Cinayət və cəza

İRADƏ TUNCAY
54144 | 2008-04-19 19:11

Səhv eləmirəmsə 87-ci ilin son ayları idi. Qorbaçovun hakimiyyətə gəlişindən iki il ötürdü və sakit, sabit həyat tərzinə öyrəşmiş sovet adamlarının zərif əsəbləri artıq ölkə ərazisində baş verən partlayışlara, quldurluğa, alman təyyarəsinin Qızıl Meydana endirilməsinə, qatarların qarət edilməsinə yavaş-yavaş, heyrətlə vərdiş eləməyə başlayırdı. "Aşkarlıq" adlanan aşkar saxtakarlıq da qüvvəyə minməkdə idi. Həmin o 87-ci ilin son aylarında (vaxtı dəqiq yadımda deyil, amma həmin işlə məşğul olmuş müstəntiqlər yəqin ki, xatırlayırlar) Bakıda dəhşətli xəbər yayıldı - "26-lar" metrostansiyası (indiki "Sahil") yaxınlığında bir həkimin evinə girib 3 uşağını öldürüblər. Şayiələr ildırım sürətilə nəql olunurdu - o vaxt indiki kimi qəzet və TV bolluğu yox idi. Ağızdan-ağıza dolaşan xəbərlər çox vaxt "xarab olmuş telefon" effekti verirdi. Hərə bir fərziyyə söyləyirdi - kimsə deyirdi arada qan düşmənçiliyi olub, kimsə deyirdi ortada namus söhbəti var, kimsə də qarət versiyasının üstündə fikir yürüdürdü. Amma aralıqda gəzən söhbətlər nə qədər çoxalsa da rəsmi orqanlar heç bir məlumat vermədilər. Bir az sonra 88-ci ilin məşhur hadisələri başladı və sakit Bakı üçün qeyri-adi görünən vəhşi qətl bu söhbətlərin fonunda unuduldu. Kimsə düşünmək istəmədi ki, əgər ölkədə cinayət dalğası artırsa, cəzasızlıq baş alıb gedirsə demək bu artıq böyük, qlobal , bəlkə də faciəvi bir əsərin proloqudur. Dövlət cinayətin qarşısını almaq yolları, profilaktik tədbirlər düşünmək əvəzinə faiz söhbəti ilə əlləşirsə və bu faizi də vətəndaşlara yedirtmək cəhdində bulunursa olacaqlar məlum - 91-ci ildə SSRİ adlanan dövlət çox rahatlıqla xəritələrdən silindi.
   
    Əslində biz bu gün də dünyada gedən bu oyunların içində düşünmək istəmirik. Elə bilirik ki, atılıb-düşməyin intensivliyi artdıqca, problemlərimizə çəhrayı eynəklə baxdıqca bütün olub-bitənlər özlüyündə həll olunacaq. Dünyadan gələn xəbərlər isə heç də içaçıcı deyil. Məsələn deyək ki, may ayında yer kürəsinin 6.666.666.666-cı vətəndaşı doğulacaq. Bunun dəqiq hesablamasını aparmaq mümkün deyil. Amma xristian dünyası çox narahatdı. Bu rəqəm şeytan rəqəmidi axı. Ancaq bu insan hansı ölkədə doğulacaq, hansı irqə mənsub olacaq, bunu da bilməyəcəyik. Qoy xristian dünyası baş sındırsın, amma ərzaq və su qıtlığı da gözlənilir. Biz isə, ümumiyyətlə, qarnımızın qeydinə qalan toplum olduğumuz üçün bu xəbərin nəyisə, kimisə tərpədəcəyini gözləmək olardı. Ancaq görünən budur ki, hamı yenə faiz söhbətləri ilə uyudulur. Neft borularla axıb gedir, əvəzinə kağız verirlər və həmin kağızları da öz banklarında saxlayırlar. Nəyəsə xərcləmək üçün o kağızlardan götürmək istəyəndə deyirlər ki, yoox, olmaz, biz dediyimiz kimi xərcləyin. Nə nefti, nə də kağızı yemək olmur. Yemək məsələsini həll eləmək üçün kənd təsərrüfatı adlanan bir sahə var - aqrar sahə - həmin sahə ilə maraqlanmaq lazımdır. Ən bərəkətli torpaqlar işğal altında olduğundan və həmin torpaqlarda işləyən adamlar da şəhərliyə çevrildiyindən bu sahədə böyük açıqlar var. Ekoloqlar həyəcan təbili çalırlar - yalnız qoyunçuluğun, maldarlığın (birbaşa mənasında) inkişafına yönəlsək olan-qalan torpaqlar da daşlaşacaq, şoranlaşacaq, öz qabiliyyətini itirəcək. Torpaq üzərindəki bitki örtüyünün də qeydinə qalmaq lazımdır. Torpağın xətrinə yox, heç olmasa , qarnımızın xətrinə.
   
