BƏY, XAN, SULTAN VƏ BAŞKAN

İRADƏ TUNCAY
56051 | 2008-03-01 05:39

(Əvvəli ötən şənbə sayımızda)
   
   
   
   Həm quruda, həm də dənizlərdə üst-üstə gələn zəfərləri Avropa dövlətləri qorxu ilə izləyirdilər. Krım xanlığının Osmanlıya qatılmasından sonra qüdrətli donanma İtaliya səfəri üçün görəvləndirildi. Planda Romanın fəth edilməsi vardı. Ancaq Vatikan dövrəyə girirsə böyük fatehlər də yenilirlər. Papaların ən böyük silahları qadın, zəhər, rüşvət gələcəkdə Osmanlının siyasətində çox şeyləri dəyişdirəcəkdi.
   
   
   
   ***
   
   1481-ci ildə atasının ölümü ilə taxta çıxan II Bəyazidin səltənət dövründə böyük zəfər və fəthlər yoxdu. Ancaq o, mövcud sərhədləri qoruyub saxlaya bilmiş, yeni uğurlar üçün münbit zəmin hazırlamışdı. Yeniçərilərin və dövlət adamlarının yardımı ilə hakimiyyətə sahiblənsə də qardaşı Cem sultanla taxt qovğaları üzündən hər zaman gərginlik içində yaşadı. Şahzadə Cem qardaşına yenildiyi üçün Suriyaya, ordan Misirə, ordan da Rodosa qaçdı. Avropalılar bu durumdan yararlanaraq onu Fransaya apardılar. Osmanlı dövləti xristian ölkələrin bu şahzadəni alət edəcəyi amili ilə qarşı-qarşıya qaldı. Və bu 1495-ci ildə şahzadə Cemin Neapolda ölümünə qədər davam etdi. Həmin aralarda Fransa kralı Karl Cemdən istifadə edib İstanbul və Qüdsə səlib yürüşünə çıxmaq istəyirdi. Alınmadı. Bəzi mənbələrə görə Papa II Bəyaziddən pul alıb Cemi zəhərləmişdi. Osmanlı tarixində önəmli yer tutacaq bir faktı da mütləq qeyd etməliyəm. O zamanlar artıq dövlət yönətimində başqa millətlərdən olub, amma İslamı qəbul eləmiş (zahirən də olsa) şəxslər bulunmaqdaydı. Rumlar, ermənilər, serblər, venetsiyalılar. Bu adamlara devşirmələr, yəni dönmələr deyirdilər. Yeniçərilər də bu qəbildən idi. Və bu şəxslərin nüfuzu yetirdi ki, hansı şahzadənin taxta sahib olacağını da müəyyən etsinlər. Amma Cem sultan olayında saraydakı devşirmələr II Bəyazidi, türk yönəticilər isə Cemi dəstəkləmişdilər. Amma türk əsilli dövlət adamlarının onu taxta çıxarmağa gücü yetməyincə Cem xarici qüvvələrə bel bağlamağa məcbur olmuşdu. Nə isə, bütün xırdalıqlara varsaq işin içindən çıxa bilməyəcəyik. II Bəyazid ta oğlu şahzadə Səlim onu məcburən taxtdan endirməyincə 22 il padşahlıq etdi.
   
   
   
   ***
   
   1512-ci ildə taxta çıxdığında sultan I Səlim 42 yaşındaydı. "Yavuz" ləqəbli bu sultanın dövründə Osmanlı torpaqları üç dəfə genişləndi. Xəlifəlik Abbasilərdən Osman oğullarına keçdi. II Bəyazidin üç oğlu vardı. Sultan böyük oğlu Əhmədin taxta çıxmasını arzulayırdı. İkinci oğlu Qorqudun erkək övladı olmadığından və ürəyi yumşaq birisi olduğundan tərəfdarı az idi. Amma şahzadə Səlim daha çevik tərpənərək atasına üsyan etdi, yeniçərilər ona dəstək verdilər. II Bəyazid taxtı Səlimə vermək zorunda qaldı. Üç gün sonra öldü. Səbəbi... Təbii ki, zəhər. Və həm də təbii ki, qardaşlar da, qardaş oğulları da edam edildi.
   
