SORĞU

İRADƏ TUNCAY
60044 | 2008-05-17 18:56

Səhifəmi düzəldirəm. Mövzu nə olsun, səhifənin qəhrəmanı kim olsun? Əşi, nə fərqi var? Yazının o yanına-bu yanına əl gəzdirəndən sonra məlum olacaq da. Deməli, belə, birinci mövzularımızı müəyyən edək. Təbii ki, ilk növbədə siyasət, sonra nə olsun - cəmiyyət, sonra mədəniyyət, ədəbiyyat, sonra idmaniyyət, pardon, idman, sonra hava proqnozu. Heç nə yaddan çıxmadı ki? Nə fərqi var, onu da iş prosesində düzəldərik. Hər hansı bir sahədə siyasət mövcud olduğundan siyasəti önə çıxarmaq normaldı. Qalır adamlara zəng edib sorğu keçirmək. Telefonu qaldırıram:
   
    - Alo, salam-əleyküm, dünyada baş verən proseslərə münasibətiniz necədir?
   
    - Çox pis, çox pis. Məni çox narahat edir. Metroda qiymətlər bahalaşsa neyləyəcəm?
   
    - Metro yox ey, dünyada gedən proseslər.
   
    - Mən də onu deyirdim də. Hər gün işə metro ilə gedib-gəlirəm. Səfər yoldaşlarım olan neçə-neçə beynəlxalq icmalçı, politoloqlar var. Adamlar qatarın içində bir-birinə sıx-sıx sarılıb şirin-şirin söhbət edirlər, hər mövzuda. Dünyanı da müzakirə edirik. Qiymətlər bahalaşsa, metro boşalacaq. Biz harda danışıb, bölüşəcəyik?
   
    - Körpülər nə günə durur?
   
    - Bax, bunu heç fikirləşməmişdim. Sağ ol. Yola körpü salan söhbətlər edərik.
   
    - Hər halda sizin fikrinizi bilmək istərdim...
   
    - Dud... dud... dud...
   
    Siyasi sorğu alınmadı. Növbədə nə idi? Hə, cəmiyyət. Nömrəni yığıram:
   
    - Alo, hər vaxtınız xeyir. Cəmiyyətimiz haqqında nə düşünürsünüz?
   
    - Nəə?
   
    - Cəmiyyət haqqında.
   
    - Cəmiyyət nədi?
   
    - Yəni biz hamımız.
   
    - Sizi bilmirəm, amma bizim 75 yaşlı bir qonşumuz özünü asıb, başımız qarışıqdı. Qonşuluqda ayıbdı, gedib kömək eləyirik.
   
    - 75 yaşında? Necə olub bəs, o yaşda qadın özünü ipə necə keçirib?
   
    - Olub da. Gəlin deyir ki, Amerikanın böyüyü Buş hindistanlıların çox yeməyindən şikayətlənəndən sonra arvad heç özündə deyilmiş.
   
    - O da hindistanlıdı?
   
    - Yox, ay bala. Amma biz də qara millətik də. Arvad deyirmiş ki, evində-eşiyində qara günün baisi özüdü. Çox yeyir, ona görə ailə kasıblayıb. Danışmağa vaxtım yoxdu.
   
    - A...
   
    - Dud... dud... dud...
   
    ... Bu da alınmadı. Görək mədəniyyətdən mədəni-mədəni danışan birisini tapa biləcəyəmmi:
   
    - Alo...
   
    - Bəli, ah...
   
    Səs ağlar gəlir, amma cavan qız səsidi:
   
    - Salam xanım, sizi narahat eləmirəm ki, sorğu keçiririk.
   
    - Sorğu? Televizorda verəcəksiz?
   
    - Yox, televizorda yox, qəzetdə.
   
    - Ee, mən qəzet oxumuram. Eybi yox, siz soruşun.
   
    - Mədəniyyət...
   
    - Mədəniyyət? Çox doğru seçmisiniz məni. Bütün yarışmalarda iştirak eləmişəm.
   
    - Hansı yarışmalarda?
   
    - Televizorda göstərmirlər, onlarda. Mən də artist olmaq istəyirəm. İstəyirsiniz sizin üçün oxuyum?
   
