adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
18 Iyun 2020 11:50
27610
GÜNDƏM
A- A+

Azərbaycanın 100 il əvvəlki parlament jurnalistləri: Fərhad Ağazadə haqqında bilmədiklərimiz

1918-ci ilin mayın 28-də Zaqafqaziya seymində Müsəlman fraksiyası özünü Azərbaycan Milli Şurası elan etdi. Bununla, Şərqdə ilk parlamentli respublikanın bünövrəsi qoyuldu.

Lakin parlamentin açılışı 1918-ci il dekabrın 7-də gündüz saat birdə Hacı Zeynalabdin Tağıyevin Nikolayev küçəsində yerləşən keçmiş qızlar məktəbinin binasında oldu. AXC dövrü parlamentinin işıqlandırılmasında, müzakirə eilən qanun layihələrinin mətbuatda dərc etdirilməsində o dövr parlament jurnalistlərinin xüsusi rolu olub. O jurnalistlər ki, hətta hakim mövqelərdə yüksək vəzifə tutmaq kimi imkanları olsa da məhz parlament jurnalisti kimi fəaliyyəti hər şeydən üstün tutublar.

Həmin jurnalistlər arasında dünya üzrə tanınmış bəstəkarımız Üzeyir Hacıbəyov, sevilən şairlərimizdən Cəfər Cabbarlı, Əhməd Cavad və.s kimi müxtəlif sahələrdə öz sözünü deyə bilən publisistlərimiz yer alıb.

Həmin mətbuat nümayəndələri arasında Azərbaycan pedaqoqu, Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu(1900), əlifba islahatçısı, mətbuat tarixçisi, publisist Fərhad Ağazadənin adını çəkməmək olmaz.

Modern.az"AXC dövrününün parlament jurnalistləri” rubrikasında ilk olaraq publisistFərhad Ağazadəyaradıcılığından və parlament fəaliyyətindən bəhs ediləcək.

Əvvəla pedaqoq haqqında qısa məlumatı təqdim edək:

Jurnalist, pedaqoq Fərhad Ağazadə 1880-ci il avqustun 12-də Şuşa şəhərində anadan olub. Uşaqlıqdan ağlı, zəkası və istedadı ilə tay-tuşlarından seçilən Fərhad Şuşa şəhər məktəbini bitirdikdən sonra 1898-ci ildə Zaqafqazyia (Qori) Müəllimlər Seminariyasına qəbul olur və 1900-cü ildə oranı bitirir. Həmin ildən – 1900-1905-ci illərdə əvvəlcə Xaldan (1900), Şuşa (1901-1902), Gorus (1902-1905) Gəncə (1905) məktəblərində müəllim işləmiş, 1905-ci ildə pedaqoji fəaliyyətini Bakıda davam etdirərək, rus-Azərbaycan və "Səadət" məktəblərində çalışıb.

F.Ağazadə Qafqaz müsəlman müəllimlərinin Bakıda keçirilən I (1906), II (1907) qurultaylarının iştirakçısı olaraq, hər iki qurultayın katibi seçilmiş, yeni dövrdə tədrisin aktual problemlərinə dair məruzələrlə çıxış etmişdir. Jurnlalist "İkinci il" (1908); M.Mahmudbəyov, S.Əbdülrəhmanbəyov, S.Axundov, A.Talıbzadə və A.Əfəndizadə ilə) dərsliyini tərtib edib. O, 1910-cu illərdə Azərbaycan ədəbiyyatı və dilinin inkişafı ilə maraqlanmağa başlayıb və bu sahədə xeyli iş görüb. 1912-ci ildə "Ədəbiyyat məcmuəsi" adlı kitab tərtib edib çap etdirib. F.Ağazadənin həmçinin ərəb əlifbasının yeni, latın əlifbası ilə əvəz edilməsində böyük xidmətləri olub. Çünki 1906-cı ildə yeni əlifba layihəsi tərtibi ilə bağlı bu sahədə xeyli çalışıb. Lakin Azərbaycandakı mövcud vəziyyət, çar Rusiyasının müstəmləkəsi Fərhad Ağazadənin arzularının reallaşmasına imkan vermir, necə deyərlər, uzun zaman çəkdiyi zəhmət işıq üzünə çıxarılmır.

Fərhad Ağazadə Azərbaycan Cümhuriyyətinin rəsmi orqanı olan "Azərbaycan" qəzetinin ən fəal yazarlarından biri olub. Qəzetin çox nadir səhifələrində onun imzasına rast gəlinmir. 1919-1920-ci illərdə isə, demək olar ki, "Azərbaycan"ın hər nömrəsində F.Ağazadənin müxtəlif mövzularda yazıları dərc edilmişdi. O, məqalələrində xalqının, millətinin nicatını elmdə, təhsildə gördüyünü yazır, yetişən gəncliyi təhsil almağa çağırırdı.

Publisistin fəaliyyət istiqamətləri haqqında əməkdar jurnalist, BDU-nunJurnalistikafakültəsi Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının dosentQərənfilDünyaminqızıöz fikirlərini bizimlə bölüşüb:

"Fərhad Ağazadə XIX əsrin sonu XX əsrin əvvəlləri Azərbaycan mətbuatında görkəmli jurnalist və publisit kimi tanınmışdır. Ən əsası isə o ədəbi-bədii tənqidçi olub. Ümumiyyəttlə XX əsrin əvvəlləri ədbi tənqidimiz 3 böyük simanın Fərhad Ağazadənin, Firudin bəy Köçərlinin və Seyid Hüseynin çiyinləri üzərində idi. Fərhad Ağazadə cümhuriyyət dövründə çox məhsuldar yazıb-yaradan jurnalistlərdən, publisistlərdən olub. Amma onun Azərbaycan mətbuatının tarixinə dair elmi-publisistik məqalələri haqqında çox az danışılıb. Xalq Cümhuriyyəti dövründə "Azərbaycan” qəzetində onun mətbuat tarixi sərlövhəli silsiləli məqalələri dərc olunur. Fərhad Ağazadənin həm də AXC dövrünun mətbuatşünaslığı haqqında ədəbi-bədii tənqidi məqalələri, elmi-nəzəri fikirləri var. Ümumiyyətlə o, AXC dövrünün tarixinə milli mənafe baxımından yanaşmış və düzgün konsepsiya irəli sürmüş tədqiqatçı olub. Azərbaycan mətbuatı tarixini, xüsusilə Həsən bəy Zərdabi şəxsiyyətini ilk dəfə tədqiq edənlərdən biri də Fərhad Ağazadədir. Onun elmi irsini nəzərdən keçirəndə bu elmi irsin içərisində "Əkinçi” qəzeti və Həsən bəy Zərdabi fəaliyyətinin işqılandırılması üstünlük təşkil edir. Onun 1908-ci ildə "Dəbistan” elmi jurnalında "Həsən bəyin Azərbaycan xalqı qarşısında xidmətləri” adlı məqaləsi çap olunur, eyni zamanda jurnalist Həsən bəy Zərdabinin həyat və yarradıcılığını ədəbi məcmuəsində də tədqiq etmişdi. Elə indinin özündə də mətbuatşünaslığımız tədqiqata cəlb ediləndə ilk olaraq Fərhad Ağazadənin məqalələrindən, elmi əsərlərindən çox istifadə edilir. Heç təsadüfi deyil ki, bu cür elmi-nəzəri fikirlərinə görə Firudin bəy Köçərli dövrünün dəyərli qələm sahiblərindən hesab edirdi”.

Əməkdar jurnalist Fərhad Ağazadənin parlament fəaliyyətinə də toxunub:

"Fərhad Ağazadə təkcə mətbuat tarixi ilə bağlı deyil, həm də o dövrün parlamenti haqqında da yazılar yazıb. Parlamentdə irəli sürülən təkliflər, irəli sürülən qanunlar haqqında və.s barədə publisistin yazıları çox olub. Məlum olduğu kimi o dövrdə parlament cəmi 17 ay fəaliyyət göstərib və bu müddətdə parlamentə 270 qanun təqdim edilmişdi ki, həmin qanunların 230-u qəbul edildi. Həmin qanunların qəbul edilməsində, mətbuatda şərh edilməsində və təhlilində Fərhad Ağazadənin parlamentdə iştirak edən bir müxbir kimi çox böyük rolu olub. Ümumiyyətlə o dövrün qəzeti olan "Azərbaycan” qəzetində onun parlament və digər məsələlərlə bağlı yazılarına geniş yer verilib”.

Parlamentdə dil məsələlərinin müzakirəsi məsələlərini Fərhad Ağazadə öz yazılarında geniş işıqlandıraraq şəxsi mövqe də sərgiləməkdən yan keçməyib…

Qeyd edək ki, ərəb əlifbasının islah edilməsi vəlatınəlifbasına keçid məsələləri cümhuriyyət dövründə də çox qızğın şəkildə müzakirə olunurdu. Bu dövrdə Azərbaycanda ərəb əlifbasındanlatınəlifbasına keçilməsi prosesi çox geniş vüsət almaqda idi və bu məsələdə ən fəal yenə də Fərhad Ağazadə olmuşdur.

F.Ağazadə həmin dövr mətbuat səhifələrində tez-tez əlifba ilə bağlı məqalələrlə çıxış edir, müxtəlif müəlliflər tərəfindən təklif olunan əlifba layihələri haqqında məlumatlar verir, əlifba məsələsini mətbuatın diqqət mərkəzində saxlayırdı.

"Azərbaycan” qəzetinin 1919-cu il 11 sentyabr tarixli buraxılışında jurnalist palamentdə əlifba ilə bağlı müzakirələrin olması ilə bağlı məqalə yazmışdı. Məqalədə bildirilirdi ki, AXC parlamentinin deputatı olan Abdulla bəy Əfəndizadə Avropa sivilizasiyasına yaxın olmaq üçün latın qrafikalı əlifbaya keçid təklifini irəli sürür. Lakin naşir və ictimai xadim Məhəmməd Ağa Şahtaxtlı 45 hərfdən ibarət olan və türkcədən qarşılığı olmayan bəzi hərflərin yer aldığı yeni əlifba təklif edir.

Bundan başqa jurnalist zaman-zaman türk dili və əlifba məsələsi ilə bağlı yazılarını o dövr oxucularına təqdim etmişdir.

Fərhad Ağazdənin AXC parlamentinin işıqlandırılmasında rolu böyükdür və nəinki qanun layihələri və müzakirələr barədə məqalələr hazırlamış, hətta parlament məsələləri ilə bağlı şəxsi mülahizələrini də mətbuatda yayımlamaqdan çəkinməmişdir. Jurnalistin dilçiliyə aid "Türk-tatar dillərində səslərin nisbi münasibətini bilmək bizə nədən ötrü lazımdır?", "Yazı qaydalarında mümkün ixtisarlar məsələsinə dair" və s. məqalələri o dövrün dil problemlərinin açıq şəkildə oxucuya çatdırılmasına xidmət edir.

Bütün həyatını yazıb-yaratmaqla keçirən Fərhad Ağazadə 1929-cu ilin iyun ayının 26-da Ümumittifaq Mərkəzi Yeni Türk Əlifba Komitəsinin (ÜMYTƏK) genişləndirilmiş rəyasət heyətinin iclaslarında (1-5 iyul 1929) iştirak etmək üçün Maxaçqalaya ezam olunur və geri qayıdarkən yolda onun səhhəti pisləşir. Bundan sonra o, "qida borusunun daralması"ndan əziyyət çəkməyə başlayır. Bir müddət Bakıda müalicə olunsa da, səhhətində irəliləyiş hiss olunmur. Onu müalicə edən həkimin 19 dekabr 1929-cu il tarixdə verdiyi arayışda onun təkrar ciddi müalicə olunması vacibliyi göstərilir. O dövrdə belə xəstəliklərin ən yaxşı müalicəsi Leninqrad Rentgen-Radioloji İnstitutunda aparılırdı. Bu məqsədlə, müalicəsinə təşkilati və maddi yardım göstərilməsi xahişi ilə Fərhad Ağazadə, 2 fevral və 9 mart 1930-cu il tarixli məktublarla ÜMYTƏK-nə müraciət edir.

1930-cu il martın 3-də Xalq Səhiyyə Komissarlığı Fərhad Ağazadənin Leninqrad Rentgen-Radioloji İnstitutunda müalicəsinə kömək olunması xahişi ilə Leninqrad Vilayət Səhiyyə Şöbəsinə teleqram vurur və beləliklə də, maddi və təşkilati kömək alan Fərhad Ağazadə Leninqrada müalicəyə gedir. O martın 21-dən etibarən Leninqradda Rentgen-Radioloji İnstitutun cərrahiyyə şöbəsində müalicəyə başlayır. Ona əməliyyat edilməsi təklifinə razılıq vermir. O, "həyatının ən nəcib dostu" adlandırdığı (ifadə onun 22 mart tarixli məktubundan götürülmüşdür) həyat yoldaşı Gövhər xanıma 2 aprel tarixli məktubunda yazırdı: "Mən əməliyyata razılıq vermədim. Rentgen şüası ilə müalicə edəcəklər. Əgər vəziyyətim pisləşsə, çıxıb evə qayıdacam".

Bundan 2 həftə sonra, aprelin 17-də Bakıya qayıdır, müalicə götürməsinə baxmayaraq, onun səhhətində yaxşılığa doğru heç bir irəliləyiş olmur.

Tanınmış pedaqoq, dilçi, jurnalist, yazıçı-publisist, nüfuzlu ictimai xadim, "latın əlifbasının düşmənləri arasında belə bu əlifbanın ən nəhəng nəzəriyyəçilərindən biri kimi qiymətləndirilən" Fərhad Ağazadə 1931-ci il yanvar ayının 4-də gözlərini həyata əbədilik yumur. Fərhad Ağazadənin ölümü ilə əlaqədar "Kommunist" qəzetində verilən nekroloqda deyilirdi: "Ağazadə yoldaşın ən böyük xidmətlərindən biri də onun yeni türk əlifbasının yayılması yolundakı mübarizəsidir. Türk əlifbasının yeni latın sisteminə keçirilmə məsələsi irəli atılan gündən Ağazadə yoldaş bunun böyük mədəni nəticələr verəcəyini nəzərə alaraq yeni əlifbanın qəbul edilməsi və yayılması yolunda aktiv mübarizəyə başlamışdır. Ümumittifaq Mərkəzi Yeni Türk Əlifba Komitəsinin üzvü olaraq Ağazadə yoldaş yeni əlifbanın bütün Şuralar İttifaqı türk, tatar xalqları arasında da yayılmasına çalışmışdır".

Əzizə ZEYNAL