adalet.az header logo
  • Bakı 19°C
03 Iyun 2013 14:21
40292
DÜNYA
A- A+

Məşhur idmançı Putindən uşağı olduğunu təkzib etdi

Alina Kabayeva Marat qızı Rusiyanın əməkdar idman ustası, təqaüdçü bədii gimnastı və siyasətçisidir. 2007-ci ildən Vahid Rusiya Partiyasının Dövlət Dumasının deputatıdır. İki olimpiya medalını, dünya çempionatında 14 medalı və 25 dəfə Avropa çempionatının medallarını qazanmış bədii gimnastika tarixinin ən önəmli adlarından biridir.

Publika.Az "II Taym” layihəsi çərçivəsində bu dəfə qazandığı uğurlar və gözəlliyi ilə Rusiyada səs salan Tatar qızı Alina Kabayeva haqqında məlumat verəcək.

Kabayeva Evgenia Kanayevadan sonra Rusiyanın ikinci ən çox uğur qazanmış bədii gimnastıdır. Kabayevanın atası tatar, anası isə rusdur. O, 1983-cü ildə may ayının 12-də Daşkənddə anadan olub.

Atletika Karyerası

Alina Kabayeva 3 yaşında olarkən məşqçi Marqarita Samuilovnanın rəhbərliyi ilə Bədii gimnastikaya başlayır. Onun atası Marat Kabayev peşəkar futbolçu olub. Atası futbol karyerası ilə bağlı tez- tez başqa dövlətlərdə olurdu. Bu zaman ailəsi də Marat Kabayevin özü ilə birlikdə Özbəkistan, Qazaxıstan və Rusiya kimi dövlətlərə gedirdi.

Gimnastikaya başlayan ilk günlərdə məşqçisi onu bəyənməmişdi. Çünki Kabayeva Bədii gimnastika üçün çirkin və ağır çəkidə idi. Bunlar da uğurlu gimnast olmaq üçün böyük maneə idi.

Alina gənc yaşlarında anası ilə birlikdə Rusiyaya köçür. Orada məşqçi İrina Vinerin başçılığı ilə məşqlərə başlayır. O, Viner ilə qalıb və 1996-cı ildə özünün beynəlxalq debütünü edir. 1998-ci ildə 15 yaşlı Kabayeva Portuqaliyada keçirilən Avropa çempionatında qızıl medal qazanır. O zaman o, Amina Zaripova kimi, beynəlxalq səviyyədə tanınmış gimnastlarla mübarizə aparır. 1999-cu ildə Kabayeva üst-üstə ikinci dəfə Avropa çempionu olur və Yaponiyanın Osaka şəhərində Dünya çempionluğunu qazanır. O, yenidən Avropa çempionatını qazanmaq üçün Macarıstanın paytaxtı Budapeşt şəhərinə gedir və 2003-cü ildə titulları sırasına digər dünya çempionu adını da əlavə edir.

2000-ci il Sidney yay olimpiadasında qızıl medalı qazanması gözlənilən A.Kabayeva finalda kiçik xətası üzündən bu istəyinə nail ola bilmədi. Buna baxmayaraq o, bürünc medalı qazandı.

2001-ci il Dünya Bədii Gimnastika Çempionatında gümüş medal əldə edir.
2001-də Avstraliyada keçirilən "Goodwill Games” (xoşməramlı oyunlar) Çempionatında top, klub və ip yarışlarında qızıl, çoxnövçülükdə isə fərdi şəkildə halqa ilə gümüş qazanır.
2004-cü il Afina Olimpiadasında Kabayeva 108,400 hesabla (halqa 26,800, top 27,350, Klublar 27,150, lent 27.100 xal) bədii gimnastikada çoxnövçülülükdə qızıl medala sahib olur.

Karyerasına son qoysa da, yenidən qayıdır

2004-cü il oktyabr ayında Kabayeva idmanla vidalaşdığını elan etdi. Lakin 2005-ci ildə iyun ayında rusiyalı baş məşqçisi İrina Viner onun idmana qayıtmasını açıqladı.
Kabayeva 10 Sentyabr 2005-ci il tarixində Genuada keçirilən İtaliya-Rusiya dostluq müsabiqəsində öz idman karyerasını yenidən bərpa etdi. 2006-cı il mart ayının 5-də o, yarışı ikinci və üçüncü bitirərək, həmvətənləri Vera Sesina və Olqa Kapranova ilə Qazprom Moskva Qran-Prisi qazandı. 2006-cı il Avropa çempionatında çoxnövçülükdə gümüş medalla kifayətləndi. Kabayeva 2007 Dünya Çempionatında ixtisaslaşmada 4-cü yerlə başa vurdu.