    - Yox, zəhmət çəkməyin. Qəzetdə oxumağı göstərmək olmur. Bəlkə sirkə gedəsiz?
   
    - Sirkə niyə?
   
    - Bəs oxumamısız, İlhamə xanım deyib ki, artist sirkdə olar?
   
    - Mən dedim də, qəzet oxumuram. Ancaq televizora baxırdım, onu da dünəndən atam qadağan edib.
   
    - Qadağan niyə?
   
    - Ən baxımlı kanalda gecələr bir proqram var ey, sözləri düzəldirsən, tapırsan, sənə pul vəd verirlər. Mən də yüz manat qazanmaq istəyirdim. Bir atalar sözü yazmışdılar, atam baxdı, ən baxımlı kanalı dəyişdirdi.
   
    - Atalar sözünə görə?
   
    - Hə də, hərflərin yerini dəyişdirəndə söz birtəhər görünürdü, özü də çox böyük yazmışdılar, bütün ekranı tuturdu.
   
    - Hansı söz?
   
    - Utanıram ey...
   
    - Ekranda böyük hərflərlə yazıblarsa, sən niyə utanırsan, de görək.
   
    - Vallah, utanıram. Yaxşı, mən sözü deyim, siz hərflərin yerini dəyişin, televizordakı alınsın. Kəsir...
   
    - Nə kəsir?
   
    - Yəni "kəsir" sözünü deyirəm.
   
    Beynimdə mümkün variantları götür-qoy edirəm, niyə ayıb olsun? Birdən ağlıma gəlir:
   
    - Aaa, həmin sözü yazmışdılar?
   
    - Yalan demirəm ki. Düz yarım saat saxladılar efirdə. Sonra bir kişi zəng elədi, atalar sözünü tapdı, pulu qazandı. Ara yerdə atam hirsləndi... Siz qəzetdə işləyirsiniz? Deyin də məni də televizora çıxarsınlar.
   
    Bu dəfə dəstəyi özüm asıram. Əlim yağlı olsa... Mədəni söhbət də alınmadı. Bir az nəfəs alıram. Pəncərəni açıram, hava əvəzinə toz dolur otağa. Bəlkə havadan danışaq? Nömrəni yığıram. Telefondan əvvəlcə öskürək səsi gəlir:
   
    - Öhö... öhö...
   
    - Salam-əleyküm.
   
    - Salam... Öhö... öhö...
   
    - Sorğu keçiririk. Dünyada iqlimin dəyişməyindən, havalardan...
   
    - Dünyanı bilmirəm, amma bizim evin bir yanında ev tikirlər, o biri yanında da daşları yonurlar, öhö... öhö... Hamısını görürsən, daha doğrusu, eşidirsən.
   
    - Myanmada qasırğa oldu, Çində zəlzələ...
   
    - Hə, neyləyim? Mənə nə? Bir qasırğa da bizə lazımdı ki, bu acgözləri silib-süpürsün. Nə torpaq qalıb üstündə gəzək, nə hava qalıb nəfəs alaq.
   
    Söhbət deyəsən havadan siyasətə yönəlir. Qaytarmaq istəyirəm iqlim məsələlərinə:
   
    - Çində zəlzələ Olimpiya oyunlarına mane olmaz ki?
   
    - Ay qızım, mən nədən danışıram, sən nədən? Çin harda nə oynayacaq, özü bilər. Öhö... öhö... Mən öz havamı oynamaq istəyirəm. Sağ ol...
   
    Belə toz-dumanın içində "sağ olmaq" nə qədər mümkündürsə... Olimpiya oyunlarından danışmışkən, bəlkə idman haqqında da nəsə soruşum. Yox, ardıcıllığı bir dəfə pozduq da. Ədəbi proseslər, ədəbiyyat haqqında danışaq. Amma telefonun o biri ucundan deyirlər ki:
   
    - Mən idmançı babayam, ədəbiyyatdan-zaddan xəbərim yoxdu.
   
    - Aa, onda idmandan danışaq. İndi çox aktual mövzudu. İdmanın hansı növü ilə məşğulsunuz?
   
