ÖZ DİLİMİZDƏ - "AMNEZİYA"

İRADƏ TUNCAY
61069 | 2008-01-12 00:35

Televizora lap yazığım gəlir. Büzüşüb üzümə baxır. Günahı nə imiş ki, ana vətəni Avropanın orta göbəyindən gəlib düşüb bura. Burda da öz ekranından əcaib-qəraib məxluqları göstərməyə məhkum, məcbur edilib. Görəsən cansız əşyaların öz taleləri barədə düşünmək haqqı, qabiliyyəti varmı? Proqramlaşdırılmış düşüncələri var, bəs başqa cür necə? Bizi proqramlaşdırıb məcbur edirlər ki, göstərdiklərinə baxaq. Biz heç, biz öyrənmiş canlarıq, bəs bu yazıq göstərmə vasitəsi neyləsin? Enib-qalxan cərəyan şiddətinin naz-qəmzəsinəmi dözsün, ya kanalları dəyişə-dəyişə dəyişməyən sifətləri görüb deyinən sahibinin sitəmlərinəmi?
   
   ... Filmi anons edən bar-bar bağırır: "Öz dilimizdə film, öz dilimizdə. "Amneziya". Şifahi tələffüzündə düzgündü - amnEziya. Di gəl ki, titrdə amnİziya yazılıb. Çox simvolik səslənir öz dilimizdə amneziya. Yəqin amneziyanın nə olduğunu bilənlər var. Qədim yunan dilindən götürülmüş bir söz - "a"-inkar hissəciyi, "mneme"- yaddaş, yəni yaddaşın pozulması. Amneziya - bizim bugünki durumumuzu çox gözəl ifadə edən bir söz. Məlum qərardan sonra efirə gedən ilk film təsadüfən də olsa yerinə düşür "Amneziya". Təsadüfi olduğuna qəti əminəm. Çünki həmin kanalda elə bir ağıl dəryası yoxdur ki, bunu bilərəkdən eləsin. Ən azından titrdə gedən orfoqrafiya səhvləri də nəyinsə göstəricisidir.
   
   Yaddaşın pozulması... Adətən yaddaş problemi yaşlandıqca üzə çıxır.Amma bir şey var ki, yaddaşın pozulması bizim toplumun genetik xəstəliyidir. Bizim toplum da Yer kürəsində mövcud olan xalqların içində gənc sayıla bilər. Hətta deyərdim ki, uşaq sayıla bilər. Hələ şüuru formalaşmayıb. İmkan verirlər ki?.. Əbu Übeyd gedir, Ağayi Fişəngi gəlir. Ağayi Fişəngi gedir, Naçalnik İvanov gəlir. O da gedir, mister Con gəlir. Gəl baş çıxar, gəl yaddaşını toparla. Bəlkə də toparlamaq olardı, o saydığım ağaların, cənabların, qospodinlərin törəmələri qoymurlar...
   
   Cansız əşyaların da düşünmək qabiliyyəti varmı? Telefonuma baxıram. Bu nədi? Displeydə yazılar ingiliscəyə çevrilib:
   
   - Yılmaz, yenə telefonumu qurdalamısan? Nədi, yenə internetdən oyun yükləmisən telefona? (Bu o anlama gəlir ki, yaramaz bacıoğlum konturlarımı da havaya uçurub)
   
   - Hə...
   
   - Gəl düzəlt, çevir menyünü ruscaya.
   
   Günahkar pişiklər kimi astaca telefonu götürür, düymələri basır:
   
   - Al, indi sənin dilindədi.
   
   Mənim dilimdə, yəni rusca. Uşaq haqlıdı, mənim dilim "ruscadı". Həm də təkcə mənim yox, mən yaşda olan milyonların. Dünyanın siyasi xəritəsini gözümün önünə gətirirəm. Keçən illər bu xəritənin konturlarında əməlli-başlı dəyişmələr aparıb. Vaxtilə bu nəhəng dövlətin 260 milyon əhalisi vardı və bu insanların hamısının ümumi bir ünsiyyət dili vardı - rus dili. Bu gün Şərqi Avropanın ərazisində 200 milyona yaxın adam bu dili ən azından başa düşür. Bunun üstünə Türkiyədə, Birləşmiş Ərəb Əmirliklərində, Çində ticarətlə məşğul olan əhali faizini də gəlsək möhtəşəm rəqəm alınacaq. Əslində ruslar səhv eləyib dillərini "dəmir pərdə" arxasında saxlayıblar. Bu pərdə qalxan kimi dilləri bütün dünyaya yayılıb, dünya dili olmağa başladı.
   
