adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
08 Iyun 2020 18:10
51593
ƏDƏBİYYAT
A- A+

Vaqif Tanrıverdiyev: QARABAĞDA BİR TOY ÇALINDI…

Biri var idi, biri yox idi, dünyanın rahat vaxtlarında , onda hələ Ağdammızda axar-baxarlı günlər yaşayırdıq, onda hələ bu faciələr başımıza gəlməmişdi, Qarabağda bir toy çalındı, Ağdamın hörmətli ağsaqqallarından olan Yarəli kişi oğlu Cümşüdə məclisi quruşdu. O toya Gəncədən qohumun Əsəd də dəvət olunmuşdu. Gəncəli Əsədlə ağdamlı Cümşüdün tanışlı həbsxanada başlamışdı. Oxşar taleləri vardı, hər ikisi ali təhsil almışdı, hər ikisi məsul vəzifədə çalışırdı və tanıyanlar, bilənlər onların parlaq gələcəyindən əmin idilər. 

Lakin bir təsadüf, hər ikisinin həyatının axarını dəyişib, hər ikisinin taleyinə "təqsirləndirilən” damğası vurulub. Həbsxana həyatları Bakıda "şestoy” kalonda eyni vaxta düşüb. O çətin günlərdə çörək kəsib dostlaşmış, lotu uşaqların dili ilə desək "xlebnik” olublar. Biz də toya Əsədin dəvətlisi kimi getmişdik, inandırmışdı ki, mənim dəvətim sizin iştirakınız üçün kifayətdir, elə bilin özü çağırıb. Gözəl bir məclisi idi, əsl Qarabağlı məclisi. Bu şahanə məclisdə bizi çox hörmətlə qarşıladılar, Gəncədən gələn əziz qonaqlar kimi məclisin mötəbər yerində oturtdular. Fikrimi ona görə belə ifadə edirəm ki, əslində məclis Ağdamın, Qarabağın sərhədləri hüdudunda olsa da, bütün Azərbaycan təmsil olunurdu. Məclisi 3 müğənni dəstəsi idarə edirdi. Qədir o dəqiqə diqqətimizi cəlb elədi, öz tarzəni ilə başda əyləşmişdi, hər iki tərəfində də ayrıca müğənni qrupu vardı. Yoldaşlarımızdan biri heç görməmiş kimi heyrətlə "Qədirdi” dedi, elə həyəcanla söylədi ki, bu "görməmişlik” qonşu masada oturmuş ağdamlı oğlanı təcübləndirdi, Qədir də onların Qədiri, hər gün gördükləri Qədir. Çox məclislərdə bir yerdə olur, ifasından ləzzət alırlar... Qədir başda əyləşmişdi. Digər müğınnilər hər oxumağa başlayanda ondan xeyir-dua alırdılar, sanki ustad, "hüzurunda” oxuduğumuz üçün bağışla, deyirdilər. Qonaqlar da öz işlərində idilər, işlərində deyəndə ki, zəngin süfrədən ləzzətlə təam edir, başqa müğınnilərə o qədər də fikir vermir, təkcə Qədir oxuyanda söhbəti, yeyib-içməyi yarıda kəsir, mahnının ahəngi ilə yaşayırdılar. Aydın, ulduzl bir səma, ahəstə məclis, dərya kimi dalğalana mağar...yadıma Gəncə toylarını saldı. "Gecənin Ayına bax, ulduzun sayına bax… Könlün şənlik istəsə Gəncənin toyuna bax…” Ay həmin Ay idi, ulduzlar saysız-hesabsız, Ürək şənlik edirdi. Nə qədər bənzəsə də bu Ağdam toyu idi. Qarabağ səmasını Ay bəyaz nura boyamışdı, aydın səmada ulduz da saysız hesabsız... Bu oxşarlıq hələ universitet illərində, fəlsəfə müəllimimiz, rəhmətlik Qənbər müəllimin sözlərini yadıma saldı. Deyərdi ki, Gəncə ilə Ağdam bazarları Amerikanın Texas Ştatının bazarlarından daha zəngindir. Top-tüfəngdən tutmuş, iynə-sapa qədər nə istəsən bu bazarlarda tapa bilərsən... Məclisin şirin yerində söz-söhbət fırlanıb bizə də çatdı, sağlıq demək, qonaq xeyir-duası vermək lazım idi. Əhvalları göylə əlləşən uşaqlar məni qabağa verdilər, bu "sənlikdir” dedilər. Əslində sözün nə demək olduğunu az da olsa bilirəm, amma Qədirlə üzbəüz, onun "hüzurunda”, yeni qurulan ailəyə ürək sözü söyləməli, gəncəli qonaq kimi xeyir-dua verməli idim. Məclisin ahəngi, ilahi ifalar və ürəklə deyilən sağlıqlar məni də öz aləminə almışdı. Bir az dumanlı, bir az məst, bir az sanki yarıyuxlu dediyim sağlığın detallarını tam xatırlamıram, çünki yaddaş yaşatmaq halında deyildim. Amma son müraciət bu günkü kimi yadımdadı. Məclisə üz tutub (bu da vəziyyətimin verdiyi "cəsarəti” idi) dedim ki, Qədirin bütün oxumaları ilahi duyumun və ilahi ifanın əks-sədasıdır. Amma Qədir Rüstəmovun ifaları içində mənim ən çox sevdiyim bir mahnı var. İstəyim, xahişim odur ki, bu böyük sənətkar da ən çox sevdiyi mahnısını ( əslində bu ərkim, əhvalımdan irəli gəlirdi, bağışlamaq olar) oxusun, sevdiyim mahnıya sevgimin həddi-hüdudunu bilim. ( bu da o andakı halımdan doğan ərk idi.) Mahnı qanadlandı, "Gözəlim sənsən, gözümün nuru...” O an, o dumanlı başım, döyüntüləri ilə sanki sinəmi yarıb çıxacaq ürəyimdən keçən hissləri ifadə etməkdə acizəm... "Qəlbimin tacı, Dərdim əlacı..” Qədir sanki ürəyimi oxuyurdu, Qədir sanki mənim sevdiyim mahnını daha çox sevirdi... Əslində Qədirin bütün mahnıları Azərbaycan boyda böyük bir ürəyin döyüntüləridir. Qədir sanki oxumur, suya təşnə ürək kimi bir piyalə sərin suyu ürəklə başına çəkir... 

Qəribə də olsa mən bu ilahi ifanı gitaraçı Rəmişdə də görmüşəm. Yaxşı ifa ilə, istedadın doğurduğu yaradıcı ifa tamam başqa-başqa şeylərdir. Nə isə... Söhbət bir az uzandı. Dediyim odur ki, indi harda o mahnını eşidirəm, Qarabağlılara məxsus o möhtəşəm məclis yadıma düşür, o mahnınmı xatırlayıram...İndi nə vaxt o mahını eşidirəm, Ağdamın o çal-çağırlı günləri yadıma düşür. Bir də mənim üçün əziz olan, Qarabağı daha da doğmalaşdıran tələbə dostlarımı xatırlayıram, rəhmətə gedənlərə qəhərlənir, yaşayanlara gümrahlıq arzulayıyam ... İnşallah, o günləri yaşamaq bir də qismətimiz olar.... İnşallah Qarabağda yenə dostlarımızın məclisləri qurular, sevincimiz aşıb-daşar, şəhidlərimizin ruhu da rahatlıq tapar... Bu nağıl hələ yarımçıqdır, inşallah xoş sonluqlu daha bir nağılımız bitər, bütün nağıllarda oldsuğu kimi göydən almalar düşər və o almaları nağılımızın sonunda bölşərik...