adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
24 Iyun 2020 09:44
14459
GÜNDƏM
A- A+

RƏMİŞİN HÜQUQŞÜNAS ATASI BAŞ HƏKİM OLMAQ İSTƏMİŞDİ

Rəmişin atası Abdal Hüseyn (Hüseyn Hüseynov) Qarabağın saytal kişilərindən biri idi. Hər kişi onun sözünün qabağına söz çıxara bilməzdi. Kəsəsi, dediyi dedik idi. İxtisasca hüquqşünas idi, bir neçə rayonda da prokuror işləmişdi.

Prokurorluq orqanlarından çıxandan sonra bir müddət işsiz qalmışdı.

Bir gün gedir Katibin yanına ki, mənə iş ver. Katib də and içir ki, bu dəqiqə rayonda ona uyğun iş yoxdu.

- Niyə, qlavvraç yeri boşdu, qoy məni ora.

Katib təəccüblə deyir:

- Hüseyn müəllim, sən hüquqşünassan mən səni necə qlavvraç qoyum?

- Qlavvraç guya həkimlik eləyir ki? Oturub kabinetdə sənədləri qollayıb möhürləyir də. Mənim də qolumdan gözəl qol rayonda heç kimdə yoxdu.

Katibi gülmək tutur:

- Hüseyn müəllim, gəl belə edək. Səni göndərim öz kəndinizə, Abdal-Gülablıya sovxoz direktoru. O qəşəng imzanı da ordakı sənədlərə at.

Abdal Hüseyn razılaşır və ömrünün sonunadək Abdal-Gülablıdakı sovxoza direktorluq elədi. Yeri behişt olsun.

İndi ən gözəl vəzifə respublikanın «qlavvraçı» -səhiyyə naziri olmaqdı.

Otur kabinetdə, xətiri xətir, hörməti hörmət, hələ üstəlik maaş da verirlər.

Və respublika Səhiyyə nazirinin maaşını hələ ki Oqtay Şirəliyev alır.

P.S. Səhiyyə nazirinin vəzifəsi ilə bağlı yadıma bir hadisə də düşdü. Onu ayrıca yazım.