adalet.az header logo
  • Bakı 18°C
22 Noyabr 2019 10:51
43892
TEXNOLOGİYA
A- A+

Rəqəmsal idarəetmə şəffaf ölkə quruculuğuna irəliləyən Azərbaycanın əsas vəsaitlərindəndir

Müasir dövrümüzün tələblərinə uyğun olaraq rəqəmsal idarəetməyə keçid məcburidir. Rəqəmsal idarəetmənin kifayət qədər müsbət tərəfi olduğu kimi, müəyyən qədər mənfi məqamları da var. Bu mənfi məqamlar kadr potensialının yetərli sayda olmaması və işçi qüvvəsinə ehtiyacın azaldılmasıdır. Bu da əslində işsizliyin yaranmasının əsas amillərindən biridir. Amma rəqəmsal idarəetmənin üstün tərəfləri bu mənfi cəhətləri üstələyir. 

İlk növbədə bürokratik əngəllərin aradan qalxmasında rəqəmsal idarəetmənin vacibliyi ön plana çıxır. Məlum olduğu kimi bütün dünya ölkələri rəqəmsal idarəetmə formasına keçid üçün müəyyən addımlar atıb. Bir sıra ölkələrdə idarəetmənin böyük hissəsi artıq rəqəmsal formada idarə olunur. Azərbaycanda da bu istiqamətdə atılan addımlar istər cəmiyyət, istərsə də beynəlxalq səviyyədə müsbət qarşılanır. Asan Xidmət modelini rəqəmsal idarəetmə nümunəsi kimi göstərmək olar. Məsələn, şəxsiyyət vəsiqələri və ümumvətəndaş pasportlarını mərkəzləşdirilmiş qaydada qeydiyyat ünvanı nəzərə alınmadan Asan Xidmətin istənilən mərkəzindən əldə etmək mümkündür. Bu, rəqəmsal idarəetmə sisteminin vətəndaşların rahatlığında nə qədər önəmli faktor olduğunu göstərən sadə mexanizmdir. Əslində bu formanın daha da təkmilləşdirilməsi üçün atılan addımların daha da tezləşdirilməsi vacibdir. İcbari Tibbi Sığorta modelinin Azərbaycanda tətbiqi də gecikdirilib. Baxmayaraq ki, İcbari Tibbi Sığorta bir neçə rayonda pilot layihə kimi təqdim edildi, onun alt infrastrukturu yetəri qədər olmadığı üçün layihənin ölkə üzrə tətbiqi yuvandı. Düşünürəm ki, İcbari Tibbi Sığorta modeli səhiyyə sisteminin rəqəmsal idarəetmə sisteminə keçidində ən önəmli faktordur. Hazırda görülən işlər qısa zamanda ölkə üzrə bu sistemin tətbiqinin tezləşdirilməsi üçün təqdirə layiqdir. Bu addımlardan Asan Xidmət nümunə göstərə biləcəyimiz yeni bir platformadır. Beynəlxalq təcrübəyə nəzər salsaq rəqəmsal idarəetmə sistemində səhiyyə və sosial sahələrdə rəqəmsal idarəetmənin üstünlüklərindən yararlanmaq olar. Təbii ki, artıq 2 ilə yaxındır fəaliyyət göstərən DOST Agentliyi Azərbaycanda sosial sahədə elektronlaşdırma keçidini göstərir. Bəllidir ki, bu sahədə elektron bazaların qurulması vətəndaşların, xüsusilə də yaşlı nəslin nümayəndələrinin pensiya təminatının daha rahat olması üçün kifayət qədər önəmli platformadır. Hazırda pensiya təminatını almaq üçün heç bir vətəndaş zamanında çalışdığı özəl və ya dövlət qurumundan sənəd toplamağa, əlavə vaxt itirməyə enerjisini sərf etmir. Pensiya yaşı çatan hər bir vətəndaş avtomatik olaraq pensiya təminatını alır.

Göründüyü kimi rəqəmsal idarəetmə, elektronlaşdırma, elektron bazaların yaradılması birbaşa olaraq, bürokratik əngəllər, korrupsiya və rüşvətin, məmur özbaşınalığının qarşısını alan platformadır. Ölkə başçısı Cənab İlham Əliyev dəfələrlə vurğuladığı kimi, elektron hökumətdən rəqəmsal idarəetməyə keçid qaçılmazdır. Bu, şəffaf ölkə quruculuğuna irəliləyən Azərbaycanın əsas vəsaitlərindəndir. Hesab olunur ki, yaxın gələcəkdə bütün dünya ölkələri, o cümlədən, Azərbaycan vətəndaşalara yalnız rəqəmsal idarəetmə vasitələri ilə xidmət göstərəcək.


Əfsanə Şükürova,
"İrəli” İctimai Birliyinin Mətbuat Katibi