adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
23 Iyun 2020 08:48
137224
MARAQLI
A- A+

Pomadayla siyasətçiləri öldürən rus qızları, “KQB”nin hoqqaları...

"Agentləri satan adam da hərbiçidir. O dostlarını satdı. Vətənini satdı. Uşaqlarının, ailəsinin gözünə necə baxacaq? Bir düşünün görək. Agentlərimiz həyatlarını vəzifələrinə həsr etdilər. Ailə və yaxınlarından vaz keçdilər. Üstəlik bir heyvan onları satdı. Donuz! Bu cür insanların gələcəyi yoxdur.”

Putinə məxsus olan, bir prezidenti özündən çıxardaraq söyüş söyməyə məcbur edən sözlər heç də xırda səbəbdən yaranmadı. Polkovnik Şerbakovın ABŞ-dakı Rusiya agentlərini ifşa etməsi Putini dünya mediasında gülüş obyektinə çevirdi. Neftin ucuzlaşması, Suriya, Ukrayna məsələləri belə Rusiya prezidentinə yaşadığı şokun altından çıxa bilməsinə imkan vermir, onu qərbə qarşı daha aqressiv olmağa yönləndirirdi . Nə də olsa keçmiş KQB rəhbəri kimi Putinin ən azından 400 agenti müxtəlif səfirliklərdə və rəsmi təşkilatlarda fəaliyyət göstərir. Belə dərin şəbəkəyə malik qurumun bu cür biabırçılığı alnından təmizləməsi uzun zaman alacaq.

2008-ci ildə zəhərlənmə şübhəsi ilə xəstəxanaya aparılan Qordiyevski " KQB Litvinenko kimi məni də öldürmək istəyir. Məni heç vaxt rahat buraxmayacaqlar” demişdi.

Həmin Qordiyevski ki, KQB əməkdaşı olsa da Britaniya M16-na satılmışdı. KQB-ni deşifrə edən Qordiyevskiyə inanmaq üçün ingilis kəşfiyyatçılarının onu sorğu-suala tutmasından 6 min səhifəlik material alındı. Bütün əziyyətlərə baxmayaraq, KQB Qordiyevski "alış-verişi” nəticəsində tarixinin ən böyük zərbələrindən birini aldı.

Sovet kəşfiyyatının atası sayılan "Dəmir Feliks”, yəni Dzerjinskinin sevdalısı olan agentlər indi də az deyil. Bəzi bölgələrdə rus kəşfiyatının qəddar və amansız əməliyyatları "Demir Feliks”lərin hələ də yaşadığını göstərir. 90-cı illərdən FSB rəhbərliyinə gətirilən Vladimir Putin bu cür kadrların yetişməsində heç də az "əmək” sərf etməyib. Hər halda yarım milyona yaxın insanı məhv edən sələfi Çekanın təsiri tam keçməyib.

Putin Rusiyaya satılan casusları sevir

Rusiya prezidenti Vladimir Putin öz ölkəsinin kəşfiyyatçıları qədər əcnəbi agentləri də qiymətləndirir. Onun Corc Bleyki 85 illik yubileyi münasibətilə "Dostluq” medalıyla mükafatlandırması da bu qəbildəndir. Rusiyaya satılan kəşfiyyatçılar həmişə Putinin diqqətindədir.

