adalet.az header logo
  • Bakı 20°C
06 Iyun 2020 10:02
18922
GÜNDƏM
A- A+

BİZ BİRLİKDƏ GÜCLÜYÜK

Bu gün dünyanın "olum-ölüm” probleminə çevrilmiş COVİD-19-un qarşısının alınması üçün bütün ölkələrdə müəyyən tədbirlər həyata keçirilir. Təbii ki, bu tədbirlər hər bir ölkənin həm iqtisadi, həm də elmi daxilində gerçəkləşdirilir. Yəni ölkələrin səhiyyə imkanlarının səviyyəsi daxilində addımlar atılır, qabaqlayıcı tədbirlər görülür və bunun da nəticəsi Beynəlxalq Səhiyyə Təşkilatlarının informasiyalarında öz əksini tapır. Bu mənada Azərbaycanın bir dövlət olaraq atdığı addımlar və Azərbaycan iqtidarının qəbul etdiyi qərarlar beynəlxalq aləmdə müsbət qarşılanmaqla yanaşı, həm də təqdir edilir. Bu da səbəbsiz deyil.

Günümüzün reallığına nəzər salanda görürük ki, ölkəmizdə koronavirusla bağlı həyata keçirilən bütün tədbirlər ilk öncə Azərbaycan insanının sağlamlığına xidmət edir. Məhz bu sağlamlığın qorunması üçün həmin addımlar atılır, tədbirlər gerçəkləşdirilir. Özü də bu tədbirlərin birmənalı olaraq reallaşması üçün ölkə Prezidenti cənab İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva xüsusi diqqət yetirir. Hətta onlar iştirak etdikləri tədbirlərdə, açılışlarda ictimaiyyətə, Azərbaycan xalqına həm gerçək nümunələr göstərməklə, həm də özlərinin şəxsi timsalında əsas mahiyyəti sadə adamlara çatdırmağa çalışırlar. Biz televiziya vasitəsilə həmin görüşləri izləyərkən birbaşa görür və şahidi oluruq ki, ölkə rəhbərliyi pandemiyadan qorunmaq üçün atılan zəruri addımlardan biri olan maskalardan istifadə edirlər.

Zənnimcə, bunun özü hər bir insana təhlükənin nə qədər gerçək olduğunu diqtə edir. Digər tərəfdən əgər bu virus təhlükəsinin bəzilərimizin iddia etdiyi kimi, ötəri olması fikrinə istinad etsək, onda dünyanın, ümumiyyətlə, bəşəriyyətin yaşadığı təlaşın mahiyyətini dərk etməmiş olarıq. Axı, indiki informasiya imkanlarının arenasında biz anbaan baş verənləri izləmək iqtidarındayıq. Deməli, hər birimizin hər an qarşılaşa biləcəyimiz təhlükə gerçəkdir. Və biz özümüzü qorumaqla, həm də ətrafımızdakıları qorumağa bir insan olaraq məcburuq. Bax, bu mənada ölkədə tətbiq edilən karantin rejiminə əməl etmək də bizim vətəndaşlıq borcumuzdur.

Çox təəssüf ki, bəzi insanlar öz laqeydlikləri, biganəlikləri üzündən həm özlərinə, həm öz ətraflarına, həm də öz sevdiklərinə problem yaratmaqda davam edirlər. Bu isə Azərbaycan hökumətinin real vəziyyətlə bağlı əlavə tədbirlər görməsini labüd edir. Məlumdur ki, hələ pandemiyanın ilk günlərindən qəbul edilmiş qərarlar və karantin rejimi vəziyyəti nəzarət altında saxlamağa imkan vermişdi. Ona görə də real vəziyyəti qiymətləndirən Nazirlər Kabineti yanında Operativ Qərargah karantin rejimindən mərhələli şəkildə, planlı olaraq çıxmaq barədə qərar qəbul etdi. Çox təəssüf ki, vətəndaşlarımızın müəyyən hissəsi qəbul edilmiş bu qərarı doğru qiymətləndirmədi və bunu hər şeyin ötüb keçdiyi kimi dəyərləndirdi. Ona görə də Operativ Qərargah karantin rejimini yenidən sərtləşdirmək barədə təklif hazırladı. Həmin qəbul olunmuş qərara görə həftənin yalnız iki günü qapanma təklifinin gerçəkləşməsi artıq vəziyyətin bütün çalarlarını ifadə edir. Vətəndaşların birmənalı şəkildə vəziyyətin ciddiliyini qəbul etməsi üçün atılmış bu addım ondan xəbər verir ki, biz hələ də reallığı dəyərləndirə bilmirik. Axı, insan həyatının hər bir anında özünü büruzə verə biləcək bu təhlükəni dünya ictimaiyyəti, dünyanın ən nüfuzlu səhiyyə təşkilatları, hətta ən güclü dövlətləri qəbul edirsə, onda biz niyə öz həyatımızı təhlükəyə atmalıyıq. Məhz bu sualın özü Operativ Qərargahın atdığı addımın nə qədər zəruri olduğunu yəqin ki, hər kəsə diqtə edir, xatırladır.

Biz özümüzün, ailəmizin, doğmalarımızın və bütövlükdə də xalqımızın sağlamlığı naminə maskalardan, tibbi spirtlərdən istifadə etməyin, kütləvi tədbirlərdən çəkinməyin, insanların çox olduğu yerlərdə ehtiyatlı davranmağın fərqinə varmadıqca, problemin də ömrü uzanır. Ona görə də hər birimiz reallığın gözlərinin içinə baxmaqla evdə qalıb həyatımızı qorumaq barəsində düşünməliyik. Və nəhayət, biz onu da bilməliyik ki, Azərbaycan prezidenti və Azərbaycanın Birinci vitse-prezidenti maskadan istifadə etməklə, bizə həm də nümunə göstərirlər. Deməli, real vəziyyət bunu tələb edir. Biz də qarantımız olan Prezidentimizin atdığı addımlara böyük sayğıyla yanaşıb, özümüzü və ətrafımızı qorumaqda nümunə olmalıyıq. Məhz belə olduğu halda özümüzü və ətrafımızı qorumuş oluruq. Deməli, bu qətiyyətlə də COVİD-19-a qalib gəlmək məsələsi öz həllini tapır. Axı biz birlikdə güclüyük.

Əbülfət MƏDƏTOĞLU

Əməkdar jurnalist