adalet.az header logo
  • Bakı 18°C

Səfər Alışarlı: Hələ qırx saniyəm var

38116 | 2020-06-05 08:30

Saxarovu akademiya üzvlüyündən çıxarırdılar. Heç kim özünü rüsvay etmək istəmirdi, ancaq, necə deyərlər, lazım idi. Kadr təpişdirmələrinin qorxusu altında kvorum toplandı, Sov.İKP MK-dan kurator gəldi, ölüvay bir ahənglə də olsa, proses birtəhər başlandı. Ancaq yenə də heç kim özünü biabır etmək istəmirdi. Aşağı-yuxarı, müxbir üzvlərdən biri kuratorun daş sifətinə baxıb ürkək-ürkək mızıldandı ki, əlbəttə, Saxarov sovet xalqına qarşı belə münasibətilə heç də yaxşı iş görməyib... Ancaq çıxılmaz vəziyyətdir: akademik rütbəsi ömürlükdür! Hələ kiminsə akademiklikdən çıxarılması hadisəsinə rast gəlinməyib... presedent yoxdur.

Bu sözləri eşidən Nobel mükafatı laureatı akademik Kapitsa hərəkətə gələrək:

— Necə yoxdur?! — etirazını bildirib. — Presedent var!
Sov.İKP MK-dan gəlmiş kurator rahat nəfəs alaraq köks ötürüb, Kapitsa isə fikrini belə bitirib: 33-cü ildə Prussiya Akademiyasından Albert Eynşetyni xaric ediblər!
Dəhşətli sükut yaranıb və Saxarov sovet akademiki kimi qalmağına davam edib. Həmin günlərdə Andrey Dmitriyeviçin müdafiəsinə daha bir səs atomçu akademik Aleksandrovun dodaqlarından qopub. Akademiya kuluarlarında partiya rəislərindən biri Saxarov haqqında belə deyib:
— O, akademiyanın necə üzvü ola bilər? Axı o çoxdan işləmir!
Aleksandrov cavab verib:
— Bilirsinizmi, mənim də bir üzvüm var, o da çoxdan işləmir, ancaq mən onu keçmiş xidmətlərinə görə özümdən ayırmıram.
Janrın qanunlarına görə, Saxarovun mühakiməsinə ümumxalq vüsəti verilməli idi. Bunun üçün Moskva Akademik Bədaye Teatrında (MXAT) səhər məşqinin yerinə açıq partiya iclası təyin edilib. Tribunaya qaxmış partorq Anqelina Stepanova partiya və hökumətin natəmiz qərarını üz-gözünə bəzək kimi yaxır, labüd sonluğun qaçılmazlığını bilən kollektiv narahatlıqla yerində qurcuxurdu. Vicdanlılar baxışlarını yayındırıb ayrı yerə baxır, əclaflar sifətlərini oynatmaqla partorqa dəstək verir, arxa sıralarda yerləşmiş teatr qocaları isə konyak flyajkasını əldən-ələ ötürə-ötürə özlərinin həmişəki həyatını yaşamaqda davam edirdilər. Oradan partorqu çox məyus edən şən "qurt-qurt" səsləri eşidilirdi: çirkaba təkbaşına bulaşmaq heç kimə ləzzət eləmir, kollektivlə istənilən natəmizliyi həzm etmək asandır. Stepanovanın əsəbləri dözmədi:
—Yoldaşlar! — o, akademikin ünvanına mərasim lənəti kimi səpələdiyi ifadələri yarımçıq qoyaraq dedi. — Siz o arxada oturub nəyi gözləyirsiniz? — Mixail Mixayloviç, — o, zəhər dolu müraciətini şəxsən Yanşinə ünvanlayaraq dedi. — Bəlkə siz çıxış etmək, nəsə demək istəyirsiniz?
Yanşin köks ötürüb dedi:
— İstəyirəm.
Qalxıb tribunaya getdi.
— Bir dəqiqə vaxtınız var! — şübhədən dalağı sancmış Angelina Stepanova ona xəbərdarlıq etdi.
— Yaxşı, — Yanşin razılaşdı.
O, sanballı bir MXAT pauzası götürüb kədərli iclas salonunu süzəndən sonra nəzərlərini partorqun üzündə saxlayıb ucadan dedi:
— Angelina, sən çoxdanın qəhbəsisən, elə də qalmısan, heç dəyişib eləməmisən! - Və əlavə elədi: - Hələ qırx saniyəm var.

TƏQVİM / ARXİV