HAŞİYƏ: Corc Bleykin anası holland, atası Türkiyə yəhudilərindəndir. Rotterdamda doğulub. Atası İstanbulda doğulmasına baxmayaraq, ingilislər tərəfindən Osmanlıya qarşı döyüşmüşdü. Bleyk Misirdə ikən xalası oğlunun təsiri altında kommunizmə meylləndi. Normandiyada alman əsirlərinin sorğulanmasında iştirak etdi. Koreyada ingilis kəşfiyyatına işləyərkən müharibənin başlanmasıyla Qərb qüvvələrinin Şimali Koreya xalqına etdiklərindən və "Kapital”da oxuduqlarından təsirlənərək marksist oldu. İngiltərəyə qayıdanda qəhrəman kimi qarşılandı və Berlinə yollandı. Maraqlıdır ki, vəzifəsi sovet agentlərini tapıb İngiltərə naminə ikili casusluq etmək idi. Ruslara sızdırdığı məlumatlarla M16-nın Şərqi Avropadakı bütün əməliyyat məlumatlarını qarşı tərəfə sızdırmış, rus hərbi kəşfiyyatında işləyən MKİ casusu Pyotr Popovu ortaya çıxararaq edam etdirmişdi. Hələ də marksist baxışlarını qoruyur, Moskvada yaşayır.

KQB qeybə çəkildi?

1991-ci ilin sonunda KQB də Sovet İttifaqı kimi ən azı kağız üzərində tarixə qovuşmuşdu. Çekayla başlayıb KQB ilə son dayanacağına çatan Sovet kəşfiyyatında qan, xəyanət,işgəncə, qəhrəmanlıq və amansızlıqla zəngin bir səhifə bağlanmaqda idi.

Artıq səhnədə FSB adlı yeni kəşfiyyat xidməti var idi. Əslində bu, sadəcə addan ibarət yenilik idi. KQB-nin kadrları SSRİ-nin özü kimi buxarlanmamışdı.

Belə ki, FSB-nin keçmiş rəhbəri, KQB agenti Vladimir Putin 2000-ci ildə prezidentlik kürsüsünə yiyələnəcək və həmin tarixdən etibarən ölkəni məxfi xidmət metodları ilə idarə edəcəkdi.

KQB tarixə qovuşmuş, "soyuq müharibə” bitmişdi. Bu, həm də "casuslar müharibəsi”nin bitməsi kimi qəbul edilə bilərdimi? Təbii ki, xeyr! Əksinə, "casus müharibəsi”nin daha da alovlandığını söyləyə bilərik.

Xüsusilə 11 sentyabr terrorundan sonra təhlükəsizlik baxımından siyasətlərini dəqiqləşdirən və kəşfiyyat xidmətinə böyük pullar ayıran ABŞ-ın ardınca digər ölkələr də eyni xətt tutdular. "Soyuq müharibə”nin bitməsiylə rahat nəfəs almağa başlayan dünyanın bu dincliyi uzun çəkmədi. Terrorizmin güclənməsi və ya gücləndirilməsi kəşfiyyat xidmətlərinin bütün güclərini işə salaraq təkrar səhnəyə çıxmasına səbəb oldu.

Digər tərəfdən Hindistan, Çin və Rusiya kimi yeni güc mərkəzlərinin yaranması ilə üstü örtülü də olsa da yeni "soyuq müharibə” başladı. Son olaraq 2010-cu ilin iyun ayında Amerikada Anna Çapman adlı rus qadınının doqquz yoldaşıyla birlikdə Rusiyaya casusluq etməsi səbəbiylə tutulması son otuz ilin ən böyük casusluq skandalı sayılır. Bu hadisə casusluq skandallarının bitməyəcəyini göstərir.

FTB Çapman və dostlarını 7 il izləmişdi. Sietldən Nyu-York, Boston və Virginiyaya qədər uzanan amerikan şəhərlərində saxta adlar altında yaşayan Çapman və dostları amerikan siyasi qərar mexanizmlərinə sızmaq üçün təşkilatlanmış bir casusluq şəbəkəsinin üzvü olmaqda günahlandırılırdılar. Vəzifələri hər yöndə amerikanlaşaraq güc və nüfuz sahibi amerikalılarla yaxınlaşmaq və nüvə silahı proqramlarından İran siyasətinə qədər çox sahədə Rusiya Xarici Kəşfiyyat Təşkilatı SVR üçün məlumatlar toplamaq idi.

