İLİN YEKUN HƏQİQƏTİ - YALAN

İRADƏ TUNCAY
52705 | 2007-12-29 12:22

... Otaqda mübahisə düşüb - cavan yazarımız bizi inandırmağa çalışır ki, haqlıdır və haqlı olduğunu kimə istəsə isbat edər. Mübahisənin səbəbi isə sadədir - bir təhsil müəssisəsinin tələbələri ilə sorğu keçirilib, gənclər öz arzularını bildiriblər. Arzularını bildiriblər, amma adlarını gizli saxlayıblar. Səbəbi məlum - sabah ola bilər ki, kimsə qəzet oxusun (yəni maarif sistemində də qəzet oxuyanlar olur) və rəhbərliyə xəbərləsin ki, tələbələr rüşvətdən şikayətçidilər. Amma bir az əlçatan istəklər də bildirənlər olub, onlar adlarını gizlətməyiblər. Məsələn, təmirlə bağlı. Biