adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
18 Iyun 2020 08:30
11851
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: CANIMIZDAN BEZMİŞİK?

Sizi bilmirəm, mən hər dəfə dənizdə, çayda boğulmuş adamlar haqqında xəbərləri eşidəndə tüklərim biz-biz olur. Sanki hər yay mövsümü gələndə dəniz, çay, göl bir Əzrayıla dönür və neçə-neçə can alır. Nə dənizin, nə gölün, nə də çayın günahı var? Bütün günahlar üzməyi bacarmayan, özünün və ailəsinin taleyini düşünməyən insanların özündədir. O insanlar ki, hər yay mövsümündə bu cür hadisələrin şahidi olurlar; görürlər ki, neçə-neçə adam dənizdə, çayda, göldə boğulur. Amma bu boğulanlardan çoxları nəticə çıxarmırlar və düşünürlər ki, dənizdə, çayda, göldə üzsələr, onlara bir şey olmaz.

Yayın gözəlliklərindən biri də isti günlərdə dənizə, çaya, gölə getməkdir. Əgər hər hansı adam çox normal və rahat şəkildə çimərliyə getsə, qaydalara əməl eləsə, təbii ki, bundan ləzzət alacaq. Vay o günə ki, kimsə üzməyi bacarmaya, çimərliyə gedə və sonra da yeyib-içdiyi burnundan tökülə. Əfsuslar olsun ki, əksər insanlar bu barədə çox dayaz düşünürlər. Dayaz düşündüklərinə görə də həmin yerlərdə dayaz yerdə deyil, dərin hissələrdə çimirlər.

Fikirləşmirlər ki, onlar istirahətə gəliblər, yoxsa həyatlarını təhlükə altına atmağa?! Bu cür hərəkətə yol verən yeniyetmə də var, gənc də olur, orta və yaşlı insanlar da! Təbii ki, dərindən düşünməyən həmin adamlar suyun dərinliyində olarkən bu faciəli anı yaşayırlar və bundan sonra da hər şey faciə ilə bitir.

Son günlərdə respublikamızda neçə-neçə insanın çayda və göldə boğulub ölməsi xəbəri yayılıb. Biri var suya təsadüfən yıxılasan və səni də xilas eləyən olmaya, bir də var üzməyi bacarmaya-bacarmaya suya atılasan. Amma bu yaxınlarda Mingəçevir şəhərində bir qız Kür çayına yıxılmışdı. Onu görən mühafizə polisinin əməkdaşı özünü suya ataraq 150 metr üzüb həmin qızı xilas eləyib. Yəni o polis əməkdaşı olmasaydı, aydındır ki, o qızı da xilas edən olmazdı. Görünür, Allah-Təala xilaskar kimi polis əməkdaşını seçib və onun əliylə qızı ölümün pəncəsindən xilas eləyib. Bu başqa hadisədi. Yəni kimsə təsadüfən çaya yıxılır və bir Allah bəndəsi də onu qurtarır.

Bir həftə ərzində dənizdə, çayda və göldə boğulanların sayı 10-a yaxındır. Bir neçə gün bundan əvvəl isə Kür çayının Tovuz rayonu ərazisindən keçən hissəsində isə daha bir faciəli hadisə baş verib. Belə ki, isti iyun günlərində 5-6 nəfər kənd sakini yığışıb çimməyə gedib və çimməyə getməmişdən öncə yaxşı yeyib-içiblər. Yeyib-içmək deyəndə, yəni araq da vurublar. Həmin dostlardan biri sərinləmək üçün çaya atılıb. Bir başqa dostu da görüb ki, suya atılan yoldaşı batır, onu xilas eləmək üçün suya tullanır. Suya tullanan oğlan nə dostunu xilas edə bilir, nə də özünü. Və hər ikisi boğulur. Çayın kənarında duran, suda boğulan kişilərdən birinin oğlu atasına kömək məqsədilə o da özünü çaya tullayır. Bu uşaq da üzə bilmədiyinə görə, boğulmaq təhlükəsi qarşısında qalır. Başqa bir adam suya tullanaraq o uşağı xilas edir. Hələ də iki nəfərin axtarışı aparılır və meyitləri tapılmayıb.

Başqa bir hadisə isə Lənkəranda baş verib. Orda da çayın vadisində bir nəfər ehtiyatsızlıqdan suya düşür. Onun cəsədini çıxararkən sahildə duran qohumlarından biri əllərilə öz başına döyürdü. Yəni bu faciəyə tab gətirməyən qohumu çıxış yolunu özünü döyməkdə görürdü. Aman Allah, mən bu səhnəyə televizorda göstərilən süjetə baxanda ürəyim para-para oldu. Dedim ki, yazıq suda boğulanların qohumları, bu qəfil ölümlərdən siz nələr çəkirsiniz?! Çünki qəfil ölümə dözmək o adamların qohumları üçün elə də asan deyil. Ancaq yenə Allah-Təaladan bu faciələri yaşayan insanlara səbr diləyirik. Amma həm də deyirik ki, ay qardaşlar, ay bacılar, ay insanlar, bax, bu cür səhlənkar hətəkətləriniz ilə siz görün qohum-əqrəbalarınızı necə gözüyaşlı qoyursunuz... siz görün adi bir diqqətsizliklə öz həyatınıza nöqtə qoymaqla yanaşı, ailənizin və doğmalarınızın hansı acılar, ağrılar çəkməsinə gətirib çıxarırsiniz.

Üzməyi bacarmayan adamlar yaş həddindən asılı olmayaraq, çimərliyə getsələr də, dərin yerlərə getməməlidirlər. Balam, sən çimərliyə, dənizə, çaya, gölə istirahətə gedirsən, yoxsa ölməyə?! Əgər istirahətə gedirsənsə, tay bu nə oyundur çıxarırsınız? Yeyib-içib, araq vurub sonra da üzməyi bacarmaya-bacarmaya suya baş vurursunuz. Bəs bilmirsiniz, bunun da axırı bir çox halda boğulmaqla bitir?

Bizə elə gəlir ki, bir çox insanlar üzməyi bacarmayıb suda çimənlərin faciəli həyatından nəticə çıxarmalıdırlar. Artıq çimərlik mövsümü başlayıb. Və karantin rejimi ilə əlaqədar olaraq çimərliklərdə də sosial izolyasiya qaydalarına, ara məsafəsi saxlanılmasına diqqət yetirilməlidir. Ən böyük diqqət isə üzməyi bacarmaya-bacarmaya çimərliyə getməkdir. İnsanlar istəsələr özlərini hər hansı təhlükədən xilas eləyə bilərlər.

Sadəcə olaraq, bir qədər diqqətli və məsuliyyətli olmaq tələb edilir. Bizim millətsə həmişə olduğu kimi, bu məslələrdə də həyatına laqeyd yanaşır. Əgər laqeyd yanaşmasalar, bu qədər faciələr hər yay mövsümü baş verməz. Yəni onlarla insan dənizdə, çayda və göldə üzərkən boğulub ölməz. Boğulmaq istəmirsinizsə, diqqətli olun, özünüzün və ailə üzvlərinizin taleyini düşünün. Düşünmürsünüzsə, deməli, hər an sizi suda boğulmaq təhlükəsi gözləyir...