ƏLAC NƏDİR? - İradə TUNCAY yazır

İRADƏ TUNCAY
123985 | 2020-06-20 10:00

Yazı 12 il əvvəl yazılıb. Əlac axtarırdım və bu sual doğmuşdu … İndi çarəsiz bir xəstəliklə üz-üzə qalmışıq ,həm də yalnız biz deyil –bəşəriyyət qalıb. Amma 12 il ərzində səhiyyə sistemimiz bir addım da irəli gedə bilməyib. Əvvəl hamı arxayın idi ki ,nəsə olan kimi xaricə qaçacaq ,indi artıq dünyanın sərhədləri qapanıb. Özümüz əlac olmalıyıq bütün dərdlərimizə. Yalançı sağlıqlar sağlığa çarə olmur !!! SOS !!! 

P.S. 12 ildən sonra yazılan Postskriptum olsun… Nə inciməyək ,nə küsməyək… Bircə əlac var --öyrənmək !!!

Virus(lar)a çarə tapmayınca biz onunla yanaşı yaşamağa məhkumuq . Yaponlar 45-ci ildən bu tərəfə radiasiya ilə yol gedirlər…Həyat bitməyib …

 
***
 
Kimin uşağı xəstələnirsə, evdəki iztirabı, gərginliyi görüb. Hələ üstəlik bu uşaq dilsiz-ağızsız körpədirsə, dərdini deyə bilmirsə, çır-çır çığırırsa və sən də ona heç cür kömək edə bilmirsənsə bu mənzərəni təsəvvürünüzə gətirin. Bütün uşaq həkimləri deyirlər ki, körpələrdə görünən bu vaqeənin səbəbi doğum evlərindən başlayır. Yəni ilkin olaraq infeksiyanı körpənin orqanizminə orda salırlar. Özü də qəribədir ki, bu durum neçə onilliklərdir ki, dəyişmir. Şəxsi təcrübəmdən bilirəm. 25 il əvvəl aprel ayında birinci oğlum doğuldu və xəstəxanadan çıxıb xəstəxanaya girməyimiz bir oldu. Uşağın temperaturu yox, ana südü ilə qidalanır, artımı normal, amma gecə-gündüz ağlayır. Və demək olar ki, yatmır. O vaxt Qarayev adına Uşaq xəstəxanasında guya məşhur bir həkim vardı, məsləhət gördülər, körpəni göstərdik. Necə vay-şivən saldısa, bizi necə qorxutdusa ki, "uşaqda sepsis var, tez, təcili xəstəxanaya getmək lazımdı" - heç bilmədik səhəri necə açdıq. Bir ay xəstəxana künclərində nə çəkdim Allah bilir, uşağa nə qədər antibiotik vuruldu, onu da həmin vicdansız həkimlər bilir (həmin vaxt dərman tapmaq da müşkül məsələ idi). Mən yatdığım şöbədə iki normal adam işləyirdi, yəni işinə doğru-düzgün yanaşan. İki tibb bacısı - biri rus, biri erməni. Nə isə, nə qədər pul xərcləyəndən sonra bizi evə buraxdılar və həmin gecə uşağın vəziyyəti yenə pisləşdi, təcili yardım bizi yenə həmin xəstəxanaya, amma reanimasiya şöbəsinə gətirdi. Həmin şöbədə ahıl yaşlarda olan iki qadın həkim - biri rus, biri yəhudi on günə uşağı sağaltdılar. Və məlum oldu ki, nə sepsis varmış, nə infeksiya, sadəcə bağırsaq dispepsiyasıymış. Köçürülən sistemlərdən körpə əllərinin üstü, vurulan iynələrdən yanı deşik-deşik olmuş oğlumla xəstəxanadan çıxdım və başladım tibb ədəbiyyatı oxumağa. Zorən həkim oldum.
   
      İkinci oğlumda da eyni problemlər yarandı. Amma bu dəfə məcburən rayona getdiyimdən orda da kimsəni başa sala bilmədim və nəticədə yenə əks diaqnoz və əks müalicə. Bakıya qayıdandan sonra özüm işləri yoluna qoydum. İki il sonra həyat yoldaşımın israrı ilə getdiyimiz dünyanın ən varlı şəhərində oğlum zəhərləndi və həmin şəhərin varlı həkimləri elementar bir şey olan mədə yumaq əməliyyatını doğru-düzgün eləmədilər, uşağı ölümcül vəziyyətdə Stepanakertə çatdırdıq və erməni həkimlər yığışdılar başına, uşağı qurtardılar. Olanı deyirəm, heç bir məqsədim yoxdur. Daha doğrusu var - bilmək istəyirəm ki, niyə biz heç bir sahədə peşəkar ola bilmirik?
   
