adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
06 Iyun 2020 09:45
58294
ƏDƏBİYYAT
A- A+

Narkoman, əyyaş, yoxsa dahi?!

Onun uşaqlığını qız kimi keçirməsini eşitmək əlbəttə, təəccüblüdür. Yazıçının anası böyük qızı Marselinayla dostluq edə biləcək qızının olmasını istəyirdi. Buna görə də Ernestə qız paltarları geyindirir, saçını qız kimi kəsdirir və qonşulara onu Ernestina adıyla təqdim edirdi.

Ernest Heminquey ömrünün otuz ilini Amerika ədəbiyyatının əsas simalarından biri kimi keçirdi. Beş müharibə, dörd avtomobil, iki təyyarə qəzası keçirdi. Özü və təcrübələri haqqında hamıdan daha çox yazdı. Morley Colleghan Ernest haqqında "bilmirik, o özü haqqında həqiqətləri yazıb, yoxsa təxəyyülünün gücüylə uydurub” deyirdi.

Dəqiq bildiyimiz bir həqiqət var: Ernest 1899-cu ildə İllinoys ştatında doğulub. Əsəb xəstəsi anası onu rəqs dərnəklərinə göndərib. Məqsədi onu kişi mühitindən uzaqlaşdırmaq idi. Bunlara baxmayaraq, Ernest özündə Don Juan xarakteri formalaşdırdı. Bu məqsəd onun balıq ovuna həvəsindən tutmuş fiziki görkəminə qədər siraət etdi. Məktəb illərindən yazmağa başlayan Heminqueyin ədəbiyyatda özünəməxsus üslubu isə "Kanzas Siti Star” qəzetində, müxbirlik etdiyi dövrdə formalaşdı.

Müharibə qəhrəmanı

1914-cü ildə Birinci Dünya müharibəsi başlayanda yazıçı hadisələrə biganə qala bilmədi. Orduya yazıldı və İtaliya cəbhəsində tibbi yardım avtomobilinin sürücüsü oldu. Sonralar burada yaşadıqlarına "Əlvida, silah”la güzgü tutacaqdı. 1918-ci ilin 8 iyulunda avtomobili top atəşinə tutuldu. Hər iki ayağından yaralanan Heminquey, yara oyuqlarına siqaret kötükləri tıxadı, digər yaralı əsgəri də təhlükəsiz əraziyə çıxartdı. Cəsur hərəkətlərinə görə İtaliya hökuməti onu medalla təltif etdi və müharibədən azad olundu.

İki dünya müharibəsi arasındakı dönəmdə şöhrətinin ilk işartıları görünməyə başladı. Parisə köçən yazıçı burada Ezra Pound, Frensis Skott Fitscerald kimi söz adamları ilə tanış olmaq imkanı qazandı. 1926-cı ildə "Günəş boylanır”əsəri işıq üzü gördü. Bu roman fiziki qüsurlu müharibə veteranı və onun ehtiraslı sevgilisindən bəhs edirdi. Bəli, bütün bunlar 1920-ci illərdə Parisdə yaşadıqlarının məcmusuydu. Roman onu dünyada məşhurlaşdırdı.

Şöhrət və var-dövlət Heminqueyi vəhşi, təhlükəli sınaqların izinə düşməyə sövq etdi. Buğa döyüşlərini izlədi, Afrika cəngəlliklərinə qədər gedib çıxdı, İspaniya vətəndaş müharibəsi haqqında məqalələr yazdı. Bunların hər birini böyük əsərə, romana, avtobioqrafik yazıya çevirə bildi. İkinci Dünya müharibəsi başlayanda FBİ (Federal Təhqiqat Bürosu) rəhbəri Huverin şübhələrinə məhəl qoymayaraq, ona meydan oxudu, Kuba sahillərində alman sualtı qayıqlarının "ovuna çıxdı”. Bəziləri yazıçının sadəcə balıq ovuna çıxdığını söyləyirdi. Hər nə olursa-olsun, Heminquey hadisələrin tam mərkəzində olmağa can atırdı.

Dünya şöhrəti qazanmasına baxmayaraq, müharibədən sonra yazıçının əsərləri populyarlığını itirməyə başladı. 1940-cı illərdəki "Əcəl zəngi” yeni əsərlərin sevinciylə əvəzlənmədi, vaxtının çoxunu özü haqqında əfsanə yaratmaq, mətbuatda həmkarlarına hücum etməklə keçirdi. Onu daha çox qəzəbləndirsənsə "Nobel” mükafatı almamasıydı. 1952-ci ildə "Qoca və dəniz” ona təkcə bu mükafatı deyil, eyni zamanda "Pulitzer”i də qazandırdı. Bunlardan sonra onun necə sevindiyini təsəvvür etmək elə də çətin deyil.

