adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
19 Iyun 2020 14:01
18912
GÜNDƏM
A- A+

Nəriman Nərimanovun 150 illik yubileyinə həsr olunan dəyirmi masa keçirilib

AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional filialında 18 iyun 2020-ci il tarixdə görkəmli Azərbaycan yazıçı- dramaturqu, publisist, həkim, maarifçi və dövlət xadimi Nəriman Nərimanovun 150 illik yubileyi münasibətilə dəyirmi masa keçirmişdir.

Tədbiri AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialının müdiri filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı açaraq Nəriman Nərimanovun keçdiyi keşməkeşli həyat yolundan, yaradıcılığından, publisistik fəaliyyətindən, maarifpərvər ziyalı kimi xalqa xidmətindən, milli təəssübkeşliyindən qısaca məlumat vermişdir.

N.Nərimanovun həyat və fəaliyyəti əks etdirən video çarxın nümayişindən sonra dəyirmi masa iştirakçıları müzakirəyə qoşulmuşlar.

Şəhər 3 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi Günəş Xudiyeva N.Nərimanovun bədii yaradıcılığından bəhs edərək yazıçının istər nəsr, istər dram əsərlərində, eləcə də tərcümələrində dil, üslub, mövzu zənginliyini vurğulamışdır. Qeyd olunmuşdur ki, N.Nərimanov istər tarixi dramlarında, istər satirik pyeslərində, istərsə də nəsr əsərlərində dini fanatizmi, savadsızlığı, geriliyi, mütiliyi, özbaşınalığı, tənqid hədəfinə çevirmiş, xalqlar dostluğu, azadlıq, zülm və istibdada etirazı, ülvi məhəbbəti təbliğ etmişdir.

Karrar qəsəbə tam orta məktəbin dil-ədəbiyyat müəllimi Şəfəq Ağayeva N.Nərimanovun publisistik fəaliyyətindən söhbət açaraq onun dövrün mütərəqqi fikirli ziyalıları ilə birgə "İrşad", "Həyat" qəzetləri, "Məktəb" jurnalında, sonralar isə özünün açdığı və redaktoru olduğu "Hümmət" qəzetində dərc etdirdiyi məqalələrində, felyetonlarında xalqdan uzaq düşən, xalqın məişətini və dilini bilməyən ziyalıları töhmətləndirilməsindən, avam camaatı aldadan fırıldaqçı ruhanilərin ifşa edilməsindən, zəhmətkeş qadınların əsarətdən qurtulması yollarından bəhs etmişdir.

Dəyirmi masanın virtual qonağı olan Slavyan Universiteti beynəlxalq münasibətlər kafedrasının müdiri Habil Məmmədov müzakirələrə qoşularaq N.Nərimanovun Azərbaycanın ictimai-siyasi fikir tarixinə daxil olmuş, xalq içərisindən çıxmış, bütün həyatı boyu geniş və çoxcəhətli ictimai, ədəbi və siyasi fəaliyyəti ilə xalqın azadlığı və səadəti uğrunda mübarizə aparmış dövlət xadimi olmasından bəhs etmişdir. BDU-nin tarix fakültəsinin tələbəsi Nuralı İsmayılov N.Nərimanovun fəaliyyətində türkçülük mövqeyi, Türkiyəyə dost və qardaş münasibətinin xüsusi yer tutmasından danışmışdır.

Kürdəmir Regional Mədəniyyət idarəsində bədii rəhbər işləyən Sahilə Müseyibova çıxışında N,Nərimanovun milli-mənəvi dəyərləri yüksək qiymətləndirərək qorumağa çalışmasını, Şərqdə ilk olaraq milli kitabxana - qiraətxananın açılmasına nail olmasını, milli kadrların yetişdirilməsi və qorunmasına köməklik etməsini, milli teatrın inkişafına kömək etməsini vurğuladı.

Namiq Ağayev Ümummilli lider Heydər Əliyevin N.Nərimanovun ictimai-siyasi fəaliyyətinə və ədəbi yaradıcılığına, xalqın sosial-mədəni inkişafında göstərdiyi xidmətlərini dəyərləndirməsindən onun yubileylərinin yüksək səviyyədə keçirilməsi və adının əbədiləşdirilməsi üçün gösdərdiyi səydən bəhs etmişdir. O, eyni zamanda vurğulamışdır ki, dövlətimiz və xalqımız N.Nərimanova ictimai-siyasi və adəbi fəaliyyətinə bu gün də yüksək dəyər verir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 14 fevral 2020-ci il tarixli Nəriman Nərimanov 150 illik yubileyinin qeyd edilməsi haqqında sərəncamı buna tarixi sübutdur.