    Dünya birjalarında bu qalxmaların, enmələrin ardınca möhtəşəm bir opera oynanılacaq kimi görünür, hələlik üvertüradır. Təbii ki, əsas partiyaları Sem dayı və Avropa xanım oxuyacaq. İkinci dərəcəli rolları da özlərinə yaxın kimlərəsə verərlər. Bizə seyr etmək qalacaq. Özü də teatrın içində yox, çölündə.
   
    Tutalım oralara əlimiz çatmır, uzaqdan baxırıq, bəs məmləkətin içində niyə belə soyuqqanlıyıq? Yazımın əvvəlində qətl hadisəsini nahaqdan yada salmadım. Bu günlərdə bir ailəni, hətta azyaşlı uşağı da öldürüblər. Deyəsən, belə xəbərlərə öyrəşirik axı. Hər halda belə izlənim var. Televizorda baxdım - bizim bu işlə məşğul olan qurumlarımız ya həddən artıq səriştəlidirlər, biz heç nə bilmirik, ya da... Deməli belə. Bakının tən ortasında təzə tikilmiş binalardan birində qətl hadisəsi törədilib. Burda məchullar çoxdur. Qaydalara görə, həmin yer bağlanmalıdır, evin içində işləyənlər də çox ehtiyatla çalışmalıdırlar ki, heç bir işarə, heç bir iz məhv olmasın. Amma televiziyadan gördüyüm bu oldu ki, beş-altı adam evin içində rahat-rahat o tərəf-bu tərəfə gedirlər, üzlərinə çox işgüzar ifadə veriblər, hansısa TV kanalının mikrofontutanı da sevincək ordan (evin içindən) reportaj verir. Həmin xəbərlər bizlərə çatdırılanda hadisələrdən az vaxt keçmişdi. Və bu vaxt ərzində kriminalistlər öz işlərini qurtara bilmişdilərmi və reportyorun orda nə işi vardı? Əslində azdan-çoxdan nəsə oxumuş adamlar bilirlər ki, kriminalistika böyük, dərin bir dəryadır. Burda neçə-neçə elmlər birləşir - toksikologiyadan, ballistikadan, daktiloskopiyadan, tibbdən tutmuş qrafologiyaya qədər. Televizorda gördüyüm mənzərə belə bir izlənim verdi ki, hadisə yerində rahat-rahat gəzişən adamlar ən elementar qaydaları bilmirlər. Hər halda televizorda belə göstərdilər. Düzdür, bizim televiziyaların da çox böyük peşəkar qıtlığı var, amma onları ora buraxmamaq da hüquq-mühafizə orqanlarının hüququdur. Çünki bu, toyuq oğurluğu deyildi, telefon oğurluğu deyildi... Bir ailənin 4 üzvünü öldürüblər, hətta azyaşlı uşağı da. Kim belə hadisələrdən sığortalanıb? Cinayət hər gün artır və dünyada baş verən oyunlar da (qıtlıq, bahalaşma görüntüsünün yaradılması) bizim kimi ölkələrdə buna rəvac verir. Cinayət artırsa qarşı tərəfin də peşəkarlığı artmalı deyilmi? Bilənlər bilir ki, bu gün cinayət axtarışı ilə məşğul olan şöbələr ən az maaş alan, ən çətin durumda olanlardır. Faiz söhbəti də tuği-lənət olub keçib boğazlarına. Cinayətlər bütün dünyada baş verir. Açılanı da olur, açılmayanı da. Amma onlardan yüksək açılma faizi yox, yüksək peşəkarlıq tələb edirlər. Əgər ölkəyə bahalı maşınlar gətirə biliriksə, bahalı laboratoriyalar, bahalı avadanlıq da gətirə bilərik. Hadisələr bunu tələb edir. Əgər ayrı-ayrı sahələrdə məşhur isimlər məlumdursa niyə bizim öz Şerlok Holmslarımız olmasın? Cinayətlər azalası deyil...
   
