adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
09 Iyun 2020 12:21
81481
MƏDƏNİYYƏT
A- A+

XX əsrin sonu – Uğurlu teatr addımları

Bu gün respublikamızda 28 adda Dövlət statuslu teatrlar öz repertuar zənginliklərini qorumaqla fəaliyyət göstərməkdədirlər. Hər birinin isə özünəxas yaradıcılıq yolu, repertuar forması eləcə də tamaşaçı duyumu həmçinin sənət məktəbi yetişməkdədir. Bu teatrlardan biri də artıq 28 illik tarixi yaşayan Qusar Dövlət Ləzgi Dram Teatrıdır.

Bu teatrın tarixinə nəzər salarkən diqqəti çəkən məqam hələ dövlət statuslu bir teatr olaraq fəaliyyət göstərməzdən öncə Qusarın qabaqcıl ziyalılarının təşəbbüsü və təşkilatçılığı ilə 1963-cü ilin aprel ayının 15-dən Xalq teatrı olaraq fəaliyyətə başlamalarıdır. Məhz bu dövrdə aktyor, akrobat və kəndirbaz kimi tanınan Sərdar Xəzrinski, onun ömür-gün yoldaşı Minayə Ramazanova, müğənni Nora Əlimova, aktyorlar Vaqif Əlimov, İmaməli İlyasov, Pəri Həbibullayeva, Tamara Məmmədova, Balakərim Səfərov, Nüsrət Əliyev və başqaları öz çıxışları ilə Qusarın ictimai-mədəni həyatına yeni nəfəs gətiriblər. Bu dövrdə fəaliyyətə başlayan Xalq teatrı qısa müddət ərzində nəinki qusarlıların, həmçinin Azərbaycanın və Dağıstanın ləzgi rayonlarının əhalisinin də rəğbətini qazana bilib. Uğurlu addımları ilə özünün sənət yolunu təsdiqləyən Xalq teatrı 1987- ci ildə "SSRİ Xalq Teatrları Festivalı”nın laureatı adına da layiq görülüb. Məhz bu Xalq teatrının bazası əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 iyul 1992-ci il tarixli 374 saylı qərarı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 26 iyul 1992-ci il tarixli 177 saylı əmri ilə Qusar Dövlət Ləzgi Dram Teatrı yaradılıb. Teatr yarandığı gündən Qusarda fəaliyyət göstərən General M. Əbilov adına meydandakı Mədəniyyət evinin binasında yerləşib. Teatrın rəsmi açılışı isə 3 aprel1993-cü ildə G. Figeyredonun "Tülkü və üzüm” (Ezop) pyesinin tamaşası ilə olub.

Teatrın tarixinə nəzər salarkən maraqlı faktlardan biri də diqqəti çəkir. Belə ki, 1992-ci ildə Qusar Dövlət Ləzgi Dram Teatrı fəaliyyətə başlayarkən aktyor bazasının yaradılması məqsədilə buraya işləməyə Xalq teatrından 12 aktyor gətirilib. Qusar Dövlət Ləzgi Dram Teatrına ilk illərdə Xamət Muradov (1992-1993), daha sonralar Əlfəddin Rəhimxanov (1993), Məclum Fərzəliyev (1993-1998), Kuzma Əlimətov (1998-2000) və Rəhimxan Qaraxanov (2000-2011) rəhbərlik ediblər. Qeyd etmək lazımdır ki, Respublikasının Əməkdar mədəniyyət işçisi kimi tanınan Rəhimxan Qaraxanov bu teatrın səhnəsində 70-dən artıq maraqlı obrazlar yaratmaqla yanaşı 42 tamaşaya rejissor olaraq səhnə həyatı bəxş edib. Belə ki, S. S. Axundovun "Tamahkar”, S. Rəhmanın "Aşnalar”, "Hicran”, İ. Əfəndiyevin "Bizim qəribə taleyimiz”, "Atayevlər ailəsi”, M. Əlizadənin "Dağ çiçəyi” kimi pyeslərini ləzgi dilində tamaşaya hazırlayıb. Bu illərdə həmçinin Əkbər Fərzəliyevin "İmam Şamil”, Mirzəli Rüstəmovun "Hava açılır”, "Həmdullahın xam xəyalı”, "Ziyarətdən qayıtmış Hacı”, "Səfərbəyin toyu”, Şafiddin Gərəyxanovun "Yeddi qızın anası”, Bikəxanım Əlibəyovanın "Bitməmiş mahnı” kimi pyesləri teatrın repertuarında əsas tamaşalar olaraq layiqli yer tutub.

