DİN Yasamalda polislərin üzərinə gül atılması məsələsinə aydınlıq gətirdi
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov Yasamalda polisin üzərinə gül atılması məsələsinə aydınlıq gətirib.
DİN-in Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, E.Zahidov bildirib:
Apardığımız araşdırmalar zamanı məlum oldu ki, müxtəlif muğam müsabiqələrinin qalibləri olmuş bir qrup gənc müğənni heç kimin xahişi və təklifi olmadan öz təşəbbüsləri ilə videoçarx hazırlamaq qərarına gəlib. Vətənpərvər gənclərimiz bu təşəbbüslərini onunla əsaslandırıblar ki, onların da ailə üzvləri və yaxınları arasında şəhid olan, Qarabağ müharibəsində iştirak edən polis əməkdaşları olub. Buna görə də həm onların, həm də ümumilikdə polis əməkdaşlarının qarşıdan gələn peşə bayramlarını bu yolla təbrik ediblər.
Görəsən, belə bir vətənpərvərlik nümunəsi sərgiləyən gənclərimizin hansı hərəkəti düşmən dəyirmanına su tökən və bizə məlum olan antimilli qrupun heysiyyatına toxunub? Əlbəttə ki, belələri heç vaxt istəməz ki, vətəndaşlarımız öz dövlətini bu qədər sevsin, onun inkişafı və tərəqqisi üçün əlindən gələni etsin. Biz isə heç bir təmənna güdmədən, öz ürəklərinin səsi ilə belə vətənpərvərlik nümunəsi göstərən gənc müğənnilərimizi dəstəkləyir və onların hər birinə təşəkkürümüzü bildiririk".