    Bir halda ki, dünyada gedən prosesləri xatırladıq, onda dünyada cinayət axtarışı ilə məşğul olan təşkilatların da tarixinə nəzər salmaq lazım gələcək. Çünki hadisələr arasında çox böyük paralellər var.
   
    1810-cu ildə Napoleon müharibələrinin labüd nəticələri Fransa paytaxtını canilər üçün əsl cənnətə çevirmişdi. Əvvəllər də mövcud olmuş polis xidmətlərini cinayətlərin açılması yox, Fransa krallarının siyasi düşmənlərinin izlənməsi, həbsi maraqlandırırdı. 1810-cu ildən sonra keçmişi çox qaranlıq olan, cinayətkar aləmdə tanınmış bir şəxs olan Ejen Vidok "Sürte" (təhlükəsizlik) adlanan bir polis təşkilatı yaratdı. Dəfələrlə zindandan, katorqalardan qaçan Vidok sonuncu qaçışından sonra könüllü olaraq polis prefekturasına gəlir, təslim olur və öz bildiklərini, bacarığını polis təşkilatının xidmətinə verir. Heç şübhəsiz ki, şəhərə rəhbərlik edən zadəganlar Parisi keçmiş caniyə təslim etməklə doğru addım atdılar. Müharibələrin nəticəsində sosial durumun ağırlaşması ilə bağlı cinayətlərin artması dövləti çətin durumda qoymuşdu. Vidokun gəlişi ilə Parisin polis təşkilatı öz ulduz saatını yaşamağa başladı. Cəmi 12 əməkdaşı olan Vidok bir il ərzində 812 qətlin, oğurluğun, dələduzluğun, qarətin üstünü açdı, pritonları ləğv edə bildi. O, belə bir devizlə yaşayırdı ki, "cinayətin qarşısını yalnız cani ala bilər". Vidok kriminalistikaya identifikasiya anlayışını gətirir. Tez-tez həbsxanalara gedib caniləri göz yaddaşına köçürən polis şefi ilk dəfə olaraq arxiv yaradır. Hər caninin iş üslubunu, metodlarını, xarici görünü- şünü təsvir edir. Çox ilklərə imza atan və 1833-cü ildə istefaya getməyə məcbur olan Vidok dünyada ilk özəl detektiv bürosu da açır. Və uzun illər Parisin polis prefekturası onun arxivi ilə, metodları ilə uğurla çalışa bilir. Amma, amma hər polismendən fenomenal göz yaddaşı tələb etmək olmur və 1879-cu ildə "Sürte" çoxsaylı cinayət hadisələrinin içində itib-batır. Bu vaxt onların dadına Bertilyon adlanan gənc katibin yeni sistemi çatır. İlk vaxtlar polis təşkilatı bu sistemi sərsəmləmə kimi qəbul etsə də, sonradan bu işin səmərəli olacağını düşünənlər də tapılır. Bertilyonun sisteminə görə həbs olunmuş adamların bədən ölçülərini dəqiq ölçməklə (boyundan, enindən başqa, hətta barmaq sümüklərini, üz sümüklərini, qulağının quruluşunu və s.) başqa adlarla, başqa sənədlərlə cinayət törətmiş caniləri müəyyən etmək olar. Hər halda həmin dövrdə Bertilyonun şöhrəti bütün dünyaya yayılır və dünyanın polis təşkilatları bu sistemi tətbiq etməyə çalışırlar. Qeyd edək ki, o vaxtlar kriminalistikada barmaq izləri anlayışı mövcud deyildi. Amma Hindistanda Uilyam Herşel adlı ingilis məmuru identifikasiyada inqilab edəcəyi qənaətində idi. Şərqdə yaşayan və buraların adətləri ilə yaxından tanış olan Herşel müşahidə edirdi ki, Çindən gələn tacirlər işgüzar müqavilələrin altında barmaqları ilə imza qoyurlar. Herşel müxtəlif insanların barmaq izlərini müqayisə etməyə başlayır və gəldiyi nəticə özünü də heyrətləndirir - insanın bütün ömrü boyu dəyişməz qala biləcək əlaməti həmin izlərdi. Təbii ki, bütün yeniliklər kimi bu ideyanın həyata keçməsi üçün də vaxt lazım gəlir. Amma siyasi vəziyyət gərginləşəndə bu metoda müraciət olunur və "Skotland Yard" ölkə əhalisini sakitləşdirmək üçün işində ciddi dönüş yarada bilir. London "bobbiləri" (London polisini həmin təşkilatı yaratmış daxili işlər naziri Robert Plin qısaldılmış adı ilə çağırırlar) asayişi qorumağa nail olurlar.
   