   Vaxtilə bizim ən ucqar kəndlərimizdə də bu dili elə tədris edirdilər ki, millət heç olmasa "da"nı, "net"i bilirdi. İndi çörək pulu dalınca dünyaya səpələnən insanların çoxu da elə vaxtilə öyrəndikləri "da"nın, "net"in hesabına başlarını girləyə bilirlər.
   
   90-cı illərin ortalarından orta və ali məktəblərimizdə rus dilinin tədrisinə ayrılan vaxt yarıbayarı azaldılıb, rus dilinin qrammatikası isə tamamilə proqramdan çıxarılıb. Dünyanın sevə-sevə oxuduğu rus ədəbiyyatı çox səthi tədris olunur. Nə qazanırıq? Toplum olaraq yeganə bildiyimiz xarici dil rus dilidi. Dünyaya açılan pəncərəmiz rus dilidi. Dünya mədəniyyətinə inteqrasiyamız bu dil vasitəsilə həyata keçir. Hələ də ali məktəblərdə istifadə olunan tədris vəsaitlərinin çox faizi bu dildədir. Böyük mədəniyyət abidələri hələ də dilimizə tərcümə olunmayıb və biz bunları yalnız və yalnız rus dilində oxuya bilirik. Düşünürəm ki, müstəmləkə düşüncəsinə olan nifrəti rus dilinə yönəltmək olmaz. Güman eləmirəm ki, bizim rusca danışmağımıza onların ehtiyacı var. Amma bizim hələ ki, bu dilə ehtiyacımız çoxdur, bilməsək dil əlacımız yoxdur. İndidən bəzi ittihamları eşidən kimi oldum. Bəri başdan deyim ki, nə rusdilliyəm, nə də ruslarla qohumluğum var. Dediklərim də nə nostalji deyil, nə də keçən günlər üçün ağlamaq. Ana dilində danışmaq nəfəs almaq, su içmək kimi təbii bir şeydi. Bizim xoşbəxtliyimizdir ki, ana dili qədər mükəmməl bildiyimiz ikinci bir dil var. Amma belə getsə, rus dili də başqa əcnəbi dillər kimi əhalinin kasıb təbəqəsi üçün əlçatmaz bir şey olacaq. Yuxarı təbəqə üçün zatən öz dilində amneziyadı. Mən millət vəkili Elmira Axundovanın o fikri ilə tam razıyam ki, rus məktəblərini tədricən bağlamaq lazımdır. Amma o şərtlə ki, bizim məktəblərdə bu dilin tədrisi gücləndirilsin. Bu dil bizə hələ bundan sonra lazım olacaq. Bir də ki, necə olur vəzifələr paylananda rusdillilərə verirlər, qalanlarına isə hətta bu dildə filmə baxmaq belə yasaq olur. Deməli, öz dilində danışmağı ar bilənlər seçilmiş təbəqədir, onlara hər şey olar. Qalanlar başının çarəsinə baxsın. Araşdırma aparsaq ki, Azərbaycan ədəbi dilini mükəmməl bilən nə qədər nazirimiz var və bu nazirlərin övladları hansı dildə təhsil alırlar, ürək açan mənzərə olmayacaq. Bir neçə il əvvəl təhsil nazirimizdən bu mövzu ilə bağlı müsahibə götürürdüm və bu sözləri ona da demişdim. Misir müəllimin cavabı belə olmuşdu ki, yeni böyüyən nəsildə Azərbaycan dilində gözəl danışan nazirlər yetişəcək. Görünür, Misir müəllim çox nikbin adamdı, amma mənim böyük şübhələrim var. Gələcək nazirlərimizin də ana dilində danışacağına inanmıram. Necə olur ki, Amerikanın səfiri jest eləyib bizim dilimizdə danışmağa çalışır, bizim vəzifəlilərin isə nitqi ondan heç nə ilə fərqlənmir. Deməli, dilə münasibət budur, deməli, rus dili ilə yox, yaddillilərlə mübarizə aparmaq lazımdır. "Mübarizə" sözü şişirdilmiş ifadə deyil, gözünüzü çevirib hansı önəmli nöqtəyə baxsanız onları görəcəksiniz. Və onlar da öz ətraflarına özləri kimilərini toplayırlar. Ona görə də hansısa TV kanalının rəhbərini efirə gedən dublyaj filminin Azərbaycan dilinə parodiya olması qətiyyən düşündürmür. Necə olsa keçər, kim nə deyəcək ki? Deyən adamlar dili bilmir, milli təfəkkürlü adamları isə heç hara yaxın qoymurlur. Əksinə, cəmiyyətdə belə bir fikir formalaşdırılır ki, bütün intellektuallar rusdillidir. Və "Çto, Qde, Koqda" oyununu da ancaq onlar oynaya bilərlər. Belədirmi? Əgər belədirsə, ayıb olsun bizim təhsil sistemimizə. Yox, belə deyilsə, beynimizə yeridilən nədi? Və beynimizə yeridilmə vasitəsi olan qurumlara niyə savadsız, ya da öz dilinə, millətinə xor baxan adamlar rəhbərlik eləyir? Ən azından orfoqrafik səhvləri görə bilən adamlar var da bu məmləkətdə. Bizim günahımız nədir ki, kütbeyin mütrüflərin nə geyinib-soyunduğunu, nə yeyib-içdiyini izləməyə məhkum olunmuşuq. Deyə bilərlər ki, baxma. Onsuz da baxmıram, amma bu, heç nəyi dəyişməyəcək. "Çto, Qde, Koqda"nı yenə çto, qde, koqda deyənlər oynayacaq. Özü də bu adamlar ağıl dəryası olsalar da, dünyadan xəbərdar olsalar da öz məmləkətlərində nəyin çto, nəyin qde, nəyin koqda olduğundan bixəbərdirlər. Çox yaxın bir rəfiqəm var, belə adamlara rusdilli çuşkalar deyir. Yəni onlar öz dilində danışanlara çuşka deyirlər, qız da onlara - əslindən, nəslindən bixəbər olanlara. Bölünməyimiz üçün səbəblər az idi, regionçuluq bəs deyildi, indi rusdillilər və qeyrilər söhbəti də bu sıraya qatıldı. Allah, bu nə dərddi vermisən?
   
