz sabiq Xarici İşlər naziri Töfiq Zülfüqarov Moderator.az-a açıqlamasında belə deyib:

"Bilirsiz, bəzən biz özümüz işğalçı Ermənistanın özü bir yana, işğal altındakı torpaqlarımızda qondarılmış bu separatçı rejimin varlığını süni şəkildə şişirdirik. Düşmənin yaydığı, bizim də bəzən payaşdığımız, şərhlər verdiyimiz informasiyalardan belə anlaşılır ki, guya bunlar dünya güclərinin hesablaşdığı bir qurumdur. Halbuki, mən özüm də 1990-1991-ci illərdə o vaxt Xankəndidə yerləşən Qarabağ üzrə Təşkilat Komitəsinin tərkibində o torpaqlarda olmuşam. Və yaxşı bilirəm ki, Xankəndidə o zamankı Vilayət komitəsinin binasında əyləşəndə bir pəncərədən baxırdın Şuşa görünürdü, o birindən isə Ağdam… Muxtar vilayətdəki ermənilərin hələ şişirdilmiş sayı guya 120 minə yaxın idi. İndi heç onların yarısı da qalmayıb həmin torpaqlarda… Bununla hansı "müstəqil dövlət”dən, siyasətdən danışmaq olar?.. Odur ki, erməni rejimi pandemiya dövründə Ağ Evə yarınmaq məqsədilə dediyi yardımı Amerikaya yollasa belə, ABŞ rəsmi qurumlarının, çox güman ki, bundan heç xəbəri də olmayacaq. Və düşmənlər ABŞ-dan heç bir təşəkkür-filan ala bilməyəcəklər…”

Azərbaycanın keçmiş baş diplomatı separatçı rejimin Amerikaya yardım etməsi xəbərinə qarşılıq olaraq satirik, həm də ibrətamiz bir misal da çəkib.

"Qondarma separatçı erməni rejiminin pandemiya ilə bağlı ABŞ-a yardım göndərməyə hazırlaşmaqlarını eşidəndə yadıma uşaqlıqda böyüklərin Sovet rejimi barədə söylədiyi bir hadisə düşdü…
Məlumdur ki, 1960-cı illərdə SSRİ-də çörək qıtlığı olub… Bir dəfə səhər tezdən dükanlardan birinin qarşısında camaat ucu-bucağı görünməyən çörək növbəsinə düzülüb. Hər kəs həyəcan içində gözləyir ki, görəsən, mənim növbəmə çörək qalacaq, yoxsa yox… Bu vurhavurda yaxınlıqdakı pionerlər sarayından böyük bir dəstə şort geyinmiş qırmızı qalstuklu oğlan və qız təbil, şeypur çala-çala hay-küylə çörək növbəsinin yanından keçərək Lenin meydanına sarı gedirlər. Adamlar biri-birindən soruşur ki, görəsən, bu uşaqlar nədən belə izdiham yaradıblar. Növbədəki ziyalı görkəmli eynəkli biri cavab verir ki, Amerikanın Kubaya qarşı siyasətinə etiraz nümayişi keçirirlər. Bunu eşidən ayaq üstdə zorla dayanan əli çəlikli bir qoca istehza ilə qımışıb belə deyir:

"Kül başına Amerika, gör sənə kim xox gəlir?!.. Vətəndaşına doyunca çörək verə bilməyən bir ölkənin ac pionerləri…”

İndi də ermənilərin bəhs etdiyimiz gülünc təşəbbüsünü eşidəndə adamın ürəyindən istər-istəməz bu fikir keçir: "Kül başına Amerika, gör sənə kim yardım edir…”


Dəfələrlə deyirik ki, separatçı rejimin 1990-cı illərdən biri sinirlərimizlə oynayan bu cür oyunlarına, eləcə də onların torpaqlarımızdakı məskunlaşma cəhdlərinə son qoymağın yeganə yolu hərbi əməliyyat keçirib hüquqi ərazilərimizi azad etməkdir. Amma Rusiyanın və ya digər dövlətin hansısa nazirindən hücuma keçmək üçün icazə almaqla özümüzü gülünc vəziyyətə salmamaq şərti ilə…”- deyə Tofiq Zülfüqarov fikrini tamamlayıb.