KQB-nin intiqamı:Vladimir Putin

O, Stalinin ölümündən bir il öncə doğulmuşdu. KQB üçün kadr hazırlığı ilə məşğul olan Leninqrad Universitetinin hüquqşünaslıq fakültəsində oxuyarkən məxfi xidmət orqanı ilə tanışlığı başladı. Sonralar bu tanışlığı belə ifadə etmişdi: "Gənc idim və ölkəmə ən yaxşı şəkildə xidmət edəcəyimə inanırdım”.

Karyerasının böyük hissəsini Şərqi Almaniyanın Drezden şəhərində, Qərb texnologiyaları və NATO haqqında gizli bilgilərin ələ keçirilməsində məsul şəxs kimi keçirdi. Başqa bir vəzifəsi isə Qərbdə Rusiya hesabına rahatlıqla işləyə biləcək jurnalist, alim və mühəndis olan Şərqi Almaniya vətəndaşlarını tapmaq və öz tərəfinə çəkmək idi.

KQB-də ömrünün 17 ili keçdi. Artıq polkovnik rütbəsində ikən Qorbaçova qarşı çevriliş cəhdindən sonra istefa verdi. Bundan sonra Sankt-Peterburq meriyasında bir sıra bürokratik vəzifələrini tutdu, Yeltsinin diqqətini də elə bu zaman cəlb etməyə başladı. "Soyuq müharibə”nin bitməsindən sonra FSB adını alan KQB-nin rəhbərliyinə gətirildi və beləliklə, casus karyerasına yenidən start verdi. Çox keçmədən baş nazir və Yeltsin tərəfindən varis elan edilən Putinin ildırım sürətiylə Rusiya dövlətinin başına keçməsini "KQB-nin hakim sistemdən intiqamı” kimi şərh etdilər.

"Yediyi qaba tüpürməyi” doğru saymadığı üçün KQB-nin keçmişi haqqında hər hansı təftiş və mühakiməyə yol vermədi. Qərbə sığınan Qordiyevski kimi sabiq KQB agentlərinin yazdıqları kitabları oxuyub-oxumadığına dair ona verilən bir sualı isə "Vətəninə xəyanət edənlərin kitablarını oxumaram”deyə cavablandırmışdı.

Putinin ideoloq agenti "Ceyms Bond”: Ştirlits!

"Soyuq müharibə” həyatın hər sahəsində bloklar arası çəkişməyə səbəb olmuşdu. Qərb Ceyms Bondu yaratdı, ruslar ona Ştirlitslə cavab verdi.

KQB-nin təlimatı ilə qələmə sarılan Yuliyan Semyoniviç kod adı "Ştirlits” olan sovet agenti Maksim İsayev xarakterini yaratdı. Ştirlits bir yandan Şərqi Avropa ölkələrini nasist işğalından qurtatır, digər tərəfdən amerikalıların məxfi anlaşma imzalayaraq ruslara hücum etmək planlarını üzə çıxarırdı. 1973-cü ildən etibarən serial olaraq rus televiziyasında yayınlandı və populyar mədəniyyətin ən tanınmış ünsürlərindən biri olaraq əfsanələşdi.

Ştirlitsi canlandıran Vyaçeslav Tixonov 2009-cu ildə vəfat etdi və bu zaman rus məxfi xidməti onun ailəsinə başsağlığı məktubu göndərdi. Onların arasında Putin də var idi. Özü də keçmiş KQB agenti olan Putin, həmin vaxt Ştirlitsin ən önəmli ideoloqlarından biri olduğunu söyləyəcəkdi.

Arvadını məxfi xidmətə satdı

KQB-nin istər özü, istərsə xələfləri ailə daxilində belə casusluq oyunları qurmağı çox sevir. Bu günkü bəzi postsovet ölkələrində hələ də bu kimi metodlardan istifadə olunur. Əsas siyasi müxaliflərə qarşı ailə üzvlərinin imtina imzası alınır və yaxud ailəsi tərəfindən mənəvi zərbə vurdurulur.

