adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
22 Iyun 2020 15:11
26726
SİYASƏT
A- A+

Rusiya – Belarus ziddiyyətləri pik həddə çatır

Avqustun 9-da Belarusda növbəti prezident seçkiləri keçiriləcək. Bu, müstəqilliyə qovuşduqdan sonra ölkədə keçirilən sayca 6-cı prezident seçkiləridir. Bundan əvvəlki bütün seçkiləri udan hazırkı ölkə başçısı Aleksandr Lukaşenko, hələ ki, Belarusun lik və yeganə prezidentidir, yəni, bu yüksək postda onun nə sələfi, nə də xələfi var. Rekord təkcə bununla bitmir, Lukaşenko həm də postsovet respublikalarının ən uzunömürlü prezidenti titulunun sahibidir – düz 26 ildir bu kürsüdə əyləşir və hazırkı seçki marafonunun gedişi də göstərir ki, hələ növbəti beş ildə də onu kiməsə təhvil vermək niyyətində deyil. O, prosesin lap başlanğıcında seçkilərin avqustun 30-da, yəni özünün ad günündə keçirilməsiylə bağlı yan-yörəsinin israrlı təkidlərini rədd etməklə "özünə xas olmayan demokratiya nümunəsi” göstərdi. Lakin hadisələrin sonrakı axarına tab gətirməyə hövsələsi çatmadığı üçün demokratiyanın ən kövrək cücərtilərinin belə üstündən xətt çəkərək öz ampluasına qayıtmağa məcbur oldu.

Seçkinin start fitini özünəməxsus əsəbi, emosional çıxışıyla müşayiət edən prezident ölkə daxilindəki və xaricindəki əleyhdarlarına sərt mesaj ünvanladı: "Qoy, ölkəni çalxalamaq istəyən qüvvələr qulaqlarını açıb eşitsinlər, heç bir maydan-filan olmayacaq”. Təcrübəli diktatorun bu demarşı sonrakı çıxışlarında açıq hədə-qorxu ritorikasına keçdi: "Mən bu ölkənin müstəqilliyi üçün çox əziyyət çəkmişəm və indi bir kimsənin buna qəsd edəcəyinə yol verməyəcəyəm”. Halbuki, bir vaxtlar, konkret desək, Yeltsin Rusiyasının son dövrlərində bu müstəqilliyi böyük Rusiyanın prezidenti olmaq ambisiyasına qurban verməkdən ötrü çox canfəşanlıq eləmişdi.

Lukaşenkonu digər avtoritar liderlərdən fərqləndirən ən mühüm keyfiyyətlərdən biri düşündüklərini olduğu kimi söyləməsidir. O bir çoxlarından fərqli olaraq, heç vaxt öz fikirlərini nəinki demokratiya bələyinə bürümür, hətta demokratik idarəçiliyin əleyhinə olduğunu açıq-aşkar söyləməkdən belə çəkinmir, beynindəkiləri yasalamır.

Batkanın qonşu Ukraynanın hesabına artıq siyasi terminə çevrilmiş "maydan” kəlməsini dilə gətirməsi də təsadüfi deyil. Görünür, bu seçkilər vaxtı ölkəni qarışdırmaq və Ukrayna senarisi üzrə hakimiyyət dəyişikliyini gerçəkləşdirmək üçün xarici ölkələrin birində çiddi hazırlıqlar getdiyi barədə onun dəqiq informasiyası var. Məlumdur ki, "maydan” kəlməsi siyasi termin kimi terminologiya lüğətinin "məxməri inqilablar” qrafasında yer alıb, "məxməri inqilab” isə Qərb siyasi dairələrinin "demokratiya ixracı” projesi kimi meydana çıxmış istilahdır. Ancaq Lukaşenkonun bu barədəki qəzəbli çıxışları vaxtı üzünü Qərbə yox, Şimala tutması ciddi suallar yaradır. Çinki cızığından çıxanların "məxməri yolla” ram edilməsi Rusiyanın siyasi üslubuna xarakterik hal deyil, onun bu tipli məsələlərə heç kimə sirr olmayan öz xüsusi yanaşması var ki, bunu anlamaq üçün tarixin dərinliklərinə baş vurmaq lazım deyil, elə günümüzün Ukrayna və Suriya nümunəsini göz önünə gətirmək kifayətdir.

