YAZIÇILAR ÖLKƏSİ, OXUMAYANLAR MƏMLƏKƏTİ...

İRADƏ TUNCAY
43883 | 2008-02-12 13:50

Mən bu binanın gözəl günlərini xatırlayıram. Tikilməyi də, tikilib təhvil verilməyi də yadımdadır. O da yadımdadır ki, şəhərin müxtəlif yerlərində fəaliyyət göstərən redaksiyalar darısqal iş yerlərindən köçüb bura yerləşəndə əməlli sevinmişdilər. O vaxtlar bu bina mənə məbəd, içində işləyənlər isə kahin kimi görünürdülər. Hər halda binanın içi də, çölü də təmiz idi. İşləyənlərin isə içini deyə bilmərəm, çölü təmiz görsənirdi. Ən azından görkəmləri qələm adamı anlamına uyğun gəlirdi.
   
   Uzun illər atam da burda çalışdı - ikinci mərtəbədə. İndi bəzən lift işləməyib yuxarı piyada qalxanda ürəyimdən keçir ki, boylanım həmin koridora, həmin qapıya baxım. Ürəyimdən keçir... Amma ayaqlarım getmir. Gedib orada görəcəyim mənzərədən qorxuram. Yəqin qapıdan hansısa ildə bir dəfə çıxan qəzetin lövhəsi asılıb, bəlkə seyf qapısı da var. Belə qəzetlərin dəyişməz atributu olan beş-altı cavan qız da var yəqin orda. Təxminən nə görəcəyimi bilirəm. Görünür məmləkətin ekoloji durumu o qədər gözəldir ki, ekologiya jurnalına ehtiyac yoxdur. Şər-böhtana, şantaja ehtiyac duyulduğundan belə mətbu orqanlar hər gün artır.
   
   ... Bir-bir mərtəbələri qalxdıqca pilləkənlərdə qəribə-qəribə adamlarla rastlaşıram. Çox iddialı görkəmlərindən anlaşılır ki, bunlar da "baş redaktordular" - amma jurnalistdən başqa nəyə desən oxşayırlar. Allahım, Firdovsinin çobanla bir quyuya salınmağı yadıma düşür...
   
   
   
   ***
   
   Hə, çatdım öz mərtəbəmə. Otağa girirəm, telefon zəng çalır.
   
   - Alo!
   
   - Bura "Ədalət" qəzetidir?
   
   - Elədir ki, var.
   
   - Siz qəzetdə mədəniyyətimizlə bağlı yazılar verirsiz?
   
   - Veririk.
   
   - Bəs ədəbiyyat?
   
   - Siz qəzetimizi oxumursuzsa bura niyə zəng etmisiz?
   
   - Mən qəzet oxumuram, ümumiyyətlə, heç nə oxumuram...(Azacıq pauza) Mən Yazıçıyam.
   
   -?! (İndi pauza növbəsi mənə çatıb. İçimdə faciə ilə komediya qarışıb bir-birinə).
   
   - Mən sizə filankəs haqqında yazı gətirmək istəyirəm.
   
   - Yox, siz zəhmət çəkməyin. Biz kənar müəlliflərin yazılarını vermirik. (Əslində yalan danışıram, veririk, sadəcə başqa çarəm yoxdur).
   
   Dəstəyi qoyuram yerə. Görürəm bir qadın qapıdan boylanır. Əlində dəftərlər.
   
   - Gəlin, xanım, gəlin.
   
   - Mən şer yazıram. Bu kitabda mənim də şerlərim var.
   
   Kitab yox, kitabçadı - vərəqləyirəm. Barmağını bir şəklin üstünə qoyur. Baxıram təxminən 15-16 yaşlı bir qız uşağının şəklidi. Qadının yaşı isə 60-a yaxın görsənir.
   
   - Kitab çoxdan çıxıb?
   
   - Yox, keçən il.
   
   - Bəs bu şəkli niyə qoymusan?
   
   - İstəyirəm gözəl görünəm.
   
   - Həə...
   
   Oxuyuram, sərsəmləmələr. Baxıram üzünə.
   
   - Ay bacım, indi heç klassikləri oxuyan yoxdu. Sən bundan sonra şer yazıb da neyləyəcəksən.
   
   - Niyə, istəyirəm mənim də heykəlimi qoysunlar. Sağ olanda ərim yazmağa qoymurdu, indi də uşaqlarım. Onlardan gizli qaçıb gəlmişəm bura.
   
   Məsələ aydınlaşır. Amma ürəyim də ağrıyır. Şerlərinin çap olunacağı xəyalları ilə kənddən qaçıb gəlibsə naümid qaytarmayaq. Guya ancaq şedevrlər çap eləmirik ki...
   
   - Əbülfət müəllim!
   
    Üzümə baxır və anlayır, yəni yola ver...
   
   Bir az keçir. Qapıdan gənc bir qız boylanır.
   
