adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
08 Iyun 2020 16:12
16997
SİYASƏT
A- A+

ADİL ƏLİYEV: “Karantin qaydalarına hamımız əməl etməliyik”

Hər yerdə olduğu kimi Azərbaycanda da koronavirusla mübarizə davam edir. Keçən aylarda bu mübarizədə uğurlarımız var idi, karantin qaydalarının tətbiqi nəticəsində xəstələrin sayını və ölüm hallarını aşağı səviyyədə saxlamaq mümkün idi. Ancaq karantin qaydalarını uzatmaq iqtisadiyyatımızın problemlərini artıra bilərdi, iş yerlərinin açılması və ticarətin başlanması zəruri idi. Ancaq may ayının ortalarından başlanan yumşalma xəstə sayını yenidən artırdı. Vəziyyət o həddə çatdı ki, mart və aprel ayında gündəlik xəstə sayı 40-50 nəfər idisə, mayın sonu və iyun ayının başlanğıcında say 3 rəqəmliyə keçdi və hazırda xəstə sayı 250-350 nəfərə çatır. Bu baxımdan yenidən sərt tədbirlər görülməsəydi vəziyyət nəzarətdən çıxa bilərdi. Bu isə o demək olacaqdı ki, mövcud xəstəxanalarımızda boş yer qalmayacaqdı. Nazirlər Kabineti yanında Operativ Qərargah şənbə və bazar günlərində vətəndaşlara evdən çıxmağı qadağan etdi. Başqa alternativimiz yox idi. Qardaş Türkiyə də bir neçə ay bu üsuldan istifadə edib və müsbət nəticələrini görüb. İnanıram ki, şənbə və bazar qadağasının yaxın günlərdə müsbət nəticəsini biz də görəcəyik. Karantin rejiminin tələblərinə hər birimiz əməl etməliyik.

Vətəndaşlarımızın mütləq əksəriyyəti şənbə və bazar günü bayıra çıxmaq qadağasına riayət etdi. Çünki hamımız başa düşürük ki, sərtləşən qaydalar özümüzü, ailə üzvlərimizi və bütövlükdə Azərbaycanımızı qorumaq üçündür. Ancaq təəssüf ki, xoşagəlməz hallarla da üzləşdik.

Operativ Qərargah şənbə və bazar günü qadağasını ötən həftənin əvvəlindən elan etmişdi. Yəni iki gün qadağasına riayət etmək üçün ərzaq tədarükü görmək üçün kifayət qədər zaman var idi. Ancaq cümə günü marketlərdə növbələr yarandı, çörək piştaxtaları boşaldı. Əlbəttə, böyük ailələr var və onlar iki günlük çörək tədarükü görməli idilər. Ancaq internetdə yayılan bir görüntüyə reaksiya verməyə bilmərəm. Taxta səbətdəki çörəklər dükanın qapısından içəri keçməyə macal tapmadan havada uzanan əllər tərəfindən anında boşaldılırdı. Kim əlinə nə qədər çörək yığa bilirdisə, o qədər daşıyırdı. Azərbaycan müharibə şəraitindədir və hər zaman da vurğulayırıq ki, torpaqlarımızı işğaldan azad etmək üçün savaşa hazır olmalıyıq. Müharibə şəraitində isə hər bir çətinliyə və sınağa dözməli olacağıq. 2016-cı ildə 4 günlük savaş günlərində həmin sınaqdan üzüağ çıxdıq. Savaş yenə olarsa növbəti sınaqdan da üzüağ çıxmalıyıq. Odur ki, dükanlarda çörək piştaxtalarının boşaldılması görüntüsü bizə yaraşmadı. İki gün keçib və marketlər yenə açıqdır, kimsə çörəksiz və ya ərzaqsız qaldımı? Bu sual cümə günü torbalarını yiyə bilməyəcəyi qədər çörək və ərzaqla dolduranlara aiddir. Nəzərə alın ki, bu həftənin sonunda da növbəti dəfə bayıra çıxmaq qadağası tətbiq oluna bilər. Eyni görüntülərin təkrarlanması bizə başucalığı gətirməyəcək. Bununla bərabər düşünürəm ki, eyni səhvin təkrarlanmaması üçün insanlarımız arasında təbliğat işinin gücləndirilməsinə ehtiyac var. Unutmayaq ki, düşmən də bu görüntüləri izləyir və informasiya savaşında bizə qarşı istifadə edə bilər.