Amma bütün bunlar yazıçını depressiyadan xilas edə bilmədi. Həyatının son on ilində psixi sarsıntılar keçirən Heminquey iki dəfə təyyarə qəzasına düşdü. Sağ qalmasına baxmayaraq, daxili orqanları zədələndi. Daha bir yanğın qəzasından isə yaralarla canını qurtara bildi. Alkoqolizm onda təzyiq və qara ciyər problemləri yaratdı. Yaddaşının itirməyə başladı. Ömrünün axır günlərində intihar etməsin deyə, ona ağrıkəsici dərmanlar verilirdi. Həyat yoldaşı Meri, yazıçının bütün silahlarını zirzəmiyə yığıb açarı ondan gizlədirdi. 1961-ci ilin 2 iyulunda Heminquey bütün qorunmalara "qalib gəldi”. Açarları tapan yazıçı tüfənglə özünü öldürdü. "İnsan məhv edilə bilər, amma məğlub edilə bilməz.” – deyən adam özünü məhv etdi.

Dostluq, yoxsa?

Ernest Heminquey və Frensis Skott Fitscerald birgəliyi ədəbiyyat tarixinin ən böyük dostluqlarından idi. Aralarında üç yaş fərq olan yazıçılar bir müddət suyu belə ayrı içməzdilər. Heminquey arsızlığı, özünə əminliyi ilə Fitsceralddan fərqlənirdi.

Məşhur dostlar ilk dəfə 1925-ci ildə Parisin Dingo barında tanış oldular. Həmin vaxt Ernestin 25 yaşı vardı və elə də çox tanınmırdı. Fitsceraldın isə "Möhtəşəm Getsbi” əsəri təzəcə dərc olunmuşdu və ədəbiyyat üfüqlərində sürətlə yüksəlirdi.

Bəzən bir-birlərinə qarşı heyrətamiz dərəcədə səmimi olurdular. Dostların arası 1926-cı ildən sonra pozulmağa başladı. Uzaqlaşma istəyi qısqanclıqdan yarandı. Heminquey məşhurlaşdıqca Fitsceraldın ulduzu sönməyə başladı. O, mətbuatda dostunu ələ salmaqdan belə çəkinmirdi. Vəziyyət o yerə çatmışdı ki, Fitscerald bunu etməməsi üçün ona yalvarmışdı. Heminquey bir müddət buna əməl etsə də, ölümündən sonra Fitsceraldı qorxaq, cinsi problemli biri kimi qələmə vermişdi.

Təhqiri bağışlamadı

Heminquey şəxsiyyətinə təhqiri heç zaman bağışlamadı. Yazıçının buğa döyüşləriylə bağlı yazdığı kitabı Maks İstman tənqid etdi. Ernest isə onu kişiliyinə əmin olmayan, sinəsinə parik taxan adam adlandırdı.

Bununla da qəzəbi soyumayan Heminquey bir neçə il sonra Maksvel Perkinsin ofisində İstmanla qarşılaşdı. Görüş zamanı köynəyini çıxardan yazıçı: "Sinəmə bax, gör nə qədər tük var. Sən məni necə təhqir edə bilərsən?” demişdi. İstman bir də onu yazılarında kəskin tənqid etmədi...

Çoxları yazıçının məlum yarışlarda buğalarla birgə qaçdığını düşünsə də o, heç vaxt özü bu yarışlarda iştirak etməyib. Birinci Dünya müharibəsində ayaqlarından aldığı yara ona həmişə mane olub.

FBİ izlədi

Heminquey illərlə hər kəsə FBİ-nın onu izlədiyini söylədi. Çox adam bunları yazıçının uydurması sanıb inanmadı. Amma illər sonra onun yanılmadığı üzə çıxdı. Heminqueyin ölümündən sonra üzə çıxan sənədlərdə onun İkinci Dünya müharibəsindən sonra vəfatına qədər izlənildiyi məlum oldu.

Oğlu qadın oldu

Yazıçının kiçik oğlu Qriqori çox yaşasaydı bəlkə də atası haqqında ən yaxşı bioqrafiyanı yazacaqdı. Tez-tez polislərə hücumuyla diqqət çəkən Qloriya sonuncu dəfə 2001-ci ildə bu hərəkətinə görə həbs olundu. Mayamidə qadınlar həbsxanasında öldü. Niyə qadınlar? Çünki oğlu transseksual idi. O, cinsini dəyişdirərək qadına çevrilmişdi

Faciəvi ailə-narkotik, fahişəlik...

Heminqueyin ailə faciəsi bununla bitmir. Nəvəsi narkotiklərdən istifadə edirdi. 2 iyul 1996-cı ildə Markes Heminquey intihar etdi. O da Ernestin atası Klarens, bacısı Ursula və qardaşı Leyçester kimi ailənin intihar edənlər siyahısına düşdü. O eyni zamanda fahişə kimi çalışırdı.

Kaliforniyadakı məşhur "Harri barı” hər il Heminqueyi beynəlxalq yarışla "yad edir”. Yarışa "Pis Heminquey” adı verə bilərik. İştirakçılar səhifəlik mətnlə yazarın üslubunu parodiya edirlər. Yarışın qalibi Florensiyaya səyahətə göndərilir.

Tərcümə etdi: Emin Piri