adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
29 Iyun 2020 12:54
8387
SAĞLAMLIQ
A- A+

Dr.Tural Sadıqov: Gün gələcək, dünyamızı COVİD-19 adlanan böyük bəladan qurtaracağıq

Bu gün koronavirusa yoluxmuş ən ağır xəstələr Mərkəzi Gömrük Hospitalının Reanimasiya və İntensiv Terapiya şöbəsinə daxil olurlar. Bu şöbənin əməkdaşları bir komanda halında birləşərək virusla mübarizəyə qoşulub əsl fədakarlıq nümayiş etdirir, böyük risk altında gərgin rejimdə işləyirlər. Biz isə reanimatoloqlarımızı sizə bir-bir tanıtdırmaq üçün bu yazıları təqdim edirik.

Bizim reanimatoloqlardan biri – Mərkəzi Gömrük Hospitalının Reanimasiya və İntensiv Terapiya şöbəsinin rəisi, anestezioloq-reanimatoloq Dr.Tural Sadıqovdur.

Dr.Tural Sadıqov 2007-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə profilaktika fakültəsini bitirdikdən sonra 2007-2008-ci illərdə akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində həkim intern kimi çalışmışdır. Əmək fəaliyyətinə 2009-cu ildən dövlət və özəl tibb müəssisələrində həkim-anestezioloq kimi başlamışdır. 2014-cü ildən Mərkəzi Gömrük Hospitalında Reanimasiya və intensiv terapiya şöbəsinin rəisi, anesteioloq-reanimatoloq kimi çalışır. Şöbə rəisi kimi öz komandasına həmişə dəstək olub və işlərinə görə məsuliyyət daşıyıb. Özünə qarşı çox tələbkar olan Tural həkim öz üzərində daim işləyir, biliklərini təkmilləşdirir, müxtəlif konqreslərin işində yaxından iştirak edir.

2019-cu ildə Türkiyənin ən nüfuzlu tibb ocaqlarından biri - Florence Nightingale Xəstəxanalar Qrupunda təkmilləşdirmə kursu keçmişdir. O, bütün fəaliyyəti dövründə ağır xəstələri müalicə edib, mürəkkəb cərrahi əməliyyatlarda anestezioloq kimi çalışmışdır.
Mərkəzi Gömrük Hospitalı ilk koronaviruslu xəstələri qəbul edən andan Dr.Tural Sadıqov ön cəbhədədir - ən ağır xəstələr məhz Hospitalın bu şöbəsinə daxil olur. Yəqin ki, işin ağırlığından, gərginliyindən danışmağa ehtiyac yoxdur.

Tural həkim ailəsindən uzaqdadır, əzizləri onun yolunu gözləyir. Ən çox isə övladları: beş qızı və bir oğlu üçün darıxır. Amma o, nə doğmalarından uzaq düşməsindən, nə narahat geyimindən, nə işin fasiləsizıiyindən şikayət etmir. O, deyir: "Bunlar hamısı müvəqqəti çətinliklərdir. Ailəmi görmürəm, ancaq gecələr telefonla danışırıq. İndi mənim bir arzum, bir niyyətim var: hər gün mənə böyük ümidlə dikilən, imdad diləyən gözlərə həyat eşqini qaytarmaq”...

O, hər dəfə koronaviruslu bir xəstəyə yardım edib ölümün caynağından alanda uşaq kimi sevinir. Və inanır ki, bir gün gələcək, dünyamızı COVİD-19 adlanan böyük bəladan qurtaracağıq.

Dr.Tural Sadıqov deyir: "Tarix boyu xalqları çətin və böhranlı vəziyyətlərdən liderlərin siyasi iradəsi və uzaqgörənliyi xilas edib. Biz, dövlət başçısı ilə birlikdə çox çətinliklərdən, sınaqlardan çıxmışıq. Əminəm ki, koronavirusa da qalib gələcəyik. Əlbəttə, yenə də birlikdə. Çünki, biz birlikdə güclüyük!”