Şənbə və bazar günü qadağası polisimizin üzərinə böyük məsuliyyət qoyurdu. Çünki polis karantin qaydalarına əməl olunmasına nəzarət etməli idi. Məsuliyyətli vətəndaşlarımız kimi polisimiz də bu sınaqdan üzüağ çıxdı. Ancaq qaydalara riayət etməyənlər və aranı qarışdırmaq istəyənlər yenə tapıldı. İnternetdə yayılan görüntülərin birində polis qanuna riayət etməyən vətəndaşımızı polis məntəqəsinə aparmaq istədikdə müqavimətlə üzləşir, bəziləri eyvandan polislərin üzərinə müxtəlif əşyalar atırlar. Polisə iş başında müqavimət göstərmək, onun üzərinə əşyalar atmaq, söymək dünyanın hər yerində olduğu kimi Azərbaycanda da qanun pozuntusu sayılır. Bunu edənlər düşünməsinlər ki, cəzasız qalacaqlar. Bir neçə gün əvvəl metroda da bənzər olay baş vermişdi. Qərar qəbul olunub ki, metroda maska geyinilməlidir, virusdan ancaq bu cür qorunmaq olar. Polis maskasız vətəndaşı çıxartmağa çalışdıqda bir neçə nəfər polisə müqavimət göstərdi. Daha sonra həmin şəxslər müəyyənləşdirilərək məsuliyyətə cəlb olundular. Eləcə də bazar günü polisin üzərinə müxtəlif əşyalar atanlar müəyyənləşdirilərək məsuliyyətə cəlb olunublar. Çünki bu tədbirlər görülməsə qanunlarımızı heçə saymış olarıq və başqaları da qanunsuz əməllərinə görə cavabdeh daşımayacaqlarını düşünə bilərlər. Fədakar polislərimiz bizlərdən biridirlər, qanunun keşiyində dayanıblar, hər zaman bizə əl tutmağa da hazırdılar. Təsadüfi deyil ki, şənbə və bazar günləri sosial şəbəkələrdə yayınlan görüntülərdə polisimizin nümunəvi hərəkətləri ilə yadda qaldı. Polis maşını ilə yoldan keçən yaşlı qadının bacısının dəfninə aparılmasından tutmuş, piştaxtaların boşaldılması səbəbindən çörək almağa macal tapmayan vətəndaşımızın evinə çörək aparan polisimizə qədər müsbət nümunələr gördük. Ancaq kim ki, bu iki gündə qaydalara riayət etməyib, qadağalara məhəm qoymayıb, polisə müqavimət göstərib, onlar məsuliyyətə cəlb olunublar. Biz hüququ dövlətdə yaşayırıqsa, qanunlara tabe olmalıyıq. Polis isə qanun keşikçisidir.

Radikal müxalifət bu məsələdə də öz simasını göstərdi. Dünəndən polisə müqavimət görüntülərini "qəhrəmanlıq nümunəsi” kimi internetdə yayırlar və şərhlərdə nalayiq ifadələr işlədirlər. Metroda məlum hadisə baş verəndə xaricdə kök salmış saytlardan biri görüntünü sevincək halda "polisi vaqondan qovdular” başlığı ilə yaydı. Amerikada kök salmış radikal müxalifətin nümayəndələrindən biri isə Yeni Yasamalda polisə müqavimət görüntüsünü alman faşistlərinin əməlləri ilə "müqasiyə” edib. Həmin radikal yaşadığı Amerikada qaradərilinin polis tərəfindən vəhşicəsinə öldürülməsinə reaksiya vermək əvəzinə, polis soydaşını ləkələməyə çalışır. Keçməz. Azərbaycan polisi vətəndaşı qanuna riayət etməyə çağırır, bu olmadıqda qanunun ona verdiyi imkanlar çərçivəsində hərəkət edir, daha "amerikalı polis kimi boğulana qədər kimsənin boğazını sıxmır”.

İstənilən hakimiyyət qanun-qaydanın yaradılmasına və bunu təmin edən güclü polisin olmasında maraqlıdır. Siz necə hakimiyyətə iddialısınız ki, polisə müqaviməti və bununla aşkar qanunsuzluğu dəstəkləyirsiniz? Demək siz qayda-qanunda deyil, anarxiyada maraqlısınız. Həmin anarxiyanı cəmiyyətimiz sizin 1990-cı illərin əvvəllərində hakimiyyətdə olduğunuz qısa dövrdə gördü və bir daha təkrarlanmasını istəmir. Əgər siz vətəndaşları düşünürsünüzsə, insanları polisə müqavimət göstərməyə, xaos yaratmağa deyil, virusun yayıldığı dövrdə insanları maska taxmağa və sosial məsafəni qorumağa dəvət etməliydiniz. Ancaq siz bu adi çağırışı da etmirsiniz, çünki sizin dərdiniz insanlarımızı qorumaq deyil, ölkəni xaosa və anarxiyaya sürükləməkdir. "Dövlətin və xalqın problemləri nə qədər artarsa, bizim üçün bir o qədər yaxşı olar” – bu sizin həyat prinsipinizdir və dəyişməz olaraq qalır. Ancaq nahaq əziyyətdir. Əlbəttə, ölkəmizdə hər şey ideal deyil, müəyyən qüsurlar var, onlarla mübarizə aparılır. Sizin siyasətiniz isə bizi keçmişə qaytarmağa köklənib, bunu isə mütləq çoxluq istəmir.