adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
29 Iyun 2020 12:27
87859
ƏDƏBİYYAT
A- A+

MESAJ - BARAT VÜSAL yazır

Sabirabadı Qazax qədər sevirəm.

Təyinatımı ora vermişdilər.

İlk dəfə müəllim kimi orada işləmişəm.

İsti avqust günlərinin birində rayonun mərkəzi bir küçəsində qoyulmuş oturacaqda əyləşib dərin fikrə getmişdim. Kənddən apardığım yüküm, (barxanam)- yorğan-döşəyim içində olan mafrac da böyrümdə...

Birdən bir kişi özümü qərib hiss etdiyimi görüb, məni qurdaladı, yaxndakı çayxanaya getdik. Çay içdik. Aclığım olub- olmadığını soruşdu. Dedi, istəyirsən gedək, hələlik bizdə qal, işin düzələnəcən! Yaxşı yadımdadı, Pakrovkadandı...

Sabirabadı Qazax qədər sevirəm.

Orda Lələş müəllim kimi bir maarif müdiri vardı. Əvvəl yaxına, 15 saatlıq dərs yükü olan məktəbə göndərmək istəyirdi məni .Qazaxdan olduğumu biləndə rayondan çox uzaq olsa da Çölbeşdəli kənd orta məktəbinə göndərdi. İki növbəli məktəbə , qiyabili-zadlı 52 saat dərs yükü olan yerə.

Sabirabadı Qazax qədər sevirəm.

Yanılmamışam, deyəsən, Lütfiyar İmanov kimi dünya şöhrətli bir dahinin ilk beşiyini sevməkdə!

Yanılmamışammış, bu torpaqdan çıxan bir çox istedadlar içində Şahnaz Şahinə,Nisəbəyimə, Nübara, Vəsilə Usubovaya (Allah ruhunu şad eyləsin) qələm dostum, bacım deməkdə !

Mən Çölbeşdəlidə işə başladığım günün səhəri dedilər ki, kəndə " teatr çıxardanlar” gəliblər. Nəsibə Zeynalova ilə Lütfəli Abdullayevgilmiş. O anda elə sandım ki, onlar "teatr çıxartmağa” yox, məni yoluxmağa, məni qəribsəməyə qoymamağa gəliblər.

Sabirabadı Qazax qədər sevirəm.

Sabirabadı görəndə əvvəlcə qorxmuşam. İstidən (istisindən!)

Sonra sərinlənməyi öyrənmişəm.

Sərinliyə,( kölgəliyə) oxşayan insanlarından!

Yolçubəyli kəndinə qohumlarımızgilə gedəndə Kürdə su paraxoduna minmişəm.

Sonralar "Cavad keçidi”ndən də keçmişəm. Bir neçə dəfə o tərəf , bu tərəfə gedib gəlmişəm.

Bərəylə!

Şah İsmayılın bir vaxtlar öz qoşununu keçirdiyi yerdən.

Nadir şah özünü Sabirabadda Kürlə Arazın qovuşduğu yerdə-Suqovşanda şah elan edibmiş...

Sabirabadı Qazax qədər sevirəm.



Çölbeşdəli kənd məktəbində işləyəndə məktəbin yaxınlığındakı bir evdə Ağca nənənin evində qalırdım. Gecələr pambıq dərimindən gec, gecəyarısı gələndə yeməyə heç nəyim olmadığını biləndə məcbur olurdum qapıdakı heyvadan qoparıb yeməyə-alağazlanmağa.

Ağca nənə bir gün görür ki, heyvaya kimsə dadanıb. "Ağzın yoxdumu a bala, sən də yesənə!” dedikdə səsimi çıxarıb dinə bilmədim.

Şinidim.

Sabirabadı Qazax qədər sevirəm.

Amma bura dindar rayondur, unutmaq olmaz. Məktəbimizin direktoru Tapdıq müəllim təkidlə bir gün dedi ki, sən nə cür tarix müəllimisən, niyə ateist tərbiyəsinə fikir vermirsən, divar qəzetindən, bülletendən-zaddan bir şey buraxmırsan?!

Direktor dediyini elədim. Və həmin qəzeti düz onun kabinetinin böyründəki divara vurdum. Gecə zəlzələ qopdu. Məktəbdə həmin yerdən divar çatladı, uçdu. Direktor bir də dinmədi qəzet çıxar, deyə.

Sabirabadı Qazax qədər sevirəm.

Oranın da müdrikləri, şair və şairanə adamları az deyil.

Məktəb çayçısında işləyən qoca bir arvadın atalar misalına bərabər bir sözü hələ də yadımdan çıxmayıb. "Filankəs tutğudu bəd əmələ bir bax:” Otu götürüb od söndürür.”

Aman Allah, Sabirabadda bir dəfə təsadüfən yol üstə bir Anna adlı yaşlı rus müəlliməsiylə rastlaşmışdım. Dərman səpən təyyarənin səsi eşidilən kimi "Lajis” deyib birdən yerə yıxılıb çabalamağa başladı. Onun belə tutmaları hətta sinifdə də dəfələrlə olurmuş. 2-ci dünya müharibəsində faşist təyyarələri evlərini bombalayıbmış. Onda o, balaca qız uşağıymış. Evləri dağılıb, ata-anası həlak olsa da qızcığaz sağ qalıbmış. Amma hər dəfə təyyarə səsi gələndə” tutması” tuturmuş, elə bilirmiş ki, yenə faşistlərdi gələn...

Bu əhvalatları, bu "çırpı ayırtlamaları” nı oxuyub kimsə düşünə bilər ki, bunların nə dəxli şairlə-Şahnaz Şahinlə söhbətə?

