İKİ ÜZLÜ AY

İRADƏ TUNCAY
56487 | 2008-01-08 04:11

Təqvimdə yeni ilin birinci ayını yaşayırıq- Yanvar ayını. Yuli Sezarın tarixə hədiyyə elədiyi tarixi hədiyyələrdən biri də budur- təqvim. Yulian təqvimi. İndiyə qədər insanların istifadə elədiyi ən dəqiq, astronomik ölçülərə uyğun gələn təqvim yulian təqvimi hesab olunur. Sezara qədər qədim romalılar təqvimi ayın fazalarına əhəmiyyət vermədən, yalnız günəşin dövr eləməsiylə hesablayırdılar. İlin uzunluğu 300 gündən 400 günədək artırıla bilirdi. Bəzən bu artırmalar dini və siyasi məsələlərlə də bağlı olurdu. Birinci ay mart sayılırdı, iki ildən bir ortaya bir ay da əlavə olunurdu - Merkedonius. Nə isə, Sezar gəlir, təqvimi qaydaya salır, Yanvar ayını eləyir birinci ay. Bəzən tarix boyu təqvimlərdə dəyişikliklər eləsələr də, uzun müddətdi ki, adamlar bu təqvimin dəyərini anlayırlar və istifadə eləyirlər. Yanvar qədim Roma allahı Yanusun şərəfinə adlandırılıb. Mifologiyada giriş və çıxışların, qapıların və bütün başlanğıcların allahı Yanus idi. Eyni zamanda o, yolların və səyyahların himayəçisi, həm də zaman allahı hesab olunurdu. Romalılar Yanusu iki üzlü təsvir edirdilər- bir üzü keçmişə, o biri üzü gələcəyə yönəlmiş. Yaxşı allah imiş - nə keçmişi unudur, nə də gələcəkdən imtina edir. Ortada qalır nə? Bu gün! Bu günlə də başqa allahlar məşğul olurmuş.
   
   Deməli, yanvar ayının iki üzü varmış. Ümumiyyətlə, biz ayın ikinci tərəfini görmürük, amma yanvarın iki üzü də məlum olduğundan ürəklə ikiüzlülük eləmək olar. Bir də ətrafımızda o qədər simasız adamlarla rastlaşırıq ki, ikiüzlük onlar üçün bəlkə də böyük şərəf sayıla bilər. Yanusun himayəsinə sığınıb bütün bağlı qapılardan, keçidlərdən keçənlər, bütün başlanğıclarda, bütün zamanlarda at belində olanlar yəqin digər ayların da hamiləriylə dil tapa biləcəklər. İstədikləri vaxt bir üzünü dəyişib, başqa üzünü taxacaq, keçmişə də, gələcəyə də istədiyi rəngi verə biləcək. Mən belə fikirləşirəm ki, bizim toplumun içində yanvar ayına iman gətirənlərin sayı çoxdu. Yanus köməkləri olsun!
   
   Beləliklə, Siçan ilinin ikiüzlü ayını yaşamaqdayıq. İndi 20 yaşında olanlar bunu bəlkə anlaya bilməzlər. Bizim ürəyimizdən keçənləri başa düşmək üçün onlara da, bizim yaşımıza gəlib çatmaq gərəkdir. Son illər hər dəfə il tamam olanda müəyyən bir təqvim səhifəsini qapadıb yenisini açanda fikirləşirəm ki, bu il mənim həyatımda və məni əhatə edən cəmiyyətin, mühitin həyatında nə dəyişdi? Kiçik anlamda çox şeylər dəyişə bilər - kimsə ailə qura bilər, kimsə özünə ev ala bilər, maşın ala bilər, böyük vəzifəyə təyin oluna bilər və s. Bəlkə mənim kiçik anlam verdiyim kimin üçünsə böyük məzmun daşıyar - yəni, hər kəsin sevinci də, kədəri də özü üçün böyükdür. Amma cəmiyyətin məzmununda böyük dəyişiklik yoxdusa, enində- sonunda bu bizim hər birimizə toxunur.
   
   Həyatımızda iki böyük defisit var ki, bunu heç cürə qapada bilmirik - sevgi və şəxsiyyət. Bu iki anlam bir-birilə çox bağlıdır - əgər sevgi yoxdursa, şəxsiyyətlər ortaya çıxmayacaq, total nifrət onları müxtəlif boyalarla gizlədəcək. Əgər şəxsiyyətlər ortaya çıxmasa, milləti birləşdirib bütövləşdirmək mümkün olmayacaq. Bu günün gələcəyini nə qədər gözləməli olacayıq?
   
   Qəribədir ki, bütün dünya bu vəziyyətdədir. Hər kəs hegemonluq iddiasında, müharibələr, terror aktları... Adamların bacarmadıqlarıyla da yuxarıdakılar məşğul olur. Yuxarıdakılar - yəni göydəkiləri nəzərdə tuturam, qasırğalar, zəlzələlər, daşqınlar yaradırlar. Elə bil yer kürəsi hansısa sarsaq bir bürcün altına girib, ordan da işıq əvəzinə kin-kidurət, nifrət tökülür. Nə vaxt hərlənib, fırlanıb bu dumanlıqdan çıxacayıq, münəccimlər bilir yəqin. Hələlik isə sevgi, rəhm, görəcəyimiz, dərd bölüşəcəyimiz insan axtarışındayıq. Bütün planetlər Heliosentrik sistemin bir parçasıdırlar. Bir planetdə baş verənlərə Günəş və digər planetlər laqeyd qalmırlar. Yer kürəsində tökülən nahaq qanlara, atılan toplara Günəş biganə baxa blmir. Və sadə dildə desək, qəzəblənir. Orda partlayışlar olur. Təsəvvür edin ki, insan orqanizmində mədə sıradan çıxırsa başqa üzvlər - bağırsaqlar, qara ciyər, böyrək normal işləyə bilərmi? Burda da eyni mənzərədir. Planetin bir küncündə ah-nalə ərşə çıxırsa, o biri küncündə bu ah-naləni yaradanlar kef eləyirlərsə, yuxarıdakılar bir gün bezəcəklər. Eyni fikir bir ölkənin daxilində də keçərli olacaq. Yəni ətrafında səfalət baş alıb gedirsə, nə qədər çalışsan da xoşbəxt və qayğısız yaşaya bilməyəcəksən. Nə şəkildəsə bunun əvəzini ödəmək lazım gələcək.
   
