adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

Əzizə İsmayılova: Səhv olanı, amma gözəl görünməli olanı seçdilər

ƏZİZƏ İSMAYILOVA
56499 | 2020-06-30 10:16

Bilirlər ki, dedikləri yenə bumeranq kimi özlərinə qayıdacaq, bilirlər ki, əslində etməli olduqları şey tam başqa idi amma etmədilər. Səhv olanı amma gözəl görünməli olanı seçdilər-bunu çox gözəl bilirlər. Ola bilməz ki, bilməsinlər.

Oxuyursan, şok olursan. Yenə də şairanə pafos, yenə də bərli-bəzəkli ittihamlar... Yenə onlar düz edib, millət səhv anlayıb.

Bir sual verin özünüzə "axı niyə düz dediyimiz hər şey cəmiyyətdə səhv anlaşılır? Niyə "yaxşı" dediyimiz heç nəyin sonu yaxşı ola bilmir? Bəlkə biz nəyisə düz demirik və ya etmirik? Bəlkə səhv olan tərəf bu dəfə bizik?" Niyə qaçırsınız öz aranızda bu sualların cavabından?

Bu gün "Biz etmədik, bizlik deyil", sabah "biz yaxşı etmək istədik, siz pis başa düşdünüz" demək nəyi dəyişir?

İnamı, etibarı qaytarmağın yolu, əsassız ittihamlardan keçmir, cənablar. Hətta qarşınızdakılar lal-dinməz bu ittihamları yeməli olsa da, görməzdən, eşitməzdən gəlsə də, yenə də ordan keçmir. "Düşmən dəyirmanına su tökənlər" deyib üstündən keçməklə düzəlmir, düzəlməyəcək.

İnanın ki, bu yol səmimiyyətdən keçir... Səmimiyyət mümkün olmayan yerdə ən azı susmaq mümkündür, zənnimcə.

O boyda kobud səhvlərə göz yumandan sonra dünən bir, bu gün başqa cür fikir deməklə, heç nə qazanmırsınız. Əksinə sabah deyəcəyiniz fikirlərin üstündən də bu gündən qalın bir xətt çəkmiş olursunuz...

İnsanları, cəmiyyəti eşidin, yurdumun insanları. Sizə sidq ürəklə inanmağımızın yolu, bizə az da olsa inanmağınızdan keçir...

Nahaq, əvvəlcə uçurum yaradan, sonra da "düzəldirəm" deyibən, bu uçurumu dərinləşdirdikcə, dərinləşdirən məsləhətlərin və səhv olduğunu bilə-bilə sizə yaxşı görünmək üçün hər yanlışınıza çəpik çalanların arxasınca gedirsiniz, çox nahaq... İtirirsiniz...

Təəssüf ki, əlimizdən deməkdən başqa heç nə gəlmir. Eşitsəniz də, eşitməsəniz də, çox üzüldüyümü deməsəm olmazdı.


TƏQVİM / ARXİV