Var, dəxli var!

Sevgiyə nəyin dəxli yoxdur ki?!

Nəyin sevgiyə dəxli yoxdur ki?!

Sabirabadı Qazax qədər sevirəm

Başqalarıtək heç də tək qarpızına, pambığına görə yox!

Arazla Kürün qovuşuğunda olduğuna görə (Arazla Kürü qovuşdurduğuna görə.)

Muğana, Şirvana bütövlükdə Azərbaycana böyük dəxli olduğuna görə!

Adamları o dəqiqə adama yovuşan, elə türk simvolu yovşan olduğuna görə!

...İndi keçək əsas nəsələyə, mətləbə.

Bir gün bu sevdiyim yerdən bir mesaj aldım.

Mən səni elə sevmədim,

Mən səni belə sevmədim.

Baratsan, deyə sevmədim,

Allahsan, deyə sevirəm.

Şahnaz xanım yazmışdı bunu (onda Şahnaz Nəsirovdaydı.)

Sən demə, mənə ona görə üz tutubmuş ki, şairliyimlə yanaşı "Allahlığıma " da inanırmış.

Aman Allah, dedim, bu Xanım nağayrdığdı Məni neyləmək istəyir? Allahmı?!

Əstəğfurullah!

Bu xanım dərindən fikir verdikdə gördüm ki, mənim yox, Sözün Allahlaşmağını -(Allahlaşdırılmasını) istəyirmiş.

Və əslində düz də eyləyirmiş.

Bir də ki, nə bilmək olar, bu xanım (bu şairə) ekstaz vəziyyətində olub yəqin ki, bu mesajı yazanda?!

Sözsüz!

Olsun ki, "Ənəlhəq”də demək istəyib.

Bu, mənə göndərdiyi mesajın ilk sətirlərindən daha aydın görünür:

"Əziz qardaşım! Kitabını başladım və bitirdim. İnan buna! Əgər Yaradan bizə şah damarımızdan da yaxındırsa (şübhəsiz, bu belədi,) onda böyük Nəsimi yada düşür.

Və haqdan qələminə tökülən bu misraları köçürən bacın suçludurmu?!”

Bax, mənim sabirabadlı şair və yazıçı bacılarımdan biri belə bacıdır, belə şairdir.

Onun bir şeirlər kitabı haqqında vaxtilə məqalə yazıb çap etdirmişdim.Özü də o kitab çıxandan xeyli müddət sonra. Bir kitabı da var, çoxdandı ki, əlimdə. 2017-ci ildə çıxıb. Ha deyirdim ki, bu kitab haqda da nəsə yazım, fikrimi deyim.Alınmırdı.

"Sevirəm” sözünü adam istədiyinə birdən-birə demir ki? Adam bir az uçunur, bir az udqunur, nə bilim, bir az da özünü unudur və s. Hələ ondan sonra da bir xeyli düşünüb-daşınır: " Desəm , nə olar birdən?” " Deməsəm nə olar, görən?”

Bax, təxminən belə-belə fikirlər, düşüncələr adamı aylarla, bəzən illərlə yorur, üzür.

Yox! Deyəsən, bir az ürəklənmişəm daha. Bir az da yaxınlaşmışam. Nəyə?

Bu kitab haqda da bir-iki söz deməyə.

Ən əsası "Sevirəm” deməyə.

Və sizləri də əziz oxucular , bu sevgiylə (bu sevgimlə) tanış etmək istəyirəm. Və bir daha deyirəm:

Doğrudan da mən Sabirabadı Qazax qədər sevirəm! Qoymaram bu sevgim ölsün! Qoymaram mənim bacım bir daha desin:

Ölən ürəyimizi

Çiynimizə götürək!

Amma istərəm ki, belə desin və yazsın: (özü də həmişə!)

Sən...

Heç vaxt görmədiyin

Səni

Yuxu bilərsən...

İstərəm ki, bu cür yazmağında da davam etsin:

Uzağı qapıya qədərdi,

O yanda ayrılıq yoxdu.

Hələ də təqvimdə mənə

" Sevirəm” dediyin vaxtdı...

...Özümü vurduğum gündü,

Sənə vurulduğum gün ...

...Azadlıq qışqırıb

Töküldü yer üzünə

Tanrının Yağış əsgərləri-

Təpik zərbələrindən

Bağrı çatladı kimsəsiz

Yolların.

Sabah əlimdən tutub

Qaldırdım sahibsiz küçəni...

... Dilənçiyə payladıq,

Sonda sevgimizi də.

...Oxunuram şeir-şeir,

Bilən yox, bircə sətirəm.

...Gözlərim göz yaşımı

Süzür şərəfə!

Gözlərin dolmasın, bacım! Ağlama! Qardaşın ölməyib ha!

Qoymaram ağlayasan!

Hələ indiyədək bir kimsəyə bir kəlməlik də olsun mesaj yazmamışam.Məsələ onda deyil ki, yaza bilmirəm.

Sadəcə adətim belədi.

Mənlik deyil!

Amma indi görürsən ki, özümdən asılı olmadan mən də mesaja oxşayan bir şey yazdım .

Ayrı-ayrı şeirlərindən, "O Sözəcən” kitabından gətirdiyim misallar qoy elə mənim sənə cavab mesajım olsun!

Amma bir şərtlə: heç vaxt heç yerdə göndərmədiyim və göndərmək istədiyim əsas mesaj da öz qüvvəsində qalmaq şərtiylə:

Sabirabadı Qazax qədər sevirəm!

Hörmətlə, Barat Vüsal.