02 fevral 2011-ci ildən etibarən isə Qusar Dövlət Ləzgi Dram Teatrına Respublikasının Əməkdar Mədəniyyət işçisi Faiq Qardaşov rəhbərlik edir.


Qardaşov Faiq Qardaş oğlu 15 iyun 1960-cı ildə Qusar rayonunun Əcəxur kəndində anadan olub. O, 2000-2001-ci illərdə Dərbənd Musiqi Texnikomunu və Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialınının yenidən hazırlanma kursunu həmçinin 2003-2009-cu illərdə isə Dərbənd İncəsənət və Mədəniyyət İnstitutunu bitirib. Qeyd etmək lazımdır ki, Respublikasının Əməkdar Mədəniyyət işçisi olan Faiq Qardaşov 150-yə yaxın mahnının müəllifidir. Azərbaycanda ilk dəfə Ramiz Qusarçaylının "Azərbaycan bayrağı” şeirinə musiqili kompozisiya bəstələyib eləcə də Ə. B. Haqverdiyevin "Yeyərsən qaz ətini, görərsən ləzzətini”, Asəf Mehmanın "Xarıbəy-Sarıbəy”, "Şurşurali”, "Sevimli Sədəf”, Zəlimxan Yaqubun "Böyük ömrün dastanı”, Əli Əmirlinin "Köhnə ev”, Rafiq Səməndərin "Şəhidlər”, Mirzəli Rüstəmovun "Yeni zavmaq” (Yeni müdir), Şafiddin Gərəyxanovun "Eşqin odu”, Etibar Sturvinin "Kiri Buba” pyeslərinə uğurlu səhnə həyatı bəxş edərək quruluşlar verib və eyni zamanda həmin tamaşalara mahnılar bəstələyib.

Həmçinin o, fəaliyyəti müddətində bir sıra maraqlı obrazlar ifa edib. Belə ki, Sovet İttifaqı qəhramanı, General Mahmud Əbilovun obrazının maraqlı detalları ilə oynanılması Faiq Qardaşovun taleyinə nəsib olub. O, həmçinin General Mahmud Əbilovun həyat və fəaliyyətinə həsr olunan bir filmdə də General Mahmud Əbilov obrazına çəkilib. Azərbaycan Respublikası Prezidentinin 27 may 2018-ci il tarixli məlum Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə "Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.

Bu gün Qusar Dövlət Ləzgi Dram Teatrının fəaliyyətindən söhbət düşərkən teatrının direktoru Faiq Qardaşov deyir: "Son illər teatrımızın inkişafında əsaslı və köklü dəyişikliklər baş verib. Tamaşaların bədii tərtibatı, məzmunu, rejissor işi, aktyor oyununun təkmilləşdirilməsi nəticəsində tamaşaçıların bu sənət məbədinə olan marağı daha da artıb. Bunun nəticəsi olaraq teatrımız fəaliyyətdə olduğu 28 ildə 130-a yaxın səhnə əsərini tamaşaçılara uğurla təqdim edib”.

