adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
18 Iyun 2020 08:58
19322
SİYASƏT
A- A+

ERMƏNİSTANDA GÜNÜN MƏNZƏRƏSİ

Bəlli olduğu kimi, erməni sözçüləri, siyasiləri eləcə də Ermənistan hakimiyyətində təmsil olunanlar zaman-zaman qeyri-ciddi fikirlər səsləndirmək, yalanı gerçək donunda təqdim etmək və bununla da həm ölkə daxilini, həm də dünya ictimaiyyətini öz çirkin niyyətlərinin aurasında saxlamaq yolunu tutublar. Artıq onlar üçün xəstəliyə çevrilmiş bu üsul sabun köpüyü kimi partlamış və dünyanın ağıllı, uzaqgörən siyasətçiləri, elm, bilik sahibləri, tarixçiləri özlərinin çıxışlarında, şərhlərində, hadisələrə münasibətlərində bu yalanları faş etməyə, erməniləri susdurmağa başlamışlar. Görünür, bütün bunlar hələki ermənilərə dərs olmur. Onlar öz çirkin niyyətlərini hələ də davam etdirirlər. Ən acınacaqlısı odur ki, Ermənistan iqtidarı tutduğu bu yolla, yürütdüyü bu siyasətlə öz xalqını da aşağılayır, onları da siyasətlərinin qurbanına çevirirlər. Bu gün COVİD-19-un tüğyan etdiyi bir məqamda Ermənistan iqtidarı dünyanı silkələyən bəlaya qarşı vuruşmaq, dünya ictimaiyyətilə birlikdə olmaq əvəzinə yenə də populist çıxışlar edir, yenə də məzlum erməniləri öz siyasətçilərinin ardınca sürüyürlər. Hətta Ermənistanın baş naziri Nikol Paşinyan və onun ailə üzvləri, yaxın çevrəsi ermənilərin mal-mülkünü bu və ya digər vasitələrdən istifadə etməklə talayır, özlərinin böyük biznes imperiyalarını qururlar.

Ermənistanda baş verən hadisələrə məhz erməni siyasətçilərinin, tanınmış adamlarının baxış bucağı altında nəzər salsaq, onda bir çox mətləblər ortaya çıxmış olar. Belə ki, Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın kürəkəni, Ermənistanın Vatiakndakı sabiq səfiri Mikael Minosyanın son vaxtlarda mediada yayılan fikirlərinə diqqət yetirəndə məlum olur ki, ölkədə ən böyük qaçaqmalçılığa, korrupsiyaya indiki baş nazirin xanımı və digər yaxınları rəhbərlik edirlər. Mikael Minosyan öz açıqlamalarında bildirir ki, "Ermənistanda siqaret qaçaqmalçılığı hökumətə yaxın olan bir qrupun, konkret Paşinyanın qardaşı oğlu, qaynı və Dövlət Gəlirlər Komitəsinin sədr müavini tərəfindən idarə edilir”. Ona görə də Paşinyan vəziyyəti diqqətdən yayındırmaq üçün daha çox keçmiş prezident Serj Sarkisyanı və onun yaxınlarını təftiş edir. Yəni bu yolla özünü və özününküləri pərdə arxasında saxlayır.

Amma Paşinyanın basqılarına baxmayaraq, qarşı tərəf də tutarlı arqumentlərdən indiki baş naziri ifşa etməkdən çəkinmir. Məhz Minosyanın səsləndirdiyi arqumentlərdən məlum olur ki, "Paşinyan iqtidarının sonu yaxınlaşdığı üçün o, populist çıxışlara üstünlük verir və bununla ölkəni idarə etməyə çalışır. Həmçinin beynəlxalq mafiya ilə əməkdaşlıq edərək qaçaqmalçılıq yolu ilə şəxsi sərvətini artırmağa çalışır”. Sabiq prezidentin kürəkəninin iddialarına görə, "bu ilin may ayının ortalarında Rusiya Federasiyasının Voronej şəhərində Ermənistandan qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda siqaret müsadirə edilib. Minosyan müsadirə edilən siqaretlərin Paşinyanın qardaşı oğlu Sipan Paşinyana aid olduğunu vurğulayır”.

Çox maraqlıdır ki, adı çəkilən Sipan Paşinyan "Mənim addımım” blokundan Ermənistan parlamentinə deputat seçilib. Minosyan onu da vurğulayıb ki, həmin siqaretlər Əfqanıstana ixrac olunsa da, amma Voronejdə ələ keçib. Bunun necə baş verdiyini isə hökumət izah edə bilmir. Ona görə ki, siqaret qaçaqmalçılığı ilə Nikol Paşinyanın arvadı Annanın rəfiqəsi, Dövlət Gəlirlər Komitəsinin sədr müavini Şuşan Mersesyan və Paşinyanın qaynı, deputat Hraçya Akopyan dayanır. Ona görə də məsələni ört-basdır etmək üçün Paşinyan öz müşaviri, general Arşaq Karapetyanı təcili Rusiyaya göndərib ki, məsələni ört-basdır etsin.

Burada belə bir sual ortaya çıxır ki, Ermənistanda pandemiya ilə bağlı giriş-çıxış yasaqdır. Ona görə də general ölkəni rəsmi şəxs kimi tərk edib. Amma bu barədə rəsmi mediada heç bir bilgi verilməyibdi. Ümumiyyətlə, Ermənistanda gizli baş verən oyunlar hakimiyyətin əleyhidarları olan sabiqlərin konkret faktlar ilə xalqa çatdırdığı bilgilərdi. Bu isə təbii ki Paşinyan iqtidarının mahiyyətini açıb göstərir. İndi Ermənistanda qaçaqlmalçılıq, silah alveri, narkoticarət, bir sözlə, külli miqdarda varidat toplamaq uğrunda sanki açıq-aşkar yarış gedir. Bu yarışın önündə də bügünki Ermənistan iqtidarı, xüsusilə Paşinyan və onun çevrəsi dayanır. Artıq Ermənistan müxalifəti bu iqtidarın xalqın düşməni olduğunu açıq şəkildə bəyan etməkdədir. Deməli, Ermənistanın bugünki gerçəkliyi Paşinyan iqtidarının sonunu yaxınlaşdırır.

Əbülfət MƏDƏTOĞLU

Əməkdar jurnalist