   Deyim ki, yaşayacağımız il hadisələrlə zəngin olacaq. Yenə Avropadan gələnlər-gedənlər olacaq, qucaq dolusu vədlər gətirəcəklər, xarici işlər nazirimiz öz səlist nitqi ilə yenə kimsəylə anlaşa bilməyəcək.
   
   Mən axır vaxtlar şübhələnməyə başlamışam - bəlkə sülhsevər ermənilər Məmmədyarovun nitqindən bir şey anlamadıqları üçün danışıqlar nəticə vermir? Amma hər dəfə Məmmədyarovu oralara göndərməklə erməniləri cəzalandırdığımızı birmənalı olaraq qəbul eləmək lazımdır. Bir-iki belə naziri danışıqlara göndərsəydik, ermənilər çərləyərdi və bütün kağızlara qol çəkərdilər. Tarixdə belə hadisələr olub. İsmət İnönü Lozanna danışıqlarında Türkiyəyə sərf etməyən maddələri səsləndirəndə özünü karlığa vururmuş. Bu şəkildə çox məsələləri öz xeyirinə həll edə bilibmiş.Xarici işlər nazirimizin nitqi kimi istəsən hövsələdən çıxara bilər. Onun bu keyfiyyətlərindən istifadə etmək lazımdır.
   
   Bir halda ki, ermənilərdən və Türkiyədən danışdım, son günlər orda baş verənlərdən yan keçmək mümkün olmayacaq. Ordu dağlarda PKK-nın yuvalarını bombalayır,onlar da dağdan enib şəhərlərdə dinc əhalini qırırlar. Görünən budur ki, bu xəmir hələ çox su aparacaq. Eynən bizim Qarabağ məsələsi kimi.
   
   Keçən il bu vaxtlar işsiz idim, evdar jurnalist idim. İlin başlanğıcında qiymətlər birdən-birə qalxdığı üçün zor durumda qalıb həyat yoldaşıma müraciət etmişdim. Qadınların da özəl xərcləri var, saçlarını rəngləmək, qaşını-gözünü qaydaya salmaq, kosmetikası və s. Bu xidmətlər də bahalandığından mənə ayırdığı müavinəti partiya, hökumətimiz qədər olmasa da heç olmasa bir az azacıq artırmasını xahiş etdim. Gözəl bir nitq də söylədim - onun mənə göstərdiyi qayğıdan danışdım, uğurlu siyasətini təriflədim - xeyri olmadı. Müraciətim qəti şəkildə rədd olundu. Və belə izah olundu ki, yuxarılarda aparılmış daha uğurlu siyasət nəticəsində indi yolunu 6-cı mərtəbədən salanların sayı çoxaldığından mənə yardımı artıra bilməyəcək. Əmək müfəttişliyinə müraciət edib iş tapmağımı məsləhət gördü. Bütün çabaların mənasız olduğunu görüb mən də hamı kimi susdum. Və ailənin də dövlətin bir parçası olduğuna bir daha əmin oldum. Amma ürəyimdə fikirləşdim ki, Sovet dövründə də biz uğurlu siyasətləri çox təriflədik, xeyri olmadı. Dağıldı (Amma indi iş tapmışam, çox sevinirəm, daha dəqiqi onun yerinə keçmişəm).
   
   Bir halda ki söhbət gəldi çıxdı Sovetə, yenə rusları xatırlamaq lazım gələcək. Bəziləri çox sevinirlər ki, efirimiz tam milliləşib. Efirdə ancaq Azərbaycan dilində danışırlar. Qardaşım, hansı Azərbaycan dilində? Qolu-qanadı sındırılmış, eybəcər dildə? Ümumiyyətlə, bizim efirimiz hazır idimi bu qərarı uyğulamağa? Yenə ruslardan nə isə öyrənmək olurdu. İndi kimə baxaq? Ancaq konsertlərə və müğənnilərə? Gələcəyimiz çox parlaqdı. Qəribə adamlarıq ey, nə keçmişi xatırlayırıq, nə də gələcəyə baxırıq.
   
   Deməli, Donuz ilini yola saldıq. Həmin il kimsə donuz kimi yaşadı, kimsə donuz kimi piyləndi. Bəzi donuz növləri var ki, onları evdə saxlayırlar, adam kimi. Adam kimi yaşayırlar. Qalır adamların adam kimi yaşamağı. Bəlkə Siçan ilində bu məsələ də həll olunar? Axı Siçan yığımcıl heyvandı. Bu il əksər ölkələrdə seçki ili olduğundan yığar başına bütün yaxşı siyasətçiləri, insanlara bir gün ağlayar...
   
   ... Söhbət nədən gedirdi? Hə, ikiüzlü aydan. Ay indi başlayır. Olmağına ilin 12 ayını da ikiüzlü yaşamaq olar. Yanus allah olsa da ağlı başında idi - nə keçmişi unudurdu, nə də gələcəkdən imtina edirdi. Yalnız bu günlə yaşayıb allahlıq iddiasına düşənlərə isə Yanus kömək olsun. ə

TƏQVİM / ARXİV