Bakının küçələri yenidən dezinfeksiya edildi
Ölkə başcısı İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən xüsusi karantin rejimi dövründə paytaxtda koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizənin daha da genişləndirilməsi məqsədi ilə Bakı şəhərinin bütün rayonlarında xüsusi gücləndirilmiş kompleks tədbirlər geniş şəkildə davam etdirilir.
Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən Adalet.az-a verilən məlumata görə, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Bakı şəhəri də daxil olmaqla ölkənin yeddi şəhər və bir rayonunda iyunun 21-dən iyulun 5-dək xüsusi karantin rejimi tətbiqinin ilk günündə Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən səhər saatlarından paytaxdakı əsas küçə və prospektlərdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2000 nəfər əməkdaşları tərəfindən xüsusi kimyəvi maddələrlə növbəti - 6-cı əlavə gücləndirilmiş dezindeksiya işləri həyata keçirilib. Gün ərzində əməkdaşlar tərəfindən dezinfeksiyaedici aparatlarla səkilərdə, yol kənarlarında, park və meydanlarda, obyektlərin qarşısında tibbi-profilaktik işlər aparılıb.
Eyni zamanda Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları xüsusi qrafikə uyğun departamentin balansında olan yaşayış binalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdiriblər.
Paytaxtda tibbi-profilaktik və dezinfeksiya işləri gündəlik olaraq gücləndirilmiş qaydada davam etdiriləcəkdir.