Ombudsmanın Gəncə Regional Mərkəzi videokonfrans keçirib
Ombudsmanın Gəncə Regional Mərkəzi və Samux Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Daşkəsən, Yevlax, Şəmkir, Qazax, Ağstafa, Tərtər və Ucar rayon Heydər Əliyev Mərkəzlərinin nümayəndələrinin iştirakı ilə 18 İyun - İnsan Hüquqları Gününə həsr edilmiş "Azərbaycan Respublikasında insan hüquqları sahəsində əldə olunmuş nailiyyətlər” mövzusunda videokonfrans keçirilib.
Ombudsman Aparatından Adalet.az-a bildirilib ki, tədbir iştirakçılarına Müvəkkil Səbinə Əliyevanın salamlarını və xoş arzularını çatdıran Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov qeyd edib ki, Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilib. Ötən illər ərzində Azərbaycan Respublikası insan hüquqları sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı inkişaf etdirib, insan hüquqlarının müdafiəsi sahəsində çoxsaylı beynəlxalq sənədlərə tərəfdar çıxıb və bu sahədə beynəlxalq öhdəliklərin həyata keçirilməsində mühüm nailiyyətlər əldə edib. Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq olunmuş insan hüquqlarının müdafiəsi sahəsində dövlət proqramı çərçivəsində qanunvericilik və institusional islahatlar həyata keçirilib.
Daha sonra iştirakçıların sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.