QINAMAYIN İSGƏNDƏRİ...

İRADƏ TUNCAY
56939 | 2008-01-27 11:52

İl hardan gəldi, hara getdi, heç bilmədik. Artıq Yeni ilin birinci ayını da başa vurmaq üzrəyik. Yanvar ayını neçə illərdi ki, matəm ayı kimi qeyd edirik. Son vaxtlar bir az mübahisələr də oldu - bu günü milli oyanışın qələbəsi kimi, yoxsa faciə günü kimi qeyd edək. Mənə elə gəlir ki, adını nə qoyursan-qoy, hər hansı bir günün mahiyyəti xalqın düşüncəsində alqılandığı kimidir. Düşüncəmizdə nə var? Və yaxud da sualı dəyişdirək - düşüncəmiz varmı? Hamlet demişkən, sual budur, bu. Ən böyük itkimiz nədir? Biz özümüzü itirmişik. Biz kimik? Hardan gəlib, hara gedirik? Nələrə əl çalırıq?
   
   Dedim ki, yanvar ayı itkilər ayıdır. Amma unutdum sizi təbrik edəm. Gözünüz aydın, millət böyük bir bayrama hazırlaşır. Neçə gündür qulaqlarımı tıxasam da, hay-küy bütün lamisə üzvlərimdən içəri dürtülür. Deyir başımızın tacı, gözəllər gözəli bir xanım ad gününü qeyd eləməyə hazırlaşır. Və bu günün şərəfinə hələ xeyriyyə marafonu da keçiriləcək. O gözəl xanımın yarı da (göyçək oğlan yəni) meyxana deyəcək, millət eşidib feyziyab olacaq. Zatən hamımız bu gün meyxana deyənlərə əl çalırıq. Hələ o gün böyük türkçü oğlan bizim dilimizin necə gözəl olduğunu sübut etmək üçün proqramına meyxanaçı dəvət etmişdi. Hamı bu böyük bayramın həsrətini çəkməkdə olsun, hazırlaşmaqda olsun, mən də öz təqvimimdən başqa bir cütlüyü xatırlamalı olacağam. Düzdür, onların adı ilə bağlı nə marafon keçirən var, nə də meyxana deyən, amma deyəsən Kefli İsgəndərlər hələ də qalıb bu məmləkətdə. Qınamayın İsgəndəri.
   
   
   
   ***
   
   
   
   Ay bitmək üzrədir. Bir-iki günə fevralı da qarşılayacağıq. Xatırladığım cütlüyün biri yanvarda doğulub, fevralda bu dünyadan köç eləyib. O biri də fevralda doğulub, yanvarda tərk edib bu həşərat dünyasını. Mən belə fikirləşirəm ki, belə insanların bizim xalqın içində doğulması bayram sayılmalıdır və onların hər ad gününü biz təntənə il qeyd etməliyik. Amma eləməli olduğumuzun hansını edirik ki? Allahın bizə rəhmi gəldi, XX əsrin əvvəllərində çiyinlərində neçə əsrin yükünü daşıya biləcək nəhəngləri göndərdi. İnsanlar öz yollarını azanda Tanrı peyğəmbər göndərir - onlar da bu missiya ilə gəlmişdilər. Gəldilər, çox çalışdılar, şam kimi əriyib söndülər, biz dəyişmədik. Biz dəyişmədiyimizdəndir ki, indi çoxunuz bu yazını oxuyub söhbətin kimdən getdiyini bilmir. O deyirdi ki, "mən dünyaya gözümü açanda qaranlıq görmüşəm, neçə illərdi bu qaranlığın içində çabalayıb işıq axtarıram". Elə bir kişini xatırlamaq istəyirəm ki, dünyaya qəm pəncərəsindən baxıb bu dünyadan qəm və kədərdən başqa alacağı olmamışdı. Bütün ömrü boyu yazıb-pozduqlarını ömrünün sonlarında evini qızdırmaq üçün sobaya atıb yandırmaq məcburiyyətində qalmışdı (əslində o kağızın sobanı qızdırmayacağını bilirdi, burda bir az da hirs, hikkə vardı. Yəni yazdıqları heç kimə lazım deyil, qoy yansın). Elə bir xanımı xatırlamaq istəyirəm ki, onun taleyi, həyatı mənim üçün daim təsəlli, təskinlik olub. Dünyadan küsəndə, inciyəndə də o yadıma düşüb. Biz buyuq, bizə yananları yandıran, bizi daş-daş yuxarı qaldıranları daşqalaq edən, bizə söz, işıq gətirənləri kor, lal-kar edən.
   