    Berlində də, Vyanada da yeni kəşflərdən uğurla istifadə olunur. Nəzərinizə çatdırım ki, həmin dövr Birinci Dünya Müharibəsi ərəfəsi və sonrakı illər idi. Belə illərdə isə hər zaman cinayət dalğası artır. 1911-ci ilin avqustunda Parisin Luvr muzeyindən Da Vinçinin məşhur "Mona Liza"sı oğurlanır. O zamanlar gənc olan Pikassonu da şübhəli şəxs qismində dindirirlər. Halbuki, oğurlanmış şəklin qoruyucu şüşəsinin üzərində barmaq izləri aydın görünürmüş, sadəcə, polis buna əhəmiyyət vermir. Tam təsadüf nəticəsində 28 aydan sonra şəkli antikvara satmaq istəyən şəxs yaxalanır. Və indiyə qədər də şəklin əsl olub-olmadığı mübahisələri səngimir.
   
    Qoca Avropa elmdəki yenilikləri əxz etməkdə ikən yeni dünya - Amerika vətəndaş müharibəsinin yaralarını sarmaqda idi. Burda gücün qanunu hökm edirdi və bütün savaşlardan sonra gələn ağır nəticələr özünü göstərirdi. Vahiməli bir durum vardı, amma ağıllı amerikalılar da yeniliklərə açıq detektivlərin sayəsində vəziyyətdən çıxa bildilər. Pinkertonun, Birnsin, Mak-Klautinin iş metodları onların adını kriminalistika tarixinə yaza bildi. 1924-cü ildə Amerika prezidenti siyasətçilərin də cinayətkarlarla əlaqəli çalışmasının qarşısını almaq üçün yeni bir təşkilat - Federal Təhqiqat Bürosunun yaradılmasına qərar verdi. Heç bir siyasətçi ilə yaxın ilişkiləri olmayan 29 yaşlı advokat Edqar Quver təşkilatın başına gətirildi. Quver bu iş üçün ideal namizəd idi. O, FTB-ni aktiv işləyə bilən mərkəzə çevirdi və ətrafına ağıllı, savadlı, mənən təmiz insanları toplaya bildi. Və bu gün də FTB dünyanın ən qüdrətli təşkilatlarından biridir.
   
    Kriminalistikanın yüz ildən artıq bir tarixi var. Söyləsək böyük bir kitab alınar. Burda toksikologiyadan, məhkəmə -ballistika elmindən, məhkəmə-tibb elminin inkişafından da danışmaq olardı. İndi dünyanın bütün polis təşkilatları elmin bütün sahələrini öz işlərində tətbiq edirlər, hətta atom fizikləri də bəzən hüquq-mühafizə orqanlarına yardımda bulunurlar (Londonda Litvinenko olayı). Cinayətin spektri genişlənib, amma ona cavab verəcək sahələrin də qüdrəti artıb.
   
    ... Əgər dövlət gəncdirsə bu o demək deyil ki, hər şeyi əlifbadan başlamaq lazımdır. Bizim məmləkətdə də kriminalla mübarizənin müəyyən bir tarixi var. Biz də müharibədən çıxmışıq, burda da müxtəlif ölkələrin sabitliyi pozmaq maraqları var. Əgər hər gün-hər gün yeni bir cinayət törədilirsə, özü də böyük miqyasda, düşünmək gərəkmirmi? Dövlətin özü üçün bu tendensiya qorxulu deyilmi? Mən yazımın əvvəlində 87-ci ildə baş vermiş hadisəni nahaqdan xatırlamadım. O vaxt Bakı üçün bu hadisə qeyri-adi hadisə idi. İndi isə deyəsən adiləşir. Televizorda gördüyüm mənzərə isə çox acınacaqlı idi - bütün izləri tapdalaya-tapdalaya o baş-bu başa gəzən adamlar və isti-isti hadisə yerinə buraxılmış reportyor.
   
    P.S. Eşitdim ki, qətlin üstü açılıb. Bizim öz metodlarımız, öz pinkertonlarımız var.

TƏQVİM / ARXİV