adalet.az header logo
  • Bakı 16°C
16 Iyun 2020 21:07
15720
SİYASƏT
A- A+

İlham Əliyev: Azərbaycan artıq sənaye inqilabı üzrə regional mərkəzə çevrilir

Azərbaycan artıq sənaye inqilabı üzrə regional mərkəzə çevrilir.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev "Microsoft” şirkətinin təşəbbüsü ilə şirkətin vitse-prezidenti Filip Roq, Mərkəzi və Şərqi Avropa bölgəsinin korporativ əlaqələr və hüquqi məsələlər üzrə rəhbəri Nanna-Luize Linde və "Microsoft” şirkətinin digər nümayəndələri arasında keçirilən videokonfrans zamanı deyib.

Dövlət başçısı bildirib:

"Azərbaycan artıq sənaye inqilabı üzrə regional mərkəzə çevrilir. Bu dəfə Davos İqtisadi Forumu zamanı cənab Borge Brende və mən Davosun Dördüncü Sənaye İnqilabı üzrə Regional Mərkəzinin Bakıda yaradılması ilə bağlı sənədi imzaladıq. Beləliklə, bu mərkəz nəinki təkcə Azərbaycanı, region ölkələrini də əhatə edəcək. Buna görə düşünürəm ki, bizim üçün daha da irəliləmək və sizinlə innovasiya mərkəzi üzərində çalışmaq təbii olardı. Bizim əsas strategiyamız sizin də bildiyiniz kimi, karbohidrogen ehtiyatlarından asılılığı azaltmaq və innovasiyalar, yeni texnologiyalar və müasir idarəçilik əsasında dayanıqlı inkişafa nail olmaqdır. Buna görə düşünürəm ki, bu məsələ üzərində birgə çalışmağımız əməkdaşlığımızı gücləndirə bilər.Bu videobağlantıya görə təşəkkür edirəm. Bu, 2018-ci ildə Bakıda keçirilmiş görüşümüzdən sonra görülmüş işlərə nəzər salmaq və gələcək addımları planlaşdırmaq üçün yaxşı imkandır. Düşünürəm, artıq 15 ildən çoxdur ki, "Microsoft” Azərbaycanda fəaliyyətə başlayandan bu yana davam edən tərəfdaşlığın böyük potensialı və böyük gələcəyi var. Biz qarşıdakı uzun illərdə tərəfdaş olacağıq. Bir daha təşəkkür edirəm. Sizi görməyə məmnun oldum. Sizə uğurlar arzulayıram. Pandemiyadan sonra sizi Bakıda görməyə ümid edirəm".