   
   
   ***
   
   Bizim üçün Yavuz sultan Səlimin adı Çaldıran savaşı ilə bağlıdı. Kimə görəsə zəfər, kimə görəsə məğlubiyyət savaşı. Şah İsmayıl ilə I Səlim arasında ixtilaf Səlimin şahzadəlik dönəmindən başlamışdı. 1503-1512-ci illər arası Osmanlı dövlətinin şərqində bir gərginlik ocağı yaranmaqdaydı. Şiə məzhəbi böyük təbliğat nəticəsində Anadolu türkmən tayfaları arasında sürətlə yayılırdı. Və bu da dövlət içində parçalanma təhlükəsi idi. O dönəmlər Trabzon valisi olan şahzadə Səlim Şah İsmayılın məqsədini yaxşı anladığından ilk zərbəni ordaykən vurmuşdu. Bütün Ağqoyunlu mirasına sahib olan şahın həm də Osmanlı torpağına göz dikməsi Səlimi hərəkətə gətirmişdi. Bayburt, Ərzincan, Kəmah çevrəsinə hücum edib oraları ələ keçirmiş, şahın qardaşı İbrahim Mirzəni əsir almışdı. Təlaşa düşən İsmayıl II Bəyazidə məktub göndərib üzr istəmiş, şahzadə Səlimdən şikayət etmişdi. Atasının əmri ilə İbrahim Mirzəni sərbəst buraxan Səlim aldığı şəhərləri də geri qaytarmağa məcbur olmuşdu. Demək istədiyim odur ki, Çaldıran savaşının təməli çox illər əvvəl qoyulmuşdu. Yunan nənələrin, yunan babaların torpağının itkisi Şah İsmayıla rahatlıq vermirdi. Bizim bəh-bəhlə təriflədiyimiz Dəspinə xatun isə (əsl adı Feodora) ərinin ölümündən sonra Trabzona qayıtmış və monastırda rahibə kimi ölmüşdü. Nə isə, savaşdan çox danışılıb, nəticələri də məlum. Bundan sonra Yavuz sultan Səlim Təbrizə, ordan Qarabağa və Amasiyaya gəldi. 1516-1517-ci illərdə Misir, Suriya, Fələstin fəth edildi. Məkkə şərifi oğlunu göndərərək Osmanlıya itaətini bildirdi. Məkkə və Mədinə şəhərlərinin açarları ilə bərabər müqəddəs əmanətlər də sultana təslim edildi. I Səlim İstanbula dönəndə xəlifə III Mütəvəkkili də özü ilə gətirdi. Beləcə, xəlifəlik Abbasilərdən alındı. İranla barışmasa da yeni hərbi yürüşlər də etmədi. Sadəcə bu ölkə ilə aparılan ipək ticarətinə yasaq qoyuldu.
   
   I Səlim Osmanlının qüdrətli padşahlarından biri oldu. Çox amansız və sərt birisi idi. Əslində "Yavuz" ləqəbi (yəni qəzəbli) bunun göstəricisi idi. Ömrü at belində, səfərlərdə keçdiyindən böyük tikinti işlərinə vaxtı qalmadı. Ədəbiyyata böyük marağı olan I Səlimin farsca Divanı, türkcə də bir neçə şeri qalıb (ümumiyyətlə, demək olar ki, bütün Osmanlı padşahları şer yazıblar). Bir məqamı da diqqətinizə çatdırım - Səlimin anası Aişə xatun İranda yaşayan məşhur türk Dülqadiroğulları nəslindən idi.
   
   8 il hakimiyyətdə olub xərçəng xəstəliyindən vəfat edəndə Səlim 50 yaşındaydı. Və özündən sonra hakimiyyətə gələcək 25 yaşlı oğlu Süleymandan başqa ailədə bir kişi qalmamışdı. Səlim hamının kökünü kəsmişdi.
   
   
   
   ***
   
   1520-ci il, sentyabr ayı. Sədrəzəm Piri paşa bir həftədi Yavuzun ölümünü hər kəsdən gizlədir. Manisaya xəbər göndərilib. Vəliəhd gəlib Əyyub camesində qılınc qurşanana qədər xəbərin yayılmasının qarşısını almaq lazımdı. Kiçicik bir qığılcım böyük üsyana səbəb ola bilər. Şahzadə Süleyman valilik yapdığı Manisadan İstanbula sağ-salamat gəlib çatana qədər Piri paşa nigaran qalacaq. Əgər Süleymanın başına bir iş gəlsə, demək Osmanoğullarının nəsli kəsiləcək.
   
