adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
25 Iyun 2020 18:28
20308
SİYASƏT
A- A+

Millət vəkili: “Laqeyd vətəndaşlara “stop” deməyin vaxtıdır”

"Əfsuslar olsun ki, bu gün yalnız Azərbaycan deyil, bütün dünya ölkələri bu bəla ilə mübarizə aparır. Vətəndaşlarımız bunu nəzərə almalı və karantin qaydalarına laqeyd yanaşıb, özlərini və ətrafdakı insanları riskə atmamalıdırlar”.

BunuOxu.Az-a pandemiya dövründə karantin qaydaları yumşaldıqdan sonra ölkədə koronavirusa yoluxma hallarının artmasına səbəb olan amillərə, dövlət tərəfindən görülən tədbirlərə məsuliyyətsiz yanaşan şəxslərə qarşı ictimai qınağın formalaşdırılmasının vacibliyinə münasibət bildirən millət vəkili Kamilə Əliyeva deyib.

O bildirib ki, respublikada ilk yoluxma halı qeydə alınandan qabaqlayıcı tədbirlərin görülməsinə başlanılıb:

"Azərbaycan hökuməti xarici ölkələrlə sərhədləri və təhsil müəssisələrini bağlamaqla yerində, düzgün qərar verdi. Məhz bu tədbirlərin sayəsində pandemiya dövrü başlayandan bu günə qədər Azərbaycanda qeydə alınan yoluxma və ölüm sayı digər ölkələrlə müqayisədə çox az idi.

Bu, xüsusilə karantin rejimi yumşaldılana qədər olan dövrü əhatə edirdi. Vətəndaşlar arasında yenə də karantin qaydalarına riayət etməyənlər olurdu, lakin operativ qərargahın karantin rejiminin yumşaldılmasına başlanılması ilə bağlı qərarı insanlar arasında rahatlıq yaratdı. İnsanlarda sanki arxayınlıq yarandı ki, virus bitdi.

Halbuki karantin qaydalarında yumşaldılma qərarı veriləndə də izah olundu ki, bu, hələ virusa qalib gəldiyimiz anlamına gəlmir. Təəssüf edirəm ki, insanlar qoruyucu maskalardan istifadəyə, gigiyena normalarına və sosial məsafəyə əməl etməməyə başladılar. Aydın məsələdir ki, COVID-19-un bu gün tam müalicəsi yoxdur. Hər birimiz operativ qərargah tərəfindən verilən qaydalara riayət etməyə məcburuq. Çətin bir tələb yoxdur. Nə üçün laqeyd yanaşılır?”

K.Əliyeva onu da əlavə edib ki, dövlət tərəfindən atılmış addımlar kütləvi şəkildə ictimaiyyət tərəfindən dəstəklənməsə, bunun xeyri olmayacaq,çəkilən əziyyətlər hədər gedəcək:

"Tez-tez görürəm ki, insanlar arasında hələ də koronavirus infeksiyasının olmadığını deyən, əhaliniinanmamağa səsləyən vətəndaşlarımız var. İnanın ki, bir insanın laqeyd davranışı tək özünü deyil, yaxınlarını, eləcə də digər hər kəsi risk qarşısında qoyur. İnsanlar deyir ki, evdə otura bilmirəm, hava almaq istəyirəm.

Bəs sual olunmur ki, ay vətəndaş, evdə qalıb sağlamlığını qorumaq, zərurət olmadığı halda küçəyə çıxıb, xəstəliyə yoluxub, xəstəxanada ağır vəziyyətdə yatmaqla müqayisədə çoxmu çətindir? Marketə gedirik, ictimai nəqliyyatdan istifadə edirik, parklarda oturub hava alırıq. Amma bütün bunları edərkən tibbi maskalardan istifadə etmək lazımdır.

Bu məsələdə aidiyyəti orqanlar dəfələrlə çağırışlar edir, insanları qaydalara riayət etməyə çağırır. Ölkə başçısı tibbi maskadan istifadə edir, insanlarımıza tövsiyə edir. Lakin görünən odur ki, bu məsələdə ictimai qınağın formalaşmasına ehtiyac var.

Bəlkə, insanlar öz aralarında qaydalara riayət etməyən şəxsləri qınasa, bu şəkildə nəticə əldə edə bilərik. Hər kəs nəzərə almalıdır ki, xəstəxanalarda çalışan həkimlər artıq dörd aydır ailələrini görmür.

Yoluxma sayı stabil olaraq artır və bu, arzuolunan hal deyil. Xəstəxanalardakı xəstələrin sayının artması həkimlərimizin çiyinlərinə daha bir yük qoyur. Pandemiyaya qarşı mübarizə üçün üç milyard manatdan çox vəsait nəzərdə tutulub, 23 yeni laboratoriya alınıb, 600 mindən çox insan lazım olan vəsaitlə təmin edilib, 190 manatın verilməsi müddəti uzadılıb və s.

Ölkə başçısı ölkənin iqtisadiyyatı və vətəndaşları sağlamlığı arasında seçim etdi, insan amilini prioritet seçdi. Dövlətimiz hər zaman Azərbaycan vətəndaşının yanındadır. Amma hər şeyi də dövlətdən gözləmək doğru deyil.

Dövlətin atdığı addımlara məsuliyyətli cavab verib, dəstək olmaq lazımdır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da ölkəmizdə görülən tədbirləri müsbət qiymətləndirib. Bizim bir çıxış yolumuz var. Artıq laqeyd vətəndaşlara "stop” deməyin vaxtıdır. Yalnız birlikdə bu bəladan qurtula biləcəyimizi başa düşməliyik”.