adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
05 Iyun 2020 14:19
21633
SİYASƏT
A- A+

Tahir Rzayev: “Prezident keçmişimizlə bağlı hadisələrə həssas yanaşmağı tövsiyyə edir”

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Tərtər rayonuna səfəri zamanı İdman Olimpiya Mərkəzinin açılışında gənclər qarşısında söylədiyi fikirlər tariximizi öyrənmək, keçmişdə baş verən hadisələri qiymətləndirmək və ondan dərs götürmək baxımından çox əhəmiyyətlidir. Bu sözləriSİA-ya müsahibəsində Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev deyib.

Komitə sədri qeyd edib ki, bu həm Demokratik Xalq Cümhuriyyətinin 29 may 1918-ci il tutduğu mövqeyi ortaya qoyur, həm də İrəvanın tarixi Azərbaycan torpağı olduğunu, ermənilərin bu ərazilərdə zorla yerləşdirildiyini sübut edir.

"Cənab Prezident bu hadisələrə biganə qalmamağı, keçmişimizlə, düşmənlərimizlə bağlı faktlara, hadisələrə həssas yanaşmağı tövsiyyə edir. Ermənistanın terrorçu dövlət olduğunu, Azərbaycanın torpaqlarını silah gücünə, havadarlarının köməyi ilə işğal etdiyini və faşizmi dəstəklədiyini nəzərə çatdırmaqla, insanları bu hadisələri düzgün qiymətləndirməyə, reallıqları dərindən dərk etməyə, bu sahədə təbliğatı gücləndirməyə, erməni faşizminin iç üzünün açılıb göstərilməsinə çağırışlar edir. Ölkə rəhbəri Ermənistan rəhbərlərinin faşizm ideologiyasına xidmət etmələrini, Njde kimi xain, qəddar bir insana abidə ucaldılmasını, sülhsevər bəşəriyyət üçün bir ləkə, hörmətsizlik olduğunu diqqətə çatdırmaqla, bunun dünya ölkələri üçün qəbuledilməzliyini bildirir və faşizmi təbliğ edənlərin cəzalandırılmasının vacibliyini gündəmə gətirir. Cənab İlham Əliyevin bu məsələdə prinsipial mövqeyi nəinki Tərtər gəncləri tərəfindən, eləcə də dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar tərəfindən rəğbətlə qarşılanır. Çünki, faşizm bəşəriyyət üçün bəladır. Onun tərəfdarlarının, təbliğatçılarının iç üzünün ən mötəbər tribunalardan açıb göstərmək və Prezidentimiz tərəfindən Ermənistan rəhbərlərinin cəllad xislətinin, əməllərinin əyani faktlarla bütün dünyaya bəyan edilməsi bəşəriyyətin gələcəyi üçün çox vacibdir. Dünyanın mötəbər təşkilatları bu məsələdə ölkəmizin rəhbərləri ilə həmrəydirlər. Əlbəttə ki, bu həmrəylik bizim qələbələrimizi yaxınlaşdırır. Çünki, dünya bu gün Azərbaycanın ərazi bütövlüyünü qəbul edir, qondarma Dağlıq Qarabağ respublikasını tanımır, orada keçirilən seçkiləri əsassız sayır, mühüm məsələlərdə dövlətimizə dəstək və həmrəylik nümayiş etdirirlər. Ölkəmizin inkişafı, iqtisadiyyatda, sosial həyatda baş verən yeniliklər, insanlara qayğı və diqqət yüksək qiymətləndirilir. Səsimizə səs verənlərin sayı günbəgün artır. Əlbəttə ki, bu dövlət başçısının həyata keçirdiyi düzgün, düşünülmüş siyasətin, vətəndaşlara qayğı və diqqətin, qarşılıqlı hörmət və ehtiramın, birliyin həmrəyliyin nəticəsidir”, deyə Tahir Rzayev bildirib.