   
   
   ***
   
   İmperiyanın 10-cu padşahı I Süleyman taxta çıxdığında gənc idi, amma təcrübəsiz deyildi. Çox böyük şəhərlərdə valilik etmiş, İstanbulda sədarət kaymakamı olmuşdu. Gözəl təhsil almış, çox oxumuşdu. Ölkə və dünya məsələlərini dərindən öyrənmişdi. Osmanlının ən ehtişamlı dönəmləri onun adı ilə bağlıdır. Buna görə də ona xarici mənbələrdə "Möhtəşəm" adı vermişdilər. Yaratdığı qanunlar toplusuna görə də "Qanuni" adını qazanmışdı. Ədalətli padşah idi. Qəddar Səlimdən sonra xalq da, yaxın ətrafı da ona ümidlə baxırdı. Qəzəbli Səlimin yürüşlərindən qorxuya qapılan avropalılar sarayiçi agentura məlumatlarında yazırdılar: "Hamı bu fikirlə razılaşır ki, qəzəbli aslanın yerini körpə quzu tutub. Süleyman gəncdi, təcrübəsizdi və həlim xasiyyətlidi". Bu proqnoz özünü doğrultmadı. 46 il sultanlıq edən və səltənət dövründə zəfərdən-zəfərə qoşan I Süleyman əslində təkcə Osmanlının yox, həm də dünyanın hakimi durumundaydı. Avropa saraylarında çevrilişlər onun razılığı ilə həyata keçirilirdi. Elmin, mədəniyyətin inkişafına xüsusi önəm verirdi. Onun vaxtında Osmanlı donanması Hind okeanında üzməyə başladı. Süleymanın əmri ilə dövlət məmurları hazırlamaq üçün xüsusi məktəb açıldı (yəni partşkola kimi bir şey), amma, amma, amma... Bu məktəbdə türklər yox, devşirmələr, yəni dönmələr təhsil alırdı. Sultanlar düşünürdülər ki, türkün işi döyüşməkdi, qalan işləri başqa millətlər görməlidir. Qəribə məntiqdi, yəni sənin canın çıxsın müharibə elə, başqaları da sənin gətirdiyin var-dövlətlə kef eləsin. Yavuz Sultan Səlim sağlığında ona demişdi ki, "əgər türk atdan düşüb yumşaq yerdə oturmağa başlayırsa, heç nəyə çevrilir, heç nəyə". Təbii, döyüşmək bacarığı gözəl keyfiyyətdi, bəs elm necə? Bu siyasi korluğun nəticəsində neçə əsrlər Osmanlı sarayında yadelli vəzirlər istədiklərini etdilər. Süleymanın zamanında sədrəzəm olmuş İbrahim paşa yunan, Rüstəm paşa alban, Məhmət paşa serb idi. İrəlidə danışacağım hadisələrdə onun da əli vardı.
   
   
   
   ***
   
   Qərb mənbələri I Süleymanın anasının xristian olduğunu yazırlar. Türk tarixçiləri isə Hafizə sultanın Qafqaz kökənli türk olduğunu deyirlər. Yəqin ki, hər ikisi doğrudu. Süleymanın birinci arvadı Gülbahar da qafqazlıdı. Gülbahar Süleymanın vəliəhdi Mustafanın anası idi. Süleymanın sultanlığa başladığı ilk illərdə hərəmxanaya yeni cariyə gətirirlər (bəlkə də düşünülmüş planın bir tərkib hissəsi idi). Cariyə diqqət cəlb etməyi bacarır, şənlik yarada bilir, mahnı oxuyur, ud çalır, rəqs edir. Bu xasiyyətinə görə ona Xürrəm deyirlər. Xürrəm sultanın da diqqətini cəlb eləyə bilir və ona özəl münasibət yaranır. Validə (ana) sultan və birinci qadın Gülbahardan sonra Xürrəm hərəmxanada ikinci qadına çevrilir. Və bundan sonra Süleymanın həyatında başqa bir qadın olmur. Saraydakı bütün dedi-qoduları izləyən xarici missiyalar hərəmxanadakı yeni favoritdən xəbər tuturlar. Qadının rus olduğu məlum olur. Və bundan sonra onun adı bütün mənbələrdə Russelana və ya Roksalana kimi keçir. Doğduğu ilk uşaq oğlan olur. Və ona babasının adını verirlər - Səlim. Oğlan anası olmaq həm də Xürrəmə xüsusi status verir. O, artıq ailənin bir üzvüdü. Saray əhli heyrətlə müşahidə edir ki, sultan hətta dövlət məsələlərini, siyasi söhbətləri bu qadınla məsləhətləşir.
   