   - Aqil müəllim yoxdu?
   
   - Yoxdu.
   
   - Nə vaxt olacaq?
   
   - Olmayacaq. Nə lazımdı?
   
   - Mən gəlmişəm ki, məni işə götürəsiniz.
   
   - Çox qəti danışdın, qızım. Bizim redaksiyada beş-altı yazar var, onlar da öz yerindədi. Kimi çıxarım səni götürüm? Gəl bir az söhbət eləyək, bəlkə bizimlə müəllif kimi çalışasan? Nədən yazırsan, hansı mövzulara meyllisən?
   
   - Aqil müəllim gəlməyəcək?
   
   - Mənimlə danışmaq istəmirsən?
   
   Könülsüz-könülsüz oturur:
   
   - Mən hər şeydən yaza bilirəm!
   
   - Belə olmur, qızım. Hər şeydən yazanda heç nə yazmırsan. Nə oxuyursan, hansı müəllifləri izləyirsən, bizim qəzetdə kimin yazılarını bəyənirsən?
   
   Üzümə baxır, anlayıram ki, bu da Yazıçıdı. Heç nə oxumur. Qəribəsi də odur ki, özləri oxumayanlar elə bilirlər ki, bunların yazdıqlarını kimsə oxumağa borcludur. Qız qalxıb gedir, rahat nəfəs almaq istəyirəm ki, yenə bir qonaq:
   
   - Salam.
   
   - Gəl, qızım.
   
   - Mən neçə-neçə qəzetdə işləmişəm, "Ədalət"də də işləmişəm (burda dalağım sancır). Sizə yazı gətirmişəm.
   
   - Şerdi?
   
   - Yox, müharibədən, şəhidlərdən.
   
   Yazının içində nə olduğunu artıq təxmin elədim. Yəqin ki, hardansa köçürülmüş şablon cümlələrdi, biçarə ananın yanında özünü yaxşı eləmək üçün götürüb gəlib qəzetə. Belə adamların hesabına şəhidlik və müharibə mövzuları da çox ucuzlaşıb.
   
   - Qızım, mən belə yazılar vermirəm. (İzah eləməyə də həvəsim yoxdur ki, sən uşaqsan, şəhid yazısı yaza bilməzsən).
   
   - Hm.
   
   - İncimirsən ki?
   
   Heç sağollaşmayıb koridora çıxır. Bir azdan ordan Aqil Abbasın səsi gəlir, redaksiyaya təşrif buyurub. Çıxıram və görürəm ki, həmin bu qızcığaz mənim qaytardığım yazını ona verir. Nə isə deyir, A.Abbas da başını tərpədib keçir otağa. Heç nə olmamış kimi soruşuram:
   
   - Nə istəyirdi o qız?
   
   - Heç, yazı gətirib, dedim ixtisarla versinlər.
   
   - Mən o yazını qaytarmışam. Yanımdan çıxıb sənə yaxınlaşmaqla nə demək istəyir? Bu nə tərbiyəsizlikdi?!
   
   - Sən qaytarmısan?! - Dönür yenə çıxır koridora və... (Əslində A.Abbasın qadınlara münasibətdə ürəkgenişliyi məlum, amma çox "şirin-şirin" adam bəzəməyi də məlum. Özü də fikir vermişəm, gənc qızlar bizim redaksiyaya gəlib məni otaqda görəndə kefləri pozulur. Hamısı Yazıçı olduqlarından heç nə oxumurlar, burdakı dəyişikliklərdən də xəbərsizdirlər. Düşünürlər ki və əksər hallarda da belə olur ki, bir az əzilib-büzülən kimi işlərini həll eləyəcəklər).
   
   Çox qəribədir, - biz tələbə olanda müharibə-filan yox idi, amma müəllimlərimiz bizə Böyük Vətən Müharibəsinə aid publisistikanı oxutdururdular. B.Polevoydan tutmuş İ.Erenburqacan, K.Simonovacan, eləcə də bizimkiləri - M.Aranı, Ə.Məmmədxanlını və s. Hələ o dövrdə yaranmış nəsr və şer nümunələrindən danışmıram. Yadımdadır, bir dəfə təcrübə üçün qəzetə gələn tələbələrdən "Buz heykəl" və "Serjant İvanov adına körpələr evi" hekayələrini soruşdum, gördüm oxumayıblar. Deməli, bunlar heç orta məktəbdə də heç nə öyrənmirlər. Bunlar da Yazıçıdır... Sabah müharibə başlasa, savaşın ideoloji qanadı çox möhkəm əllərdə olacaq.
   
   ... Əbülfət Mədətoğlu qapıda görünür.
   
   - Bu, yoldaşımızdı, dostumuzdu, şerlərini gətirib, bu həftə verəkmi?
   
   - Ver də, Əbülfət, ver...
   
