adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
17 Iyun 2020 12:33
8984
GÜNDƏM
A- A+

Naxçıvanda Nazirlər Kabineti yeni qərarlar qəbul edib

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində 2020-ci ilin iyun ayının ilk 15 günü ərzində müəyyən qərarlar qəbul edilib və bir sıra tədbirlər həyata keçirilib.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən Adalet.az -a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 iyun tarixli 95 nömrəli Qərarı ilə "Naxçıvan Muxtar Respublikasında pedaqoji fəaliyyətlə məşğul olma Qaydası” təsdiq edilmişdir. Adıçəkilən qaydaya əsasən pedaqoji təhsilə malik olmayan ali təhsilli mütəxəssislər baza təhsilindən asılı olaraq pedaqogika, psixologiya və təlim strategiyaları ilə bağlı Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi tərəfindən təşkil olunan müvafiq ödənişsiz təlim kurslarına cəlb olunurlar. Təlim kurslarının keçirilməsi vaxtı, yeri, davametmə müddəti və digər şərtləri nazirlik tərəfindən müəyyən edilir və bu barədə nazirliyin rəsmi internet səhifəsində məlumat yerləşdirilir. Təlim kurslarını başa vurmuş şəxslərə forması nazirlik tərəfindən müəyyən edilən sertifikat verilir. Həmin tarixdə "Naxçıvan Muxtar Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə Qaydaları” təsdiq edilmişdir. Bu Qaydalar Naxçıvan Muxtar Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandığı zaman yoluxma riski olan və ya yoluxduğu güman edilən şəxslərin və yoluxucu xəstəlik faktı təsdiq edilmiş şəxslərlə təmasda olan şəxslərin karantin nəzarətinə götürülməsini müəyyən edir.

Nazirlər Kabinetinin 96 nömrəli Qərarı ilə "Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində psixoloji xidmətin təşkili Qaydaları” təsdiq edilib. Həmin Qərara uyğun olaraq tabeliyindən, təşkilati-hüquqi formasından asılı olmayaraq, Naxçıvan Muxtar Respublikasının bütün təhsil müəssisələrində psixoloji xidmət təhsilalanların əqli və fiziki inkişafının, habelə onların sosial müdafiəsinin təmin olunması sahəsində təhsil qanunvericiliyinə, digər normativ hüquqi aktlara və bu Qaydalara uyğun olaraq təşkil edilir, uşaq yeniyetmə və gənclərin psixologiyası üzrə aparılan elmi tədqiqatların nəticələrinə və nailiyyətlərinə əsaslanır, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, uşaqların inkişafı sahəsində müasir nəzəriyyələri istifadə və tətbiq etməklə həyata keçirilir.

Bundan başqa, 3 iyun tarixində "Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı”nın təsdiq edilməsi haqqında Qərar qəbul edilib. Qərarda qanunvericiliyə əsasən ixrac nəzarətinə düşən malların ixracı, idxalı, və tranziti üçün, eləcə də mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən əşyaların dövriyyəsinə daxil bu və bu kimi icazələrin siyahısı yer alıb.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 14 aprel tarixli 61 nömrəli Qərarı ilə təsdiq edilən "Naxçıvan Muxtar Respublikasında pedaqoji heyətin dövlət ümumi təhsil və peşə təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları”nda dəyişikliklər edilib. Dəyişikliyə əsasən "Pedaqoji təhsilə malik olmayan, lakin qanunvericiliklə müəyyən edilmiş ümumtəhsil fənlərinin tədrisi üzrə ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ verilmiş ali təhsilli mütəxəssislərin müəllim vəzifəsinə qəbulu da bu Qaydalara əsasən həyata keçirilməsi ilə bağlı 1.2-1-ci bəndinə əlavə edilib. "Naxçıvan Muxtar Respublikasında işsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”nın təsdiq edilməsi haqqında 100 nömrəli Qərar qəbul edilib. Qərara uyğun olaraq özünüməşğulluğun təşkili zamanı ünvanlı dövlət sosial yardımı alan şəxslərə, əlilliyi olan şəxslərə, bir ildən artıq işsiz kimi qeydiyyatda olanlara, pensiya yaşına iki ildən az qalmış şəxslərə, cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərə üstünlük verilir. Eləcə də mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub digər məşğulluğu olmayan işaxtaran şəxslər 1 il müddətində özünüməşğulluğa cəlb olunmuş işsiz şəxslərin ümumi sayının 50 faizdən çox olmamaq şərtilə bu Qaydaya uyğun olaraq özünüməşğulluğa cəlb edilirlər.

"Naxçıvan Muxtar Respublikasında sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 noyabr tarixli 73 nömrəli Qərarında da dəyişiklik edilib.

Qeyd olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar. nakhchivan.az) tanış olmaq mümkündür.