Lukaşenkonu təşvişə salan, onu bir az aşağıda da görəcəyimiz kimi seçki prosesinin ilk mərhələsində çox sərt tədbirlər görməyə vadar edən ən başlıca amil odur ki, o bu seçkilərə siyasi karyerasının ən çətin dövründə, reytinqinin sıfıra yaxınlaşdığı bir məqamda qatılır. Əlbəttə, batkanın əvvəlki seçkilərin də çoxunu reytinq hesabına udmaması heç kimə sirr deyil. Ancaq daha çox dövlət resursları hesabına təmin edilən həmin qələbələrin heç birində onun reytinqi 1 faiz olmayıb. Bir faizlik reytinq isə çox ciddi faktır, bəzən ən sərt tədbirlər də, ən sədaqətli məmurlar ordusu da həmin rəqəmi 50­+1-ə qaldıra bilmir. Hələ orasını demirik ki, 50+1-in özü onun psixoloji olaraq həzm edə bilməyəcəyi rəqəmdir.

Düzdür, o artıq seçki komissiyasına 1,5 milyon imza təqdim edərək ən yaxın rəqibini 1 milyondan da çox qabaqlayıb. Amma imzatoplama seçkinin ilk mərhələlərindən biridir, əsas mərhələ təbliğat-təşviqat, ölüm-dirim mərhələsi isə seçki bitən gündən sonra başlayır. Lukaşenkonun son günlər atdığı bir sıra addımlar göstərir ki, o özü də bunun fərqindədir və ona görə də prosesin şişib əndazədən çıxaraq arzuolunmaz məcraya yönəlməsinə dözmək fikrində deyil, necə deyərlər, onu elə beşikdəcə boğmaqda qərarlıdır.

Belarusdakı bu seçkiləri əvvəlkilərdən fərqləndirən başqa bir məqam isə odur ki, indi onun əsas rəqibi ölkənin demokratik müxalifətinin təmsilçiləri deyil, Rusiyaya bağlı oliqarxlardır. Ancaq hakimiyyətin taleyindən söhbət getdiyi anlarda ən xırda detalı belə nəzərdən qaçırmamaq vərdişinə görə demokratik düşərgədəki opponentlərini də unutmur. Odur ki, rəqiblərə fiziki təzyiqlər serialı da ilk olaraq məhz həmin düşərgədən başladı. İmzatoplama kampaniysı başlayar-başlamaz Qrodnıda Svetlana Tixanovskayanın təşəbbüs qrupunun üzvüləri təxribata çəkildi, onun əri də daxil olaraq seçki qərargahının bir sıra üzvləri həbs edildi. Doğrudur, Svetlana Tixanovckaya heç bir partiyanı təmsil eləmir, namizədliyini müstəqil şəkildə irəli sürüb. Amma namizədin arxasında hansısa siyasi qüvvənin durması əsas şərtlərdən biri olsa da, hamısı deyil. Əsas şərt reytinq məsələsidir ki, xanım Tixanovskaya bir çox sorğu cədvəllərində inamla ikinci yerini qoruyub saxlayır.

Bundan bir neçə gün sonra, konkret desək, mayın 30-da isə bütün ölkə boyu siyasi fəalların, bloger və siyasətçilərin həbsi başladı. Amma nə Tixonovskayaya, nə də fəallara hücum hələ son məqsəd deyildi, bunlar hamısı əsas rəqiblə haqq-hesab çürütməyə başlamaq üçün keçirilən məşqlər idi.

Bu kampaniyanın bir özəlliyi də odur ki, Lukaşenko ilk dəfədir seçkilərə Qərblə yox, Rusiya ilə konfrontasiya şəraitində gedir. Dəfələrlə onu devirmək cəhdləri uğursuzluğa uğrayan Qərb, son vaxtlar Belarusun Rusiya ilə korlanmış münasibətləri fonunda onunla fəal şəkildə işləmək, Belarusu elə Lukaşenkoyla birlikdə öz tərəfinə çəkmək taktikasını seçib. İndi onu Rusiya devirmək istəyir və nədənsə, hələlik, dövriyyəyə öz ənənəvi üsullarını yox, "məxməri inqilab” versiyasını buraxıb. Rusiyanın bu seçkilərdəki namizədi "Belqazprombank”-ın başçısı Viktor Babarikodur. 1990-cı ildən fəaliyyət göstərən bankın nizamnamə kapitalının 49 faizi Rusiyanın "Qazprom” şirkətinə məxsusdur. "Qazprom” isə Rusiyada sıradan bir biznes strukturu deyil, həm də ağır siyasi çəkiyə malik bir qurumdur. Bu gün hansı ölkədə, hansı sahədə aktiv rus siyasəti varsa, orda "Qazprom” da var.