   (Uşaqlığımdan bu günə "şer yazıram" deyən adamlara xüsusi "rəğbətim" var. Evdə də, işdə də atamı rahat qoymurdular. Səhər tezdən bir də görürdün qapının zəngi çalındı, qoltuğunda bir qovluq, az qala bir çamadan şer bir Yazıçı girdi içəri. Əvvəl-əvvəl şerlərini oxudu, sonra öz dahiliyindən danışdı, sonra atamdan şerlərinin çap olunmasına yardım istədi, sonra da "uğurlu yol" yazmasını xahiş etdi. İndi fikirləşirəm ki, bu "uğurlu yol"lar Məmməd Araza yazılmış günahlardandı. Amma yazığın abırını tökürdülər, çarəsi yox idi. Qəribədir, görəsən niyə adamlar elə düşünürlər ki, tanınmış şairlər üzlərindən keçməyib haqlarında nəsə yazıblarsa, onlar da mütləq mənada dahidilər. Bir söhbəti də xatırlayıram, yazıçıların sonuncu qurultayı ərəfəsində atamın yaxın dostu, məşhur bir şair dedi ki: "Mənim Anara ürəyim yanır". "Niyə"- soruşdum. "Elə bilirsən bu qədər dəlini yola vermək asandı?! Hamısı elə bilir klassikdi, hamısı da prezident təqaüdü istəyir" dedi. "O qədər adamı yığmasaydılar ora" dedim. "A bala, abırını tökürlər, neyləsin?")
   
   İndi Əbülfətin üzünə baxa-baxa olanlar yadıma düşür və anlayıram ki, bu mənim alın yazımdı. Bu gedib-gələn şairlər, bu Yazanlar məni oxumağa qoymayacaqlar. Bu məmləkətdə prinsipial olmaq olmur. Biri gəlir ki, mən filankəsin tələbə yoldaşıyam, şer yazıram. Biri gəlir ki, bacım oğlunu çap eləmək lazımdır. Biri gəlir, əvvəl tərifdən başlayır, sonra roman boyda hekayə çıxarıb qoyur mizin üstünə. Birinin ad günüdü, birinin yubileyidi, birinin toyudu, birinin 90 yaşında babası ölüb və bütün bunları qəzetdə çap eləməlisən. Yazırlar da. Mən elə bilirdim sovet hökuməti dağılandan sonra bu millətin yazmaq mərəzi sağalacaq. Olmadı - heykəl arzuları rahat qoymur adamları. Ay yazıqlar, heykəlləşmiş şairlərə heykəl qoyan yoxdur. Amma... ola da bilər. Canlı adamların yeri səhv düşürsə, heykəllərin də aqibəti eyni ola bilər.
   
   ... Bu iş günüm də belə bitir. Koridora çıxıram. Ətrafa xoşagəlməz yemək qoxusu yayılıb. Qardaş qəzetlərimiz yaradıcılıq emalatxanalarında nəsə qaynadırlar. Liftə tərəf gedirəm. Sağda-solda nə qədər qəzet adları oxuyuram. Bu mənim bugünki mütaliəm. Nəşriyyat da bu gün adını daşıdığı məmləkətə bənzəyir. Bir tərəfi par-par parıldayır, işıqları alışıb yanır, bir tərəfi də zibilli-çirkli. Amma vaxtilə hər tərəfi eyni idi. Əqidəsinin daşıyıcısı olduğu ad kimi. Adda da bir hikmət var ha. (Rəşad Məcidin nəzərinə, bizim buralarda rusdillilərin tualetləri də ayrıdı). Pilləkənləri düşürəm, ikinci mərtəbəyə çatanda yenə o koridora boylanmaq keçir ürəyimdən. Elə bilirəm baxsam, "Göyərçin" jurnalının atamın otağı ilə üzbəüz qapısından çıxan şair Tofiq Mahmudun gülümsər çöhrəsini görəcəm. Amma, baxma, qızım, baxma! O gedən qatarın dalınca baxma. Xatirələrini də alt-üst eləmə.
   
   
   
   P.S. Bir internet oxucum var. Mənə məktub göndərib deyir ki, ölülərdən çox yazırsan, dirilərdən də yaz. Bu da sənin üçün dirilər, oğlum. Amma kimin diri, kimin ölü olduğu böyük sualdı.
   
   
   
   P.P.S. Evə gələndən sonra elektron poçtumu açıram, görürəm şer də göndəriblər. İstəyirəm üstündən keçəm, amma sonra məktubdakı iddiasız, mütəvazi ton məni tutur. Və müəllifin böyük şairə istinadən "Sözün tozun aldım" deməsi diqqətimi çəkir. Şerləri oxuyuram, xoşuma gəlir, zövq alıram. Müəllifi tanımıram, zatən adı da şair adına oxşamır. Amma yazdığı şerdi. Gələn həftə mütləq çap edərik, sağlıq olsun!

TƏQVİM / ARXİV