   ... İndi mən bu yazıq televizora baxıb düşünürəm ki, çox əlçatmaz xəyallar deyil ki, efirdən adam dilində danışıq eşitmək istəyirəm. Fərqi yoxdu, rus, ya bizim dildə, yetər ki, normal dil olsun. Atom buzqıran gəmisi, ya da kosmik raket istəmirəm ki, nə olar cansız əşya olanda. Qoyun rusdilli çuşkalara yox, normal rus dilinə qulaq asaq. Qoyun Moskvanın səviyyəli proqramlarına baxaq. Rəqibin də nə dediyini, nə danışdığını bilmək lazımdı. Nuşirəvan müəllimin isə burdakılara gücü çatmayacaq, onlar sinifdi, onlar mafiyadı.
   
   İndi mən dəqiq bilirəm ki, televizorum da, mən də düşünə bilirik. Məmləkətdə nə qədər belə televizorlar və "mən"lər var. Ölkəni bölüb parçalamaq istəyənlərin qarşısına Çin səddi olacaq qədər. Çin səddi? Ay aman, Çin də yaman güclənib, qüdrətlənib. Bu gün-sabah dünyanın dili Çin dili də ola bilər. Gəl indi heroqlifləri öyrən.
   
   - Yılmaz, gəl görüm bura.
   
   - Nədi ey, telefonu düzəltdim də, sənin dilindədi.
   
   - Çin dilini öyrənmək istəmirsən?
   
   Heyrətlə üzümə baxır, amma təklifimi deyəsən ciddiyə almır. Öz işiylə məşğuldu, internetdə qurdalanır. Amma vallah, nə desən ola bilər, biz gəlib-gedənlərə öyrəncəliyik. Əlim də pultun düymələri ilə oynamağa öyrəncəlidi. Yenə anons gedir: "Öz dilimizdə, öz dilimizdə film. "Amneziya"". Təbii ki, titr yenə səhv olaraq qalır - "E" əvəzinə "İ". Amneziya - ekrana baxmaq unudulub.
   
   
   
   P.S. Amma rus dilini heç vəchlə unutmaq olmaz, ciddi sözümdü.

TƏQVİM / ARXİV