adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
11 Iyun 2020 13:14
26193
SİYASƏT
A- A+

Milli Məclisdə beynəlxalq parlament təşkilatları üzrə nümayəndə heyətlərinin rəhbərləri ilə görüş keçirilib

İlk dəfə Milli Məclisdə beynəlxalq parlament təşkilatları üzrə nümayəndə heyətlərinin rəhbərləri ilə görüş keçirilib

Milli Məclisdən Adalet.az-a verilən məlumata görə, Milli Məclisin sədri Sahibə Qafarova beynəlxalq parlament təşkilatları üzrə nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb.

Videokonfrans formatında baş tutan görüş beynəlxalq fəaliyyətin daha səmərəli həyata keçirilməsi və heyətlər arasında əlaqələndirmənin daha yaxşı qurulması üçün hərtərəfli fikir mübadiləsi ilə yadda qalan olub.

Görüşdə çıxış edən S.Qafarova deyib ki, görüşün məqsədi nümayəndə heyətlərimiz qarşısında qoyulan hədəflər, gözləntilərimiz və beynəlxalq təşkilatlar üzrə heyətlərin iş prinsipləri haqda fikir mübadiləsi aparmaqdır. O bildirib ki, VI Çağırış Milli Məclisin beynəlxalq təşkilatlar üzrə 12 nümayəndə heyəti mövcuddur. Əminik ki, işimizi doğru və əlaqələndirilmiş şəkildə quracağımız təqdirdə bütün bu platformalar bizə parlament diplomatiyamızı uğurla həyata keçirmək imkanı verəcəkdir.

Milli Məclisin sədri qeyd edib ki, VI Çağırış Milli Məclisin ilk iclasında ölkə Prezidenti İlham Əliyevin nitqində əksini tapan konseptual məsələlər parlamentin beynəlxalq fəaliyyətinin həyata keçirilməsində də "yol xəritəsi" kimi çıxış edir: "Milli Məclisin Sədri olaraq mənim məsuliyyətim dövlət başçımızın tövsiyyələri əsasında beynəlxalq fəaliyyətimizin qurulmasını təmin etməkdir".

S.Qafarova deyib ki, Prezident İlham Əliyevin də ifadə etdiyi kimi beynəlxalq təşkilatlar üzrə nümayəndə heyətlərimizin fəaliyyətləri ölkəmizin milli maraqlarını qorumağa, fərqli gündəlikləri ilə ölkəmizə təzyiq etməyə çalışan qrupların bu cəhdlərinin qarşısının alınmasına yönəlməlidir: "Çünki Prezident İlham Əliyev də hər zaman dediyi kimi, həqiqət bizim tərəfimizdədir, doğru olan bizik! Hər bir fürsətdən istifadə edib, Dağlıq Qarabağ mövzusunu diqqətdə saxlamalıyıq".

Görüşdə çıxış edən nümayəndə heyətlərinin rəhbərləri Milli Məclisdə ilk dəfə belə bir görüşün keçirilməsinə görə minnətdarlıqlarını bildirib, gələcək fəaliyyətləri ilə bağlı fikirlərini ifadə ediblər.

Nicat Novruzoğlu