   ... Xanımdan danışsaq, o, gözəl qadın idi. Gözəl qadın üçün tək yaşamaq çətin olur. O, ziyalı idi, ağıllı idi, cəmiyyət ağıllı olmağı qadına bağışlamır. O, vətəndaş idi, vətənini, xalqını çox sevirdi. El üçün ağlayan göz kor qalır. Bəzən fikirləşirəm ki, 1905-ci ilin oktyabrında Tiflisdəki görüş olmasaydı, bu tanışlıq olmasaydı həmin insanların taleyi və bizim aqibətimiz necə olacaqdı? 25 illik ailə həyatında həm gözəl, işıqlı, həm də ağır günləri çox olmuşdu. Hər ikisinin mürəkkəb, ziddiyyətli xasiyyətləri vardı. Və bu münasibətlərdə kimin daha çox güzəştə getməsi də böyük sualdı. Xanımın xatirələrində ərinin özü haqqında bu sözlər var: "Mən ailə həyatı üçün yaranmamışam. Əslində dərvişvari bir adamam. Xasiyyətim ağırdı, əsəbiyəm. Etiraf edirəm ki, mənimlə yaşamaq çox çətindi. Uşaqları tərbiyə etməyə səbrim çatmır. Sən məni ailə adamı eləyibsən". Amma o, heç vaxt tam anlamda ailə adamı ola bilməmişdi. Və yaxınlığındakı almazın dəyərini bilməyib qıraqda daş-kəsək axtaran çox kişilərdən biri də o idi. Xanım çox hallarda buna göz yumurdu. Amma görünür bir gün insanın səbri tükənir. Və silahı götürüb tuşlayırsan ki, bəsdi də...
   
   Bu qadın haqqında çox öyrəndikcə bir o qədər çox heyrətlənmişəm. Kişilər onun yanında nəfəs çəkə bilmirlərmiş. Və etiraf edim ki,bir qadın kimi bu mənə böyük zövq verib. Bir neçə il əvvəl çəkilişlərlə bağlı Ağcabədidə, Kəhrizlidə olanda mənə onun dəyirmanının yerini göstərdilər. Çinarların altında oturub uzun-uzadı həmin yerə baxdım. Bu həmin o dəyirman idi ki, onun pərləri fırlandıqca Tiflisdəki "Qeyrət" mətbəəsinin çarxları da fırlanırmış. "Qeyrət" mətbəəsinin fikir tariximizdəki yerini bəlkə də kimsə xatırlayacaq. Bağışlayın ha, böyük xeyriyyə marafonuna hazırlaşan məmləkətin yadına başqa bir cütlüyü də saldım. Qınamayın İsgəndəri...
   
   
   
   ***
   
   Mənim öz təqvimim var. Yanvarla fevralın qovşağında onu vərəqləyirəm. Onları xatırlamaq istəyirəm və bu günlərin işığında böyük ustada şikayətlənmək istəyirəm.
   
   Mirzə, mən bilirəm ki, sənin cəsarətinin mində biri bizdə yoxdur. Bundan sonra yüz il yazsaq da sənin yazdıqlarının bir sətrinin yükünü daşıya bilməyəcəyik. Mirzə, sən yazırdın ki, "Hər bir müsəlman qəzetini alırsan əlinə, görürsən ki, yazılıb, maşallah, filan milyonçu, maşallah, filan millətpərəst, maşallah, filan xan, filan bəy, filan hacı, filan kərtənkələ. Amma heç kəs yazmır ki, bir yandan minlərcə müsəlman acından ağlaşır və bir yandan min-min manatlar xərclənir qonaqlıqlara, şöhrət ehsanlarına, qara neftə, püstə-badama, barışna və madama, sözü bir dəfə deyərlər adama". Sözü bir dəfə yox ey, min dəfə de, heç kimin tükü də tərpənmir. Dəyişən bir şey var ki, millətin öz barışna və madamları yetişib. Bilmirəm, buna sevinək, ya yox.
   
   Mirzə, yazırsan ki, "Hər kəsdə vətən və millət məhəbbəti olsa, Aşura günü çıxar bir uca yerə və müsəlman aləminə tamaşa edib tez geyinib gedər evinə və iki əlli başına vura-vura deyər, ah, biçarə qardaşlar, ah, uzunqulaqlar! Molla Nəsrəddinin borcu keçəl qardaşları xəbərdar eləməkdir ki, düşmənlərini tanısınlar. Eşidən eşidər, eşitməyənin canı cəhənnəmə!" Mirzə, vallah, eşitmirlər.
   
