adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Tutalım koronavirusa inandılar, bəs sonra? - Eminquey

29889 | 2020-06-24 09:10
Koronavirusa inanmayanlar Allaha inanır. 

Peyğəmbərinə inanır. 

Cininə, şeytanına inanır. 

Musanın dənizi yarmağına, Məhəmmədin Ayı bölməsinə inanır.

Zinanın, içkinin haram olmasına inanır.  

Quranı və şəriəti müqəddəs hesab edir.

Amma necə?

Allah onun ən uca inanc yeridir. Görmür, eşitmir, toxuna bilmir, inanır. Amma Allahın ən adicə "yaxşılıqda bir-birinizlə yarışın" əmrini qulaq ardına vurur. Allah nə əmr edirsə, ziddinə gedir. 

Şeytan onun ən dar məqamda söydüyü, günahını boynuna atdığı varlıqdı. Adi günlərdə şeytanla əlbirdi.

Peyğəmbər onun ən çətin məqamda adını çəkib kömək istədiyi biridir. Adi günlərdə onun buyurduqlarını vecinə almaz. Peyğəmbər ona ya yola çıxanda kömək olmalıdı, ya da ölüsünü yerdən götürəndə qəbr əzabını yüngülləşdirməlidi.

Musa, Məhəmməd onun üçün Allahın qüdrətini sübut eləmək üçün vasitədir.  Görməsə də olar. 

Zina haramdı. Allah buyurub. Əşşi, nə olsun buyurub? Beş günlük dünyadı da. Kişiyə hər şey olar. Get, ləzzətini çək! 

İçki haramdı. Eybi yox, sağlıq deyəndə, Allahın adını çəkərəm, düzələr. 

Quran? Şəriət? İnanıram. Şəkk eləmirəm. Amma dərinə getmək olmaz. Eləcə üzdən. Qəbul elə, bəsindi. Əməl eləməsən də olar. 

Gələk koronavirus dininə. Hə, əziz koronateistlərə və akoronateistlərə. Sözüm həm də onları şiddətlə inandırmaq istəyənlərə, iman gətirməyə təkid edənlərədir. Tutaq ki, siz onları koronaya inandırdınız? Nə dəyişəcək ki? Onlar bütün inanclarında saxta deyillərmi? Onlar nə vaxt inandıqları dinin, şəxslərin, Allahın dediklərimə əməl etdilər ki?

Nə dirəşmisiniz?

TƏQVİM / ARXİV