      İndi neçə illər keçib, nəvəm olanda doğum evlərində gördüyüm vəziyyət məni unutmaq istədiyim illərə qaytardı. Yenə çirkli, iyli palatalar, laqeyd həkimlər, biganə tibb bacıları, kirli sanitarkalar. İnfeksiya mənbəyi doğum evləri və ordan xəstə çıxan körpələr. Hələ bu bizim üçün belədirsə, Zeynəb xanım demiş, gör "qara camaata" nə divan tuturlar? Nəvəm xəstəxanadan çıxandan ağlamağını kəsməyib və dörd aydır ki, nə qədər dava-dərman ediriksə də doğru-düzgün diaqnoz da yoxdur. Halbuki sağlam ata-anadan doğulub, çəkisi-boyu düzgün doğulub, hamiləlik dövrü normal keçib. Yaxşı, səbəb nədir? Bilən yoxdur. Və bilən də yoxdur ki, niyə normal doğuşlar get-gedə azalmaqdadır, niyə bütün körpələr doğum evlərindən mikrob buketi ilə çıxırlar? Tibb sahəsində hər il nə qədər elmi müdafiələr olur - bu saydıqlarımı və saymadıqlarımı araşdıran varmı və varsa niyə çarə tapılmır? Əksinə, get-gedə pisləşir. Yadımızdadır ki, Sovet dövründə imkanlı adamlar xəstələnəndə müalicə üçün yaxın yer Tiflis, uzaq isə Moskva idi. Burdakı həkimlərə inanmırdılar. Deyəcəksiniz belə deyildi? Belə idi, belə idi. Çox yaxşı yadımdadı ki, atam xəstələnəndə düz bir il burda diaqnoz qoya bilmədilər. Gah ensefalit dedilər, gah meningitin nəticələri dedilər. Halbuki bu xəstəlik tibbdə çoxdan məlum idi. Və Moskvaya gedəndən üç gün sonra dəqiq diaqnoz qoyuldu. Mənə maraqlıdır ki, bu rusun, erməninin, gürcünün beyninin materialı bizimkindən deyil? Niyə onlar öz peşələrinə, sənətlərinə vicdanla yanaşırlar? Ömrü boyu öyrənməyə çalışırlar, bizi isə hər məsələdə yalnız pul maraqlandırır. Hə, məsələ burdan başlayır- puldan. Hər şeyi pulla ölçəndə olacaqlar budur. 
   