Teatrın repertuarına nəzər salarkən görürük ki, M. Rüstəmovun "Səfərbəyin toyu”, X. Əlibəylinin "Dovşanın ad günü”, Azərbaycan xalq nağılı əsasında hazırlanan "Göyçək Fatma”, İ. Məlikzadənin "Hərənin öz ulduzu”, M. Abdullahın "Əsir qadın”, A. Şaiqin "Gözəl bahar”, Ə. Əmirlinin "Səhnədə məhəbbət”, H. Mirələmovun "Vəsiyyət”, R. Rəhimlinin "Sönmüş talelər”, Ə. Novruzbekovun "Peşəkar ər”, R. Tomenin "Səkkiz qadın”, Ə. Nesinin "Öldür məni canciyər”, R. Rəhimlinin "Üç gün, üç gecə” kimi pyesləri maraqla qarşılanan səhnə əsərləri olaraq diqqəti cəlb edir. Eləcə də bu teatrın səhnəsində M. F. Axundzadənin "Hekayəti Xırs-Quldurbasan” (rejissor Ağalar İdrisoğlu – 2012), M. Əlizadənin "Fırıldaqçılar” (rejissor Loğman Kərimov – 2014) və R. Rəhimlinin "Sönmüş talelər” (rejissor Laləzər Hüseynova – 2019) pyesləri Dövlət sifarişi ilə hazırlanıb. Repertuar zənginliyinə hər zaman çalışan yaradıcı kollektiv Cəfər Cabbarlının "Aydın”, İdris Şamxalovun "Pərixanum”, Ağalar İdris oğlunun "Şah İsmail Xətai”, Mirzə Fətəli Axunzadənin "Sərgüzəşti-vəziri-xani-Lənkəran” pyeslərini isə yeni mövsümdə hazırlanmağı planlaşdırır.


Aydan Şərif "Ədəbiyyat qəzeti”nin1 iyun 2019-cu il tarixli buraxılışında "Mənəvi-əxlaqi deqradasiyadan qurtulmağın uğurlu səhnə həlli” məqaləsində Qusar Dövlət Ləzgi Dram Teatrının zəngin yaradıcılıq ənənələrinə nəzər salaraq yazır: "Teatrın səhnəsində uğurla tamaşaya hazırlanan Hüseynbala Mirələmovun "Vəsiyyət” komediyası məhdud şəraitə və müəyyən çətinliklərə baxmayaraq yaradıcı kollektivdəki hər kəsin öz rolunu böyük şövqlə və peşəkarlıqla ifa etməsi nəticə olaraq gözəl səhnə performansı ilə tamaşanın uğurunu təmin edib. Azərbaycan dilində təqdim edilən tamaşada ləzgi dilinə xas şirin intonasiya və üslubun qorunması ilə yanaşı, ləzgi xalqının milli rəqsi "Ləzgihəngi”nin də səhnədə səslənməsi və şıdırğı rəqslər yüzillər boyu zəngin dəyər və ənənələri yaşadan Azərbaycanın multikultural mədəni müxtəlifliyinin əyani tablosu idi”.

Xatırlatmaq yerinə düşər ki, Qusar Dövlət Ləzgi Dram Teatrında Əlfəddin Rəhimxanov, Rəhimxan Qaraxanov, Balakərim Səfərov, Bağır Əhmədov kimi peşəkar Azərbaycan teatrının yetişdirdiyi və böyük sənət məktəbi keçən professional rejissorları uğurla fəaliyyət göstəriblər. Bu gün professional rejissor məktəbini teatrın baş rejissoru, Respublikanın Əməkdar Mədəniyyət işçisi, Dağıstan Respublikasının Əməkdar artisti, Prezident mükafatçısı Laləzər Hüseynova uğurla davam etdirir. Baş rejissor Laləzar Hüseynova məhz bu teatrın səhnəsində Ü. Hacıbəylinin "Arşın mal alan”, Ə. B. Haqverdiyevin "Pəri cadu”, A. Saqarellinin "Xanuma”, R. Duyğunun "Xarı bülbül”, H. Mirələmovun "Xəcalət”, "Vəsiyyət”, R. Tohidoğlunun "Taleyin oyunu”, "Birdə etmərəm”, R. Rəhimlinin "Sönmüş talelər”, "Üç gün, üç gecə”, İ. Coşqunun "Çal oyna”, X. Əlibəylinin "Dovşanın ad günü”, L. Hüseynovanın "Dostların qisası”, R. Tomenin "Səkkiz qadın” və başqa pyeslərinə uğurlu səhnə taleyi bəxş edə bilib. Onun bu teatrın səhnəsində hazırladığı Rafiq Rəhimlinin "Üç gün, üç gecə” iki hissəli psixoloji dramı maraqla qarşılanan və uğurlu rejissor traktofkası ilə diqqəti cəlb edən səhnə əsərlərindəndir.

