adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
06 Iyun 2020 14:02
15676
SİYASƏT
A- A+

Pandemiyanın üzə çıxardığı gender bərabərsizliyi AŞPA-nın onlayn iclasında müzakirə olundu

AŞPA-nın Bərabərlik və qeyri-diskriminasiya Komitəsinin iyunun 5-də onlayn formatda iclası baş tutub. Pandemiya dövründə qadın hüquqlarının qorunmasının vacibliyinə həsr olunan virtual toplantıda "Qadınların səlahiyyətlərinin artırılması, Avropada arzuolunmaz hamiləliyə qarşı xidmətlərin təşviqi”, "Xarici siyasətin gender ölçüsü”, "Süni intellektin istifadəsi nəticəsində yaranan ayrı-seçkiliyin qarşısının alınması” kimi aktual mövzuları əhatə edən məruzələr dinlənilib. Uzunmüddətli perspektivdə pandemiyanın qadınların səhhətinə, hüquq və azadlıqlarına təsirinin bütün cəmiyyətlərə zərər verə biləcəyi vurğulanıb.

İclasda ölkəmizi təmsil edən millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Könül Nurullayeva "Böhran və pandemiya dövründə insan haqlarının qorunması: bərabərlik və ayrı-seçkilik hüququ”nun müzakirəsi zamanı fikirlərini bölüşüb. Millət vəkili bildirib ki, "COVİD 19” gender bərabərliyi kimi aktual mövzunu ən azı 50 il geriyə atıb. Təəssüflər olsun ki, mövcud təcrid və məhdudlaşdırma siyasəti bəzi cəmiyyətlərdə qadınlar üçün təhlükəli vəziyyətin yaranmasına səbəb olub.



Azərbaycanın pandemiya dövründə gender əsaslı zorakılığa dair BMT Baş Katibinin çağırışına qoşulan 146 ölkədən biri olduğunu qeyd edən millət vəkili vurğulayıb ki, bu gün bütün dövlətlər mövcud böhranın daha da böyüməsinin qarşısını almaq istiqamətində çalışmalıdır. K.Nurullayeva

«Aİ_BMT Məlumatlandırma Təşəbbüsü”nün (EU_UN Spotlight Initiative) bu məsələyə reaksiya baxımından vacib əhəmiyyət kəsb etdiyini də diqqətə çatdırıb.

"Ayrı-ayrı ölkələrdə investisiyaların miqyasını genişləndirmək üçün daha çox maraqlı tərəflərə, o cümlədən özəl təşkilat və vətəndaş cəmiyyəti üzvlərinə çağırış etməyin vaxtıdır” deyən xanım millət vəkilinin qənaətincə, bu təşəbbüs qadınların bacarıqlarını nümayiş etdirmək, yeni iş yerlərinin yaranması, eyni zamanda qadınların müdafiəsini təmin edəcək digər qlobal fəaliyyətlərin yerinə yetirilməsi üçün zəruri maliyyə təminatı ola bilər. Bu isə nəticə etibarı ilə zərif cinsin nümayəndələrinin cəmiyyətdəki mövqeyinin müdafiəsinə ən böyük dəstəkdir.