   ***
   
   Vəliəhd şahzadə Mustafa yetkinlik yaşına çatanda onu Manisaya valiliyə göndərirlər. Süleymanın anası Hafizə sultan bu nəvəsini hər kəsdən artıq sevərmiş. Ümumiyyətlə, şahzadə hər kəsin sevimlisiymiş. Elmlərə yiyələnmək bacarığıyla, silahlardan istifadə etməyi, at minməyi ilə hamını heyran edirmiş. Ancaq həmin vaxt artıq Roksalananın üç oğlu vardı. Hafizə sultanın ölümündən sonra hərəmxananın tək hakiminə çevrilən Roksalana indi səfərlərdə də sultanı müşayiət etməyə başlayır (indiyə qədər Osmanlı sarayında görünməmiş bir vaqeə). Xarici kəşfiyyat yazışmalarında bu da qeyd olunur: "Sultan onu sevir, elə inanır ki, əhatəsini heyrətə gətirir. Bu qadının cadugər olduğunu da düşünürlər. Ordu da, saray əhli də Roksalanaya və onun övladlarına nifrət edir. Ancaq kimsə sultanın qorxusundan ona bir söz deyə bilmir". Süleyman hər kəsin önündə onu cariyəlikdən azad edib rəsmi şəkildə, şəriətin hökmü ilə evlənir və bunun şərəfinə möhtəşəm bir bayram da düzənlənir. Qafqazlı qızı Gülbahar şərti olaraq vəlihədin anası olsa da onu artıq unutmuşdular. Sarayın əsl hakimi Roksalana idi. Və bu qadın öz niyyətlərini həyata keçirə bilir. Hətta sultanın diqqətini öz vətəninə, yəni şimala yönəltməyə də çalışır. Qızı Mehrimah sultanı sarayda yüksəlməyə başlamış alban əsilli Rüstəm paşaya ərə verir, onu vəzir edir və şahzadə Mustafanı Manisadan ayırıb İran sərhədinə göndərir. Bu vaxt iranlılar dağları aşıb Ərzurumu ələ keçirirlər. Sultan yaşlandığı üçün səfərə Rüstəm paşanı göndərir. Paşadan narazı ordu qiyam qaldırır. Roksalana sultanı inandıra bilir ki, bu qiyam məhz Mustafanın təhriki ilə olub. Süleyman oğlunu yanına çağırtdırır. Və şahzadəni atasının gözü qabağında boğub öldürürlər. Rəvayətə görə, şahzadə atasının onu niyə çağırdığını bilibmiş və deyibmiş ki, ata əlindən ölüm ən gözəl ölümdü. (Mən fikirləşirəm ki, Mustafa günahkar olsaydı heç ora gəlməzdi də). Bursada isə Roksalana şahzadənin 4 yaşlı oğlunu öldürtdürür. Mustafa rus qadının intriqalarının qurbanı olur. Amma məsələ bundadır ki, bu qətldə bütün Avropa dövlətləri maraqlı idi. Tarixdə belə hadisələr çox nadir hallarda olur ki, güclü atanın oğlu da güclü hakim olsun. Mustafa həm möhtəşəm atası Süleymana, həm də qəzəbli babası Səlimə çox oxşayırı. İki qüdrətli sultandan sonra üçüncünün də gəlişinə xristian dünyası dözə bilməzdi. Və Mustafa sultan olacağı təqdirdə imperiyanın sərhədləri hara qədər uzanacaqdı bunu ancaq təxmin etmək olar. Hər halda rus qadın öz əyyaş, içki düşkünü oğlu üçün hakimiyyət yolunu təmizləməyi bacardı. II Səlim (Sarı) adı ilə taxta çıxan sultanla Osmanlının tarixində qadınlar səltənəti dövrü başladı.
   
   P.S. Gələn həftə bu yazının ardını gözləməyin. Mövzu tamam başqa olacaq. Amma çox istəyirsizsə, sonralar yazaram. ə

TƏQVİM / ARXİV