      İndi nəyisə düzəltməyə çalışmaq əvəzinə yanlarından yel ötən kimi hamı qaçır xaricə. Hamı deyəndə ki, imkanlılar. Çox məşhur həkimlər ki var, hətta onları da aeroportda arvad-uşağını xaricə müalicəyə aparanda görmüşəm. Özlərinin məşhur olmaqlarında biliyi yox, başqa vasitələrin yardımı olduğunu bildiklərindən, yəni fikirləşirlər ki, özləri həmin mövqeyə necə çatıblarsa, başqaları da elədir. İnamları yoxdur. Amma, bir amma var. Mən indi bugünki durumda xaricdəki həkimlərin bizə insan müamiləsi yapacağından o qədər də əmin deyiləm. Çünki qara millətik, bizim üstümüzdə nə qədər eksperiment aparmaq olar. Guya nəsə olsa onları məhkəməyə verib təzminat ala biləcəyik - yox, şikayət edə biləcəyik - yox, dünya mətbuatında bu barədə çıxış edə biləcəyik - yox. Heç bir mənada sığortamız yoxdur. Ətək-ətək pul töksək də onlar bizə öz vətəndaşına göstərdiyi qayğını göstərməyəcək. Elə öz başımıza gələni deyim. Çoxlarının yadındadı. 1996-cı ildə dövlət o vaxt üçün böyük sayıla biləcək bir məbləği Almaniyadakı klinikalardan birinin hesabına keçirərək Məmməd Arazı müalicəyə göndərmişdi. Atam özü mənə danışırdı ki, orda hər şey çox gözəl idi - təmizlik, sakitlik, gül-çiçək, amma deyirdi - ilk gündən hiss edirdim ki, dərmanları içəndən sonra vəziyyətim dəyişir, halsızlaşıram. Sonra tərcüməçi vasitəsilə mənə hansı dərmanların verildiyini soruşdum. Məlum oldu ki, hələ on il əvvəl, hətta sovet hökumətində də istifadədən çıxarılmış dərman verirlərmiş ona. Başına gələn başmaqçı olar. Atam xəstəliyi ilə əlaqədar o qədər tibbi ədəbiyyat oxumuşdu ki, həmin dərmanları adbaad tanıyırdı.Və o dünyaca məşhur klinikada da bizim üstümüzdə təcrübə aparırlarmış. Deyək ki, onun xəstəliyi ağır, çarəsiz xəstəlik idi, bunun üçün xaricə getməyə məcbur olmuşdu. Nəticəsi də məlum. Amma öz xəstəxanalarımızda elementar təmizlik qaydalarına riayət eləmək üçün, adi bağırsaq dispepsiyalarını müalicə üçün, normal doğuşları normal keçirmək üçün niyə şərait yarada bilmirik? Bunun üçün kosmosdan mütəxəssis gətirməliyik? Sifarişlə xaricdən bir həftəliyə gələn, əməliyyat keçirib geri qayıdan həkimlər də çıxış yolu deyil. Onlar da heç nəyə görə məsuliyyət daşımır. Demək onlara da canımızı əmanət etməkdə ehtiyatlı olmalıyıq. Əgər bu xəstəxanaların böyük əksəriyyəti büdcədən maliyyələşirsə və biz də potensial vergi ödəyicisiyiksə niyə bizim pullarımız ancaq nazirlər tutulandan tutulana ekranlarda göstərilir? Niyə bu pullar sağlamlığımıza xərclənmir? Hamımız insanıq - ətdən, qandan, sümükdən. Hamımız xəstələnə bilərik - birinci şəxsdən tutmuş ən axırıncı adama qədər. Hər zaman xaricə getmək olmur. Hər zaman insanı təyyarələrlə harasa daşımaq olmur. Təyyarələrdə harasa gediş-gəliş də bəzən xəstəliyin şiddətlənməsinə səbəb olur. Hər kəsin dalınca "Palmali" şirkəti təyyarə göndərmir. Bütün bunlardan sığortalanmaq üçün öz səhiyyəmizin, sonunda öz sağlamlığımızın qeydinə qalmalı deyilikmi? Və savadlı həkim kadrları hazırlamaq üçün təhsil sisteminə önəm verməli deyilikmi? Özü də deməyək ki, zəngin adamları bu aqibət gözləmir - kim sığortalanıb ki, bu gün doğum evlərində mikrob yoluxdurulmuş körpələr sabah onların ailəsinə gəlin, ya da kürəkən qismində daxil olmayacaq? Çünki gözümüzün qabağında dilənçilər milyoner, milyonerlər dilənçi olur, fələyin işini bilmək olmaz - sabahkı gün haqqında bu gün düşünmək lazımdır. İki strateji sahəyə - təhsilə və səhiyyəyə diqqət verməklə. Baş həkimlərin işdən çıxarılıb başqa başsızlarla əvəz olunması islahat deyil. Xəstəxana tualetlərini təmizləməkdən başlamaq lazımdır. Onda xəstəxanalar özləri infeksiya mənbəyi olmaqdan çıxacaqlar. 
   
      Təxminən 17-18 il əvvəl Türkiyənin o vaxtkı baş naziri Turqut Özal xəstələnəndə Amerikada əməliyyat olunduğu üçün bütün türk mətbuatı bundan yazmışdı - yəni ölkənin baş naziri öz ölkəsinin həkimlərinə inanmır? Amma Boris Yeltsinin ürəyində əməliyyatı öz həkimləri aparmışdı. Bunun özü bir göstəricidi. Ölkədəki vəziyyətin bir göstəricisi. 
   