Babariko 40-50 faiz arası reytinqiylə prezidentlik yarışında iştirak edən siyasətçilərin müxtəlif səpgili nüfuz cədvəllərinə başçılıq edir. Seçkidə iştirak etmək üçün vəzifəsindən istefa verməsinə baxmayaraq onun bu kampaniyadakı həm iqtisadi, həm də siyasi dayağı, necə deyərlər, partiyası məhz çoxsaylı şəxsi heyəti və zəngin maliyyə imkanlarıyla həmin bu "Belqazprombank”dır (oxu: "Qazprom”dur). Nəzərə alsaq ki, yuxarıdakı rəqəmlər hələ təbliğat və təşviqatdan əvvəlki mərhələnin reytinqini göstərir, üstəlik, namizədən əli Belarusdakı proseslərə hərtərəfli təsir mexanizmləri olan çox güclü xarici qüvvənin ətəyindədir, onda bir faiz reytinqə malik prezidentin əndişəsini başa düşmək olar. Başa düşmək olar ki,o niyə problemi elə indi, hər şeyin nəzarətdən çıxmağını gözləmədən isti-isti həll eləmək istəyir.

İyunun 11-də Belarus Maliyyə Departamentinin əməkdaşları "Belqazprombank”ın və onun tərəfdaşı olan bir neçə iri bank və sığorta şirkətlərinin ofislərinə təşrif buyurur və bir neçə saatlıq yoxlamadan sonra artıq S. Babarikoya qarşı cinayət məcəlləsinin iki maddəsi ilə ittiham irəli sürməyə əsas verən "dəlillər” tapırlar. Bir gün sonra cinayət işinin materiallarına "Belqazprom”un şəxsi kolleksiyasına aid dəyəri 20 milyon dollar olan 150 rəsm əsəri əlavə edilir. Xatırladaq ki, "Paris məktəbi”nin təmsilçiləri olan Belarus əsilli rəssamlara aid həmin rəsm əsərlərini bank xaricdə keçirilən hərraclardan alaraq ölkəyə gətirib. İyunun 16-da bankın 15 əməkdaşı həbs olunur. Bir gün sonra Babarikonun həmin bankda açılmış seçki hesabı dondurulur və bununla da seçki qərargahının işi iflic edilir. İyunun 18-də, yəni imzatoplama kampaniyasının sonuncu günü Babariko oğluyla birlikdə sonuncu imza vərəqələrini təhvil vermək üçün MSK-ya yollanır və bir daha geri qayıtmırlar. Hazırda Belarus DTK-nın istintaq təcridxanasında onların ikisindən savayı daha 4 nəfər silahdaşı saxlanılır və bu rəqəmin hər keçən gün daha sürətlə artacağını ehtimal eləmək üçün o qədər də uzaqgörən olmağa ehtiyac yoxdur. Üstəlik, ittihamlar da gün-gündən yenilənir və maliyyə fırıldaqları "dövlətin təhlükəsizliyinə qəsd” formullu qorxunc maddələrlə "zənginləşir”. Söhbət artıq 15 illik həbs cəzasını özündə ehtiva edən ağır cinayətlərdən gedir.

Belarus rəsmiləri hələ seçki marafonunun başlanğıcında Rusiyaynı seçkilərə müdaxilədə ittihaham eləməyə başlamışdılar. Həmin vaxt onların iddialarını əsasən "Qazprom”dan yalanlayırdılar. İndisə, yəni ittihamların həm sayı, həm də sambalı artaığından "yalanlama estafeti” Kremlə ötürülüb. Hələlik, Peskov səviyyəsində. Daha yüksək səviyyədə təkziblər olacaqmı? Bunu hadisələrin sonrakı gedişi göstərəcək. Üstəlik, nəzərə almaq lazımdır ki, həbslər çox vaxt prosesi cilovlamır, əksinə onun daha tez məcrasından çıxmasına yardımçı olur. Odur ki, daha maraqlı gəlişmələrin bundan sonra baş verəcəyini də istisna eləmək olmaz.

M. Məmmədov