   Mirzə, yazırsan ki, "sözümü təmam etdim, ancaq bircə üzrüm var, məni gərək bağışlayasınız ey mənim türk qardaşlarım ki, mən sizlə türkün açıq ana diliylə danışıram. Mən bilirəm ki, türk dili danışmaq eyibdi və şəxsən elmin azlığına dəlalət edir". Mirzə, rus dilində danışan alimlərdən qurtulmamışdıq ki, indi də başqa dillilərdən asılı olmuşuq.
   
   Mirzə, yazırsan ki, "danışmamaq danışmaqdan yaxşıdır. Heç bir müsəlman gərək danışmasın. Xah cahil və axmaq ola, xah kamil və sahibi-mərifət. İnsan nə qədər ki, sabit və samitdi, o qədər gözəldi. Elə ki başladı danışmağa, dəxi gözəllik itib gedir". Ustad, bu sözünə qeyd-şərtsiz əməl edirik, danışmırıq, lal olmuşuq.
   
   Mirzə, arzulayırdın ki, müsəlman balaları oxusunlar, adam olsunlar. Məktəbə gedə bilən gedir, amma müəllimlər onların başına yox, cibindəkilərə, əlindəkilərə qiymət verirlər.
   
   Ustad, Azərbaycan qadınını səhnədə görməyi arzulayırdın. Gərək onları səhnəyə buraxmayaydılar. O qədər çoxalıblar ki, bir gün səhnə onların ağırlığından çökəcək. Öz aralarında da bir pəstah çıxarırlar ki, Kərbəla müsibəti yalan olur. Poçt qutusunun nə olduğunu bilməyən Novruzəli üçün ağlayırdın - bu gün kompüterlə məktublaşanların düşüncəsi Novruzəlidən çox da irəli getməyib. Heyf ki, kinoya baxa-baxa alt yazılarda gedən mesajları oxumaq keyfindən məhrumsan - Novruzəli onlardan çox-çox zəkalı idi. Qurbanəli bəy deyirdi ki, "nə qədər ki, Mixail Pavloviç bizim mahalda deyildi, bizim kəndlilər də bədbəxt idilər, mən də bədbəxt idim". Ondan bəri nə qədər mixailpavloviçlər gəlib-gedib. Qurbanəlibəylər yenə nökər olmaqdan qürur duyurlar, yenə xudayarbəylər dul Zeynəbin, yazıq Məmmədhəsən əminin haqqını yeyirlər.
   
   Ustad, deyirdin ki, "öz gününüzə ağlayın. Qarşınızda Azərbaycan matəmgahı durur". Mən sənin qədər cəsarətli ola bilmərəm, ancaq sənin 1917-ci ildə yazdıqlarını deyirəm: "Gəlin, gəlin, gəlin, mənə bir yol göstərin. Vallah, ağlım çaşıb. Axır dünya aləm dəyişildi, hər şey qayıdıb öz əslini tapdı. Hər mətləbə əl vuruldu. Gəlin biz də bir dəfə oturaq və keçə papaqlarımızı ortalığa qoyub bir fikirləşək. Hardadı bizim vətənimiz? Gəlin, gəlin, gəlin, ey unudulmuş vətənin cırıq-mırıq qardaşları! Gəlin görək beşikdə yad millətlərin südünü əmmiş, vətənimizdən yadırğamış və millətimizin ruhundan xəbərsiz bir para millət başçılarımız sizə nə gün ağlayacaqlar. Niyə sakitsiniz, ey mənim lüt-üryan qardaşlarım?"
   
   
   
   ***
   
   Muzey künclərində beş-altı nəfərin iştirakı ilə yubileyləri qeyd olunan nəhənglərimiz, gorunuz çatlasın. Bu xalqın sizə heç borcu-zadı yoxdur. İndi ürəyinizdən keçirə bilərsiniz ki, xalq neyləsin, xalqın əlində nə var? Bəs o xanımlara ad günü keçirənlər, maşın alanlar, klip çəkdirənlər də bizim xalqın nümayəndələridirlər də. Bax, indi ümumxalq bayramı kimi xanımın ad gününə hazırlaşırlar, xeyriyyə marafonu da olacaq. Gözünüz aydın, bayramınızı təbrik edirəm. Amma mənim öz təqvimim var. Yanvarın bitdiyi, fevralın isə başlamaq istədiyi bu günlərdə bu iki işıqlı insanı xatırlamaq istədim - Mirzə Cəlili və Həmidə xanımı. Çox böyük günah eləmədim ki?! Qınamayın İsgəndəri... Yaman olur anlamaq dərdi.

TƏQVİM / ARXİV