İdmandan sonrakı karyerası

2005-ci ildən Kabaeva Rusiya İctimai Palatasının üzvü olub. 2001-ci ildə Yaponiyanın çəkdiyi "Red Shadow”("Qırmızı Kölgə”) adlı filmdə qısa epizodla iştirak edib.
2007-ci ildən Kabayeva Kremlin Birləşmiş Rusiya Partiyasının təmsil edən Rusiya parlamentinin, Dövlət Dumasının bir üzvüdür. 2008-ci ilin fevral ayından "Milli Media Qrupu İctimai Şurası”, "İzvestiya”, "Kanal 1” və "REN TV” nəzarət etdiyi media qrupunun rəhbəri olub. 2011-ci ilin yanvar ayından isə Rusiyanın moda dərgilərinin üz qabığında yer alır.

Prezidentlə sevgi macərası

Putinin olimpiya çempionu Alina Kabayeva ilə münasibətlərinin olması ilə bağlı mətbuatda xeyli məlumatlar yayılırdı.
Hətta Putinin "hansı rusu yarsan, içindən tatar çıxacaq” deyimini dövrəyə buraxması isə ağıllarda sual yaratmışdı. Belə ki, bu jestindən sonra onu tatar qızı, Alina Kabayeva ilə sevgi macəralarında günahlandırdılar. Zaman keçdikcə xəbərlər təkzib edilsə də, bu barədə məşhur "WikiLeaks” saytı da məlumat yaymışdı. Belə ki, "WikiLeaks”in məlumatına görə, ABŞ-ın Rusiyadakı səfiri Uilyam Berns Vladimir Putinin məşhur gimnastı Alina Kabayeva ilə münasibətləri barədə Vaşinqtona mütamadi məlumatlar göndərib. O qeyd edib ki, Rusiyanın siyasi elitası çoxdandır ki, Vladimir Putinin Lyudmila Putina ilə uğursuz nikahından danışır. Berns həmçinin qeyd edir ki, ölkə mətbuatına bu barədə yazmaq qəti surətdə qadağan edilib. Səfir bildirir ki, bu mövzuya toxunan mətbu orqanların fəaliyyəti dayandırılır. Misal olaraq o, "Moskovskiy korrespondent” qəzetinin adını çəkib və qeyd edib ki, dərgi Putinin həyat yoldaşından boşanacağını və sonradan Alina Kabayeva ilə evlənəcəyini yazandan dərhal sonra bağlanıb.

Tatar qızının övladı, prezidentin varisi dünyaya gəlir

Rusiya prezidenti Vladimir Putinin gənc sevgilisi Alina Kabayevadan uşağı olduğu irəli sürülmüşdü. Belə ki, Moskvada Putinin dünyaya gələn yeni körpəsi haqqında söz-söhbətlər yayılmışdı. Hətta yeni dünyaya gələn körpənin o vaxtı Rusiya Dövlət Başçısı olan Dimitri Medvedevin adının verildiyi də deyilmişdi.

"New York Post" qəzeti Putinin sevgilisi Alina Kabayevanın hamilə olduğu xəbərini dərc etmişdi. Qəzet Kabayevanın Putindən bir qız uşağı dünyaya gətirdiyini yazıb. Həmin xəbərdə Kabayevanın 3 yaşında bir oğlu olduğu da qeyd edilmişdi. Putinin sevgilisi olduğu irəli sürülən Kabayeva onun qızından iki yaş böyükdür.
Ağıllarda sual yaradan bu xəbərdən sonra tərəflərdən heç biri bununla bağlı mətbuata açıqlama vermədi.

Putin xəbəri yalanladı

Uzun müddətdən sonra Prezident özü bu xəbərlərlə bağlı açıqlama verdi və Kabayeva ilə aralarında heç bir sevgi macərasının olmadığını irəli sürdü.

"O uşaq Vladimir Putinin deyil”

Bundan sonra qucağında uşaqla kameralara tuş gələn A.Kabayeva mətbuata açıqlama vermək məcburiyyətində qaldı:
"O şəkildəki uşaq mənim qardaşım oğludur. Putin ilə bir uşağımın olduğu yalandır".

Kabayevanın oğlunun olmasını yazan qəzet bağlanacaq

Rusiya qəzeti "Moskovsky Korrespondent", Putinin Alina Kabayeva ilə əlaqəsi olduğunu və yoldaşı Ludmila ilə boşanmaq istədiyini yazmışdı. Ancaq bu iddia ortaya atıldıqdan qısa bir müddət sonra qəzet sahibi Aleksandr Lebedev tərəfindən bağlanıldı. Həmin hadisədən sonra heç bir Rusiya qəzeti Putin - Kabayeva əlaqəsi haqqında tək bir söz yaza bilmədiyi kimi, məşhur gimnastikaçı Kabayevanın bir oğlan dünyaya gətirdiyi haqqında da məlumat verə bilmək imkanlarından məhrum edildi.