Əməkdar Mədəniyyət işçisi Rafiq Rəhimlinin "Üç gün, üç gecə” iki hissəli psixoloji dramında əsas məqsəd narkomaniya, tənhalıq və bu tənhalıqdan doğan insan hisslərinin paylaşılması, çox zaman bu hisslərə hakim kəsilməmə və eləcə də günümüzün aktual sosioloji problemləri qabarıqlaşdırılıb. Səhnədə üç nəfər iştirakçısı olan bu pyesdə cərəyan edən hadisələr qısa zaman kəsiyində saysız-hesabsız mənzərə yaratmaqla müxtəlif zümrələrə məxsus çoxlu personajlar qrupu, obyektlər, müxtəlif peşə və vəzifə sahibləri ilə yaxından tanış oluruq. Bütün bu sadalananlar isə tamaşanın quruluşçu rejissoru olan Laləzar Hüseynovanın traktofkasında daha dolğun və maraqlı detalları ilə təqdim edilir. Adətən bir məkan çərçivəsində hadisələri ardıcılıqla təqdim etmək rejissordan böyük diqqət və müşahidə tələb edir. Bu mənada rejissor Laləzar Hüseynova bir məkan çərçivəsində baş verən çoxlu sayda ciddi hadisələri elə ahəngdarlıqla təqdim edə bilib ki, olan və olaçaqları bir anda olsa belə həyəcansız izləməmək mümkün deyil.

Hal-hazırda rejissor Laləzar Hüseynovanın quruluşunda İ. Şamxalovun "Pərixanım” və A. İdrisoğlunun "Şah İsmayıl Xətai” pyesləri üzərində yaradıcılıq işləri uğurla davam etdirilir.

Bütün uğurlarla yanaşı bu gün Qusar Dövlət Ləzgi Dram Teatrında iki nəfər Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, bir nəfər Dağıstan Respublikasının Əməkdar artisti, üç nəfər isə Fəxri Mədəniyyət işçisi olaraq fəaliyyət göstərirlər. Teatrın yaradıcı kollektivi eləcə də bir sıra teatr festivallarında da uğurla iştirak ediblər. Belə ki, "2+1” II Eksperimental Teatr Festivalında Ə. Nesinin "Öldür məni canciyər”, 2018-ci ildə keçirilən "Sərhədsiz Teatr” III Şəki Beynəlxalq Teatr Festivalında və 2019-cu ildə isə keçirilən "2+1” III Eksperimental Teatr Festivalında R. Rəhimlinin "Üç gün, üç gecə” pyesləri ilə uğurlu iştirakları olub.

Bu gün teatrda yaradıcılıq uğurlarını daha da zənginləşdirmək həmçinin fəaliyyətin daha da səmərəli və çoxşaxəli təşkili məqəsdi ilə vacib olan bir xüsusi məsələni də diqqətə çatdırmaq istərdim. Təəssüflə qeyd etmək istəyirəm ki, 28 illik bir yaradıcılıq yolu keçən Qusar Dövlət Ləzgi Dram Teatrının ayrıca binasının olmaması müəyyən mənada özünün təsirini göstərməkdədir. Teatrın yaradıcı kollektivi ümid edir ki, dövlətimiz tərəfindən bu məsələ yaxın gələcəkdə öz müsbət həllini tapacaq və Qusar Dövlət Ləzgi Dram Teatrı bundan sonra da multikultural Azərbaycanımızın mədəniyyətinin təbliği istiqamətində fəaliyyətini daha da yüksək səviyyədə davam etdirəcək.

Anar Burcəliyev

Teatrşünas