Bunun ən maraqlı və diqqət çəkən misalı kimi Şərqi Almaniyada yaşanan olayı göstərə bilərik. 1990-cı ildə bu ölkə parlamentinə seçilən və KQB tabeliyindəki məxfi polis və kəşfiyyat STASİ-nin sorğu-sualından sonra müəllimlikdən qovulan Vera Vollenberger vətəndaşların özləri haqqındakı STASİ raportlarına baxa bilməsi üçün məsələ qaldırdı və təklifində xeyli israr etdi. Bu haqda qanunun qəbuluna nail olduqdan sonra ilk işi öz raportuna baxmaq oldu və onu STASİ-yə satan adamın əri olduğunu bildi.

Dərhal boşandılar.

ÇEKA-dan KQB-yə, KQB-dən FSB-yə Putin hökmranlığına kimi deyəsən, ən etibarlı və sərrast agentlər rus xanımları olub. Hər halda makyaj etməklə lazım olan adamı aradan götürmək rus gözəlliyinin ayağına yazılmalıdır. Deyildiyi kimi, rus tankının girmədiyi yerə rus qızları girər.

Pomada vurmalıyam...Sonra "ölüm öpüşü”

Rus qadın casuslarının dillərdə dastan olan gözəlliyi həm də onların ölümcül vəzifələrinin də tamamlayıcı tərkib hissəsidir. XX əsrin ikinci yarısı və XXI əsr bir az da KQB-nin gözəlliyi ilə göz qamaşdıran casuslarının qurbanı olan, ağızlarından qaçırdıqları sirlərlə karyeralarının və həyatlarının sonuna çıxan Qərb bürokratlarının və agentlərinin tarixidir.

Amma bəzən bu qadın casuslar uğursuzluqdan da qaça bilmirdilər. Belə situasiyalarda KQB-nin texniki dəstək qrupunun icad etdiyi "ölüm öpüşü” köməyə gələrdi. 4.5mm-lik, tək mərmi atan bu pomada görünüşlü tapança uzun illər ərzində onlarla yüksək vəzifəlinin xəyallarını puş etmişdi.

"Bolqar çətiri” təkcə yağışdan qorumur, Litvinenko kimi müxalifləri də məhv edir

Rus məxfi xidmətləri müxaliflərini məhv etmək üçün bir-birindən maraqlı işlərə imza atıblar. KQB-nin texniki qrupuna aid 12 nömrəli məxfi laboratoriya belə əməliyyatlar üçün xüsusi silahları hazırlayırdı. Ampulaya salınan sıxışdırılmış qazın köməyi ilə atəş açan və "qurban”ını infarkt etdirən spreylər, dəriyə təmas edər-etməz iflic effekti yaradan zəhərli gellər, gilizlərindən kobra zəhərindən qat-qat güclü olan və zərdabı tapılmayan zəhər saçan mini mərmilər bunların ən məşhurları idi. Xüsusilə aralarında məşhur bolqar müxalif yazar Georgi Markovun da olduğu onlarla Kreml əleyhdarı, Qərb casuslarının "Bolqar çətiri” adlandırdıqları bu silahla öldürülmüşdülər.

Nobel mükafatçısı olan rus yazıçısı Aleksandr Soljenitsın 1971-ci ildə onu hədəfə alan çətir vasitəsilə zəhərlənmiş və ölümdən çətinliklə xilas olmuşdu. Sonuncu dəfə 2006-cı ildə Rusiya prezidenti Putinin müxalifi, keçmiş KQB agenti Litvinenkonun da radioaktiv polonium zəhərlənməsi nəticəsində Londonda öldürülməsi "Bolqar çətiri”ni bir daha gündəmə gətirdi. Hazırda da Rusiya məxfi xidmətinin bu çətirdən müxaliflərinə qarşı istifadə etdiyi bildirilir. Deyəsən, işləri uğurlu alınıb ki, 2006-cı ildən bəri bu çətirlə bağlı hər hansı olay ortaya çıxmayıb.