      Nə yediyimiz, içdiyimiz barədə mətbuatda oxuyanda ürəyimiz sıxılır. Belə çıxır ki, hər birimiz dükan-bazara gedəndə özümüzlə bir ekspert aparmalıyıq, onunla məsləhətləşməliyik. Bunu alaq, ya almayaq? Bunu yeyək, ya yeməyək? İndi müxtəlif yollarla ölkəyə gətirilən və bizim üstümüzdə təcrübədən keçirilən dərmanların bizə nə divan tutduğu isə yaxın onilliklərdə bilinəcək, gen, DNT dəyişmələri gedəndə. Onda harayımız hara çatacaq? Bəlkə heç xaricə gedib çata bilməyəcəyik, burda yardım almaq məcburiyyətində qalacağıq. 
   
      Yaşadığım qəsəbə Sovet zamanında salınmış fəhlə qəsəbəsi olub. Hökumət burda məktəb də tikib, uşaq bağçası da, xəstəxana da, təcili yardım stansiyası da. Xəstəxana başqa yerlərə nisbətən daha səliqəli, təmiz bir yer idi. Dara düşəndə tez özümüzü çatdırırdıq, iynələrimizi vuran da var idi. İki-üç il bundan əvvəl xəstəxananın tibb personalı nə qədər haray salsa da, hər yerə müraciət eləsələr də çarə olmadı. Böyük bir nazirlik oranı onların əlindən aldı və indi özü üçün nəsə tikir. Sonunda zərbə qəsəbənin camaatına dəydi. Təcili yardım stansiyasını da eyni üsulla bağladılar. Yaxşı, məntiq hardadı - əhalisi köçüb Bakıda yaşayan bir əyalət şəhərində, bir rayonda böyük diaqnostika mərkəzləri tikib ağzına qıfıl asmaq nədi, işlək durumda olan xəstəxanaları bağlamaq nədi? Səhiyyə nazirimiz bunu bilmirmi? Ya o, heç vaxt xəstələnmir, ya da xəstələnəndə Aydan gəlmiş həkimlər müalicə edirlər onu. Nazirimizin son vaxtlar uşaq xəstəxanalarına yolu düşübmü? 
   
      200 il ruslarla yanaşı yaşadıq, amma onlardan yalnız və yalnız içməyi öyrəndik. İşə münasibəti öyrənə bilmədik, peşəkarlığı öyrənə bilmədik, təmiz olmağı öyrənə bilmədik. İndi mən bilən dərman üçün axtarsaq səhiyyə sistemində bir rus həkim tapa bilməyəcəyik. Moskvada da bizə əvvəlki münasibət yoxdur, eyni dövlətin vətəndaşları deyilik. Çarə qalır yeni nəsil həkimlərin doğru-düzgün yetişdirilməsinə. Burda da vəziyyət çox gərgindi. Oxumaq, nəsə öyrənmək istəyənlərin də başına min oyun açırlar. İmtahanlarda pul tələb edirlər, təcrübə üçün getdikləri xəstəxanalarda heç nə öyrətmirlər, xəstəliyin mənzərəsini araşdırmağa imkan vermirlər, bunun üçün də nəsə istəyirlər. Saxtakarlıq eləmək də lazım deyil, çoxumuz bu vəziyyətlə üzləşmişik. Hamımız insanıq və xəstələnə də bilərik. Xəstəxanaların çoxu elə vəziyyətdədir ki, orda iti bağlasan dayanmaz. Kimsənin xətrinə dəymək istəmirəm, təbii ki, yaxşı, savadlı, vicdanlı həkimlər də var. Rafiq Tağı kimi öz pulu ilə xəstələrinə dərman alan həkimlər də var, amma bu, ümumi mənzərəni dəyişmir, zehniyyəti dəyişmir. 
   
      ...Körpə ağlayır, mən 25 il əvvəlki hadisələri xatırlayıram. Fikirləşirəm ki, 25 il sonra da deyəsən elə belə olacaq. Çünki yenə də savadlı həkimlər gözümçıxdıya salınırlar, şəraiti olan xəstəxanalarda yüksək çinli məmurların xanımları və qızları işləyir, onların da öyrənmək üçün heç bir həvəsi yoxdur. Onlar da xəstələnəndə gedirlər xaricə. Amma xaricə gedəndə yolda ölmək ehtimalı da var. Hamı insandı, hamı xəstələnir.
 
26 aprel 2008-ci il

TƏQVİM / ARXİV