    - Məşğul idim, yəni boksla. İndi cangüdənəm.
   
    - Çempionluq-filan, medallar?..
   
    -Hamısından var. Amma onlar çörək vermir adama. Xozeyin yaxşı pul verir.
   
    -Razborkaya gedib adam döyürsünüz?
   
    - Nə fərqi var, rinqdə adam döydün, ya belə. İkisi də döyməkdi də.
   
    - Bəs qorxmursunuz? Bir məşhur çempionu belə işlərə görə tutdular axı?
   
    -Hamını tutmurlar. Gərək çaşmayasan. Bağışlayın, mobilim zəng çalır.
   
    ... Nəsə sorğu alınmır ey. Yəqin əvvəldən işimi düz tutmadım. Gərək tanıdığım adamlara zəng vuraydım. Onlar da ütülü-sığallı cavablardan verəydilər, səhifə də dolaydı. Bəlkə yazıçılara telefon eləyim? Yoox, orda da əməlli boks yarışması gedir. Bütün icazəli-icazəsiz üsullardan istifadə etməklə. Rinq - kimsə nokauta düşür, kimisə noqdauna salırlar. Yaxşı ki, yazıçıların maqazin proqramı yoxdu. Yoxsa, bütün mövzuların panoramını göstərəcək bir şou alınardı.
   
    Yaxşı, indi neyləyim? Sorğu alınmadı. Televizorda pis sözlər yazıldığından ora baxmıram, qəzetlərə göz atıram. Məmləkət belə qaynar hadisələrlə zənginiykən mən mövzu tapmıram. Məsələn, Qusarda dinozavr skeleti aşkarlanıb. Nə isə, son vaxtlar şimal bölgəsində skelet, kəllə-sümük tapmaq həvəsi güclənib. Görəsən, bu dinozavr da soyqırıma uğrayıb?
   
    Sonra yazıblar ki, "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna əlavə və dəyişikliklər müzakirə olunub. Bundan sonra uşaqlar da mitinqlərdə iştirak edə biləcəklər. Özü də valideynlərin razılığı ilə. Təhsil Nazirliyi isə yeni tipli uşaq bağçaları yaratmaq niyyətindədir. Yaxşı fikirdi, elə həmin uşaqları bağçadan birbaşa mitinqlərə gətirmək olar. Onsuz da bütün parklar zəbt olunub, uşaqlara gəzməyə yer yoxdu. Diplomatik korpuslar isə parkları əlimizdən alsalar da, jurnalistlərin taleyi üçün çox narahatlıq keçirirlər. Ermənilər isə Amerika diplomatları ilə çəkişirlər. Bizimlə də çəkişirlər, amma biz onları cavab atəşi ilə susdururuq. Qəzetlərdə belə yazılıb.
   
    Burda "hepatit C" virusunu həkimlər yayır, orda isə (yəni xaricdə) həkimlər məhv olmuş qara ciyərləri dəyişirlər. Burda keçmiş səhiyyə nazirinin şikayəti təmin olunmur, burda heç xəstələrin də şikayəti təmin olunmur. Həbsxanadakı məhbus evində ölmək istəyir, amma evdəkilər də ölmək istəyirlər. Bir gündə dörd intihar- hamısı da özlərini asıblar. Kəndir satmağı mütləq qadağan etmək lazımdı. Yeznə-qayın ev üstündə məhkəməlik olublar, amma biri Amerikada yaşayır, biri burda. Orda Buş qızına toy elədi, zəngin süfrə açdı, amma bizdə deyəsən yeyib-içməyə embarqo qoyduracaq. Amma buna baxmayaraq, qida sənayesi sərgisi də açılıb burda. Burda həm də Ağcabədinin hava proqnozlarında adının niyə çəkilmədiyindən də narazıdırlar.
   
    Vay dədə... Denən, bu qədər məlumat varkən, sorğu nəyə lazım imiş? Ən yaxşısı budu hava məlumatını oxuyum, sonluq olaraq. Deyir göy üzü tutqun və buludlu olacaq. Mən əlavə eləyim - göydən palçıq yağacaq...

TƏQVİM / ARXİV