Gülümsəyin, sizi KQB çəkir

Plaşın düyməsinə yerləşdirilən linzayla işləyən aparata "Ayaks” adı verilib. Şəkil çəkmək lazım olanda casus plaşın cibindəki aparatın düyməsini basır. Bir çox modeli olan bu gizli kameradan xüsusilə Avropa və Şimali Amerikadakı əməliyyatlarda istifadə olunur.

Rusların hədiyyəsinə sevinməyin

Hər rusdan hədiyyə götürmək ağılsızlıqdır. Sizə verilən əşya hədiyyə "canlı” da ola bilər. Yeri düşmüşkən, casusluq tarixinin ən maraqlı əməliyyatlarından birindən bəhs edək. Bir qrup rus məktəblisi 1946-cı ildə Moskvadakı ABŞ səfiri Averel Harrimana qartal heykəlciyini hədiyyə etmişdi. Kimin ağlına gələr ki, məktəblilərin bu hədiyyəsi KQB-nin canlı qulağı olar. Hər halda uşaqları və onların hədiyyəsini bir terrorist, agent kimi yoxlayası deyildilər. Uşaqların hədiyyəsindən duyğulanan səfir həmin hədiyyəni bir jest olaraq otağına qoydu. Bu, Moskva kimi yerdə ediləcək ən böyük səhv idi. Məsələ burasında idi ki, ruslar qartal heykəlciyinin daxilində xaricdən ötürülən siqnallarla işləyən mikrofon yerləşdirmişdilər. 1952-ci ildə səfirlikdə texniki təmizləmə zamanı rusların bu hoqqası üzə çıxdı.

Rus kəşfiyyatı indi də hədiyyə verməkdə özünü çox əliaçıq göstərir. Belə variantlar hazırda bir çox ölkələrdə, xüsusən despot ölkələrində müxalifləri, iş adamlarını izləmək üçün istifadə olunur.

Əlinizdəki qəpik casus ola bilər!

Bu qədəri də olmaz deyə bilərsiniz. Amma rus kəşfiyyatı telefon, rabitə vasitəsi kimi istifadə oluna bilən qəpiklər də istehsal edir. Qəpik, üzərindəki kiçik dəliyə soxulan iynənin köməyi ilə açılır. Daha sonra bu hiyləgər pullar vasitəsilə mikrofilm və mesajlarını göndərə bilirsən.

Belə fakt ilk dəfə 1950-ci ildə üzə çıxmışdı. Agent Rudolf Abel diqqətsizlikdən qəzet alarkən bu pulu satıcıya vermişdi. Uzun illər araşdırma aparan FTB pulun qaynağını tapa bilmədi.

Hər kartof yeyilməz

Yüzlərlə metr məsafədəki insan, heyvan və digər şeylərin hərəkətlərini qeydə alıb, daxilinə yerləşdirilən antena vasitəsiylə mərkəzə göndərir. Mini-günəş batareyalarıyla işləyən bu ötürücülər it nəcisi və ya kartof şəklində olduqları üçün diqqət çəkmədən uzun müddət müəyyən edilmiş ərazidə qala bilir.

Düymə deyib keçməyin

Köynəyin qabaq düymələrindən biri kimi hazırlanan bu kompas casuslar üçün həyati önəm daşıyır. Kompasın üzü alt hissədəki iynənin üzərində fırlanır. Iki nöqtəli hissə şimalı, tək nöqtəli hissə isə cənubu göstərir.

Sonu rus və sovet kəşfiyyatının daha yaxşı izahını verən, ukraynalı yumorist və rəssam Yakov Smironovun sözləriylə bitirmək olar:

"Sovet İttifaqında iki televiziya kanalı var idi. Birinci kanalda arası kəsilmədən rejimin təbliğatı aparılırdı. İkinci kanaldasa "Dərhal birinci kanala keç” deyə bağıran KQB agenti otururdu”.

Tərcümə etdi: Emin Piri