adalet.az header logo
  • Bakı 20°C
24 Iyun 2020 13:28
30426
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: KORONAVİRUS O QƏDƏR DƏ QORXULU DEYİL, AMMA...

Artıq mart ayının əvvəllərindən ölkəmizdə dünyada tüğyan eləyən COVİD-19 virusuna qarşı çox ciddi tədbirlər görülüb. Bu məqsədlə məmləkətimizdə ən müasir tibbi avadanlıqlar və xəstəxanalar hazır vəziyyətə gətirilib. Hətta ölkəmizə xaricdən 200-ə qədər süni tənəffüs aparatının da gətirilməsi təmin edilib. Üstəlik, ölkə prezidenti cənab İlham Əliyev koronavirusun qarşısının alınması üçün çox ciddi addımlar atıb. Belə ki, respublikamızda neçə-neçə modul tipli xəstəxanalar tikilib və bu virusa yoluxmuş xəstələr həmin yerlərdə müalicə edilir. Bununla yanaşı, ixtisaslaşmış bir çox xəstəxanalar da məhz bu istiqamətdə yönəldilib və həmin müalicə ocaqları bayaq dediyimiz kimi, ən müasir texniki avadanlıqlarla, dava-dərmanla və tibbi personalla təmin olunub.

Xəstəliyin ən çox Bakı şəhərində aşkar olunması bu narahatlığı daha da artırıb. Çünki COVİD-19-a insanların sıx olduğu yerlərdə daha tez yoluxmaq mümkündür. Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Lənkəran, Cəlilabad, İsmayıllı, Masallı və Abşeron rayonlarında da bu xəstəliyə yoluxma halları çoxalıb. Təbii ki, sərt karantin rejiminin tətbiq olunması, sanitar və gigiyenik qaydalara riayət edilməsi, maskalardan maksimum dərəcədə yararlanmaq bu virusa yoluxmanı minimuma endirə bilər.

Respublikamızın əksər rayonlarında koronavirusa yoluxma halları mövcuddur və bu da günbəgün azalmaq əvəzinə bir qədər də çoxalır. Təbii ki, gözə görünməyən və rəngi bilinməyən bu virusa qarşı mübarizə ən yüksək səviyyədə təşkil edilməlidir. Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyyə və tapşırıqları adiyyəti qurumlar tərəfindən yetərincə icra edilsə də, əhali bu məsələdə çox laqeydlik göstərir, sanitar və gigiyenik qaydalara əməl etmir, üstəlik də kütləvi yerlərə gedəndə maska taxmırlar. Elə bunun nəticəsi idi ki, iyunun 23-ə olan məlumata görə, respublikamızda koronavirusa yoluxanların sayı gün ərzində 500-ü ötüb. Bax, bu artıq SOS siqnalı deməkdir və bu artıq pandemiyanın ölkəmizi cənginə almasına bir işarədir. Yəni koronavirusa qarşı dövlət səviyyəsində bütün tədbirlər gerçəkləşdirilib. Sadəcə olaraq, bu prosesdə əhali tövsiyələrə əməl etməli, izolyasiya qaydalarını yerinə yetirməli və kütləvi yerlərdə hamılıqla maskadan istifadə olunmalıdır.

Koronavirusa qarşı mübarizədə ən böyük yük həkimlərin, polislərin və təmizlik işçilərinin çiyninə düşüb. Və birmənalı olaraq deyə bilərik ki, bu üç qurumun hər bir əməkdaşı COVİD-19-a qarşı mücadilədə öndə gedir. Və hər üç qurumdam indiyə kimi onlarla əməkdaş xidməti vəzifəsini yerinə yetirərkən bu virusa yoluxub. Allah onları qorusun!

Füzuli rayonu da cəbhə bölgəsi olduğu üçün ora axın daha çoxdur. Bu axının olması istər-istəməz virusa yoluxma halları üçün münbit şərait yaradır. Amma gəlin onunla razılaşaq ki, hər hansı rayonda öncədən qabaqlayıcı tədbirlər, maarifləndirici işlər və dezinfeksiya aparılırsa, istər-istəməz virusun yayılma halları azalır.

Füzuli rayonu Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Natiq Şükürov bizim "koronavirusla rayonda mübarizə necə təşkil edilib?” sualımıza ətraflı cavab verərək bildirdi ki, ilk gündən Füzuli səhiyyəsi bu xəstəliyin qarşısının alınması üçün mücadiləyə qalxıb, bütün zəruri və vacib problemlərin hamısını vaxtında yerinə yetirib. Yəni rayonda ilk növbədə Horadiz şəhəri də daxil olmaqla bütün yaşayış məntəqələri, yollar, parklar, xiyabanlar, sosial obyektlər, xəstəxanalar davamlı olaraq dezinfeksiya edilib. Horadiz şəhərində və kəndlərdə fəaliyyət göstərən xəstəxanalar, tibb məntəqələri fəaliyyətlərini əhalinin sağlamlığına və onların maarifləndirməsinə yönəldib. Mən tam məsuliyyətlə deyə bilərəm ki, virusun alovlanmasının qarşısının alınmasında Füzuli səhiyyəsinin hər bir həkiminin xidməti var.

Onu da qeyd edək ki, direktor Natiq Şükürov çox savadlı və təcrübəli bir mütəxəssisdir, uzun illərdir səhiyyə sistemində çalışır. Bununla yanaşı, Natiq Şükürov ölkə prezidenti cənab İlham Əliyevin sərəncamı ilə səhiyyə sahəsində səmərəli xidmətlərinə görə "Tərəqqi” medalı ilə təltif edilib.

Bizimlə telefon söhbətində Natiq həkim bildirdi ki, bu günə qədər Füzulidə 47 nəfər bu virusa yoluxub. Onun 41 nəfəri İmişlidə və digər yerlərdə müalicə olunaraq sağalıb və vəziyyətləri normaldır. 6 nəfər isə bu gün müalicə olunur. Onların vəziyyəti stabildir. Demək olar ki, rayonda koronavirusla bağlı bir ölüm hadisəsi baş verməyib.

Bununla yanaşı, digər rayonlarla müqayisədə virusa yoluxma halları aşağı səviyyədədir. Məsələn, qonşu rayonlarda 70 nəfər koronavirus xəstəsi varsa, burda rəqəm yuxarıda göstərdiyimiz kimidir. Demək olar ki, rayonda epidemioloji vəziyyətə tam nəzarət edilir. Hər hansı insanda koronavirusun əlamətləri varsa, ondan yaxmalar götürülür, İmişli Xüsusi Təhlükəli İnfeksiyaya qarşı Mübarizə İdarəsinin laboratoriyasında 6 saatdan 24 saat müddətində analizlərin nəticəsi barəsində həmin xəstəyə məlumat verilir. Üstəlik də bu müayinlərin hamısı dövlət hesabına pulsuz həyata keçirilir. Bu cür xəstəliklər ən çox insanların kütləvi toplaşdıqları yerlərdə, yas mərasimlərində və edləcə də restoranlarda və yeməkxanalarda baş qaldıra bilir.

Təbii ki, Füzulidə digər rayonlara nisbətən 6 ildən çoxdur ki, yas mərasimləri sadələşdirilib. Yəni əvvəllər olduğu kimi, yas mərasimlərində ehsan, yemək verilmir. Bu da istər-istəməz insanların yas yerlərində daha çox bir yerə toplaşmasının qarşısını alır. 5-10 nəfər, lap 30-40 nəfər ara məsafəsi saxlamaqla yas məclislərində iştirak edir, çox oturmur və bir-birləri ilə ünsiyyət yaratmırlar. Bütün bunlar əhali arasında Füzuli səhiyyə işçiləri tərəfindən davamlı olaraq insanların diqqətinə çatdırılır.

Natiq Şükürov bir fikri də xüsusilə vurğuladı ki, elə insanlar var bu xəstəliyə inanmır və bəziləri də onun stresindən qorxur, həyəcan keçirir, psixoz vəziyyətə düşür. Bax, bizim həkimlər əhali arasında maarifləndirmə işləri aparmaqla inanmayanları inandırır, psixoloji durumu mürəkkəb olanları isə o fobiyadan, qorxu hissindən xilas edirlər. Elə də insan var ki, evdə xəstəsi olur, bunu gizlədir. Bax, sonradan onun vəziyyəti ağırlaşır, çətin durumda biz onu xəstəxanaya aparmalı oluruq. İctimaiyyət bu məsələdə daha aktiv olmalı, xəstəliyin ilk sindiromları – öskürək, yüksək temperatur, nəfəs darlığı hiss edən kimi Təcili Tibbi yardım xidmətinə zəng etməli, əməkdaşlarımız gəlib onları müayinə etmək üçün xəstəxanaya aparmalıdır. Bu xəstəlik bir o qədər də qorxulu deyil. Sadəcə olaraq, insanlar özlərini qorusalar, sanitar-gigiyenik qaydalara əməl etsələr, yoluxma halları minimuma enər və bəlkə də olmaz. Hər hansı xəstəliyi saymazsan, laqeyd yanaşarsan, o sənin axırına çıxar. Necə ki, şəkər xəstəliyini, təyziq xəstəliyini, ürək-damar xəstəliyini hansısa pasiyent saymır və sonra da bu xəstəliyin qurbanı olur.

Rayonda xəstəliyə qarşı mübarizədə Təcili Tibbi Yardım şöbəsi, laboratoriya şöbəsi, Horadiz şəhər xəstəxanasının laboratoriyası daha aktiv mübarizə aparır. Bununla yanaşı, sahə tibb məntəqələri, xəstəxanalar bu işdə əhaliyə yardımçı olur. Təcili tibbi yardımın həkimlərindən Arzu Şəfiyeva, Ələsgər həkim, Yunis Ağayev sözün həqiqi mənasında həyatlarını təhlükə qarşısında qoyaraq xəstələri ölümün pəncəsindən xilas edirlər.

Füzuli rayonunda icra hakimiyyəti də, hüquq-mühafizə orqanları da, səhiyyə də demək olar ki, koronavirusla mücadilədə öndə gedir. İlk növbədə onların hər birinin əməkdaşı əhali arasında maariflənmə işləri aparmaqla izolyasiya qaydalarına əməl edir, sanitar-gigiyenik normalara əməl olunur və maskalardan istifadə edilir. Elə nümunə kimi birinci həkimlər, polislər, icra hakimiyyətinin əməkdaşları maska taxaraq öz vəzifələrini icra edirlər. Bu da o deməkdir ki, digər şəxslər də sərt karantin rejiminə əməl etməlidirlər.

Bir faktı da qeyd edək ki, neçə illərdi rayonda Müalicə Dioqnostika mərkəzi fəaliyyət göstərir. Amma bir müdət köhnə rəhbərliyin yarıtmaz fəaliyyəti nəticəsində burda sağlam mühit olmayıb. Düzdür, iş rejimi həmin mərkəzdə saat 3-ə qədər davam edib. Ancaq əvəllər saat 3-dən sonra hər hansı avtoqəza zamanı ağır xəstə mərkəzə gətiriləndə orda heç kəsi tapmaq mümkün deyildi. Sonradan rəhbərlik dəyişildi. Şaiq Şükürov Füzuli Müalicə Diaqnostika Mərkəzinin direktoru təyin edildi. Ceyran Qəhrəmanova isə dioqnostika mərkəzinin direktor müavini, baş həkim təyin olundu. Bu təyinatdan sonra demək olar ki, ordakı mühit tamamilə dəyişib, sağlam bir atmosfer yaranıb. Bu yaxınlarda ağır avtomobil qəzası baş verərkən 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətilə mərkəzə çatdırılıb, Onların 6-nın həyatını xilas etmək mümkün olub, 1-i isə  hadisə yerində dünyasını dəyişib. Diaqnostika Mərkəzində iki nəfər koma vəziyyətindən çıxardılaraq Bakı şəhərindəki Klinik Mərkəzə göndərilib. İndi Müalicə Diaqnostik Mərkəz Füzuli Mərkəzi Xəstəxanası ilə birlikdə çətin vəziyyətdə olan xəstələrin xilas edilməsində lazım gələndə 24 saat faziləsiz xidmət göstərir.

Bayaq qeyd etdik ki, koronavirus bəşəriyyət üçün çox böyük bəladır. Əgər biz bunu saymasaq və özümzü qorumasaq, yaxın gələcəkdə xəstəxanada müalicə olunmaq üçün nə yer tapılacaq, nə də həkim. Bunu həm şəhərdəkilər, həm də rayondakılar yaxşı anlamalı və qəbul etməlidir. Nə yaxşı ki, Natiq həkimin dediyi kimi, Füzulidə bu məsələlər hamı tərəfindən anlaşılır, gigiyenik və sanitar qaydalara lazımi qaydada əməl edilir, ara məsafəsi saxlanılır və bu bəladan qurtarmaq üçün hər bir insan özünü qoruyur.

Deməli, həkimlərlə, polislərlə bərabər, hər bir vətəndaş da aktiv mövqe tutmalı, tövsiyələri yerinə yetirməli, özünü və ailəsini qorumalıdır. Və bu, bir borcdu! Bu borcu hər birimiz bir dəqiqə də olsun yaddan çıxarmamalıyıq. Yaddan çıxarsaq, deməli, bizim hər birimiz bu böyük təhlükənin bir addımlığındayıq.