adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
18 Iyun 2020 16:14
8765
GÜNDƏM
A- A+

“Özümüzü qorumaqla yaxınlarımızı və bütün Azərbaycanı xilas edə bilərik...”

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, dostumuz İradə İbrahiovanın təşkilatçılığı ilə yaratdığımız "Özünü qoru, çevrəni xilas et" adlı Media Hərəkatı hazırki dönəmin ən vacib məsələlərindəndir.

Adalet.az-ın məlumatına görə, bunu Hərəkatın üzvü, jurnalist Samir Güləliyev deyib. O bildirib ki, İ.İbrahimovanın bu çağırışına hər bir Azərbaycan vətəndaşı qoşulmalı, ümumilikdə Azərbaycanı COVİD-19 bəlasından xilas etməliyik: "Bununla bağlı məhz media nümayəndələrindən ibarət hərəkat yaratmaqda məqsəd var. Təəssüf hissi ilə qeyd edim ki, bu gün Azərbaycan vətəndaşlarının bəziləri dünyanı iflic edən bu təhlükəli virusun varlığına inanmaq istəmir. Azərbaycan dövləti ilk vaxtlardan bu xəsəliyin yayılmasının qarşısını almaq üçün bütün qabaqlayıcı tədbirlər gördü. Nəticədə Çin, İran, ABŞ, İtaliya, Rusiya kimi hegemon dövlətlərdə koronavirus xəstəliyindən kütləvi qırğınlar olsa da, Azərbaycanda bu xəstəlikdən itkilərimiz minimum oldu. Bu gün də gec deyil. Amma bəzi vətəndaşlarımızın səhlənkarlığı, bu virusun varlığına inanmaması çox təhlükəlidir. Artıq Azərbaycanda əvvəlki vaxtlarla müqayisədə COVİD-19 virusuna yoluxma halı 2 dəfədən çox artıb. Artıq 10-a yaxın dövlət xəstəxanası xəstə qəbulunu dayandıraraq koronaviruslu xəstələrin qəbuluna başlayıb. Ölkədə 10 modul tipli COVİD-19 xəstəxanası, bir neçə klinika inşa edilərək istifadəyə verildi. Bu gün 133 vətəndaşımız COVİD-19 xəstəliyinin qurbanı olub, 5000-ə yaxın şəxs isə aktiv koronavirus xəstəsidir. Bu Azərbaycan xalqı üçün həyəcan siqnalıdır. Əgər əvvəllər biz koronavirus xəstələrini tanımırdıqsa, artıq bu gün əksəriyyətimizin tanıdığı aktiv koronavirus xəstəsi var. Şəxsən mənim tanıdığım 5 nəfər hazırda koronavirus xəstəliyindən müalicə alır, 2 nəfər isə dünyasını dəyişib. Artıq bu fakta inanmamaq özünü göz görə-görə təhlükəyə atmaqdır.

Dövlət bizim təhlükəsizliyimiz üçün hər cür tədbir görür, insanları qorumağa çalışır. Bunun üçün Azərbaycan dövləti iqtisadiyyatının inkişafını deyil, Azərbaycan vətəndaşının həyatını düşündü. Biz niyə özümüzü düşünməyək? Azərbaycan dövləti vətəndaşın həyatını qoruyur, amma bəzi vətəndaşlar özünün və yaxınlarının həyatını qorumaq istəmir, bu xəstəliyin yayılma səviyyəsini dərk etmir”.

Hərəkat üzvü qeyd edib ki, təşkilatlanmada məqsəd media qurumlarını bu işə cəlb etmək, əhali arasında marifləndirməni artırmaq və insanlarımızın həyatını bu yolla xilas etməkdir: "Bu gün Azərbaycan xalqını informasiya ilə təmin etmək biz jurnalistlərin, media təmsilçilərinin üzərindədir. İstər televiziya kanalları, istərsə də elektron KİV bu marifləndirməyə xüsusi diqqət yetirməlidir. Çalışmalıyıq ki, hər birimiz ayrılıqda ətrafımızdakıları təlimatlandıraq, onlara çağırış edək. Bu dövlət, bu xalq bizimdir. Hər bir Azərbaycan vətəndaşı bizim birimizin qohumu, yaxınıdır. Gəlin əvvəl özümüzü, sonra yaxınlarımızı qoruyaq. Özümüzü qorumaqla yaxınlarımızı və bütün Azərbaycanı qorumuş olacağıq. Artıq biz birləşməli, birgə mübarizə aparmalı, inanmayanları inandırmalı və bu bəladan birlikdə xilas olmalıyıq”.