adalet.az header logo
  • Bakı 20°C
17 Iyun 2020 18:37
21122
SİYASƏT
A- A+

Azərbaycan-Pakistan parlamentlərarası əlaqələri müzakirə olunub

İyunun 17-də Milli Məclisdə Pakistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Qənirə Paşayeva Pakistan İslam Respublikası Parlamentinin Milli Assambleyasında ölkəmizdə dostluq qrupunun əlaqələndiricisi Murtəza Caved Abbasi ilə videogörüş keçirib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Adalet.az-a bildiriblər ki, görüşdə Qənirə Paşayeva ölkələrimizin dost və qardaş olduğunu qeyd edərək, bu əlaqələrin daha da inkişaf edəcəyinə əmin olduğunu söyləyib. Qeyd edilib ki, ikitərəfli münasibətlərin inkişafında parlamentlərin böyük rolu var və parlamentlərarası münasibətlərin genişləndirilməsi üçün müvafiq işlər görülür. Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biri kimi biz Pakistanla əlaqələrimizi daha da möhkəmləndirmək niyyətindəyik.

Videogörüşdə deputat Azərbaycanın iqtisadi inkişafı, paytaxtımızda və regionlarda həyata keçirilən irimiqyaslı layihələr haqqında məlumat verib. İndiyədək iki ölkə arasında bir sıra mühüm sənədlərin imzalandığını vurğulayıb. Deputat COVID-19-la mübarizədə də birgə aparılan cəhdlərin öz müsbət nəticəsini verəcəyini söyləyib.

Qənirə Paşayeva 2015-ci il 11 fevral tarixində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Pakistanın "Hilal-e-Pakistan” ali ordeni ilə təltif edildiyini deyib.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən, Xocalı faciəsinin tarixindən danışan deputat vurğulayıb ki, Pakistanın Azərbaycanın mövqeyini dəstəkləməsi yüksək qiymətləndirilir və problemin beynəlxalq birliyin səyi nəticəsində sülh yolu ilə tezliklə həllinin vacibliyi vurğulanır.

Pakistan İslam Respublikası Parlamentinin Milli Assambleyasında Azərbaycanla dostluq qrupunun əlaqələndiricisi cənab Murtəza Caved Abbasi səmimi görüşə görə minnətdarlığını bildirib. O qeyd etdi ki, Azərbaycan Cənubi Qafqazda öz geosiyasi mövqeyinə görə strateji əhəmiyyət kəsb edir. Ölkədə siyasi, iqtisadi, humanitar sahələrdə böyük irəliləyiş müşahidə olunur. Qonaq parlamentlərarası əlaqələrin inkişaf etdirilməsinin vacibliyindən danışıb. Azərbaycanın əldə etdiyi nailiyyətlər, iqtisadi inkişafı barədə kifayət qədər məlumatlı olduğunu deyən Murtəza Caved Abbasi əməkdaşlığın möhkəmləndirilməsi üçün qarşılıqlı səfərlərin intensivləşdirilməsinin əhəmiyyətini vurğulayıb.

Videogörüşdə Milli Məclisin deputatları Sadiq Qurbanov, Tahir Rzayev, Azər Badamov, Eldəniz Səlimov, Ceyhun Məmmədov, Ülviyyə Həmzəyeva, Azərbaycanın Pakistandakı səfiri Əli Əli-zadə və digər rəsmi şəxslər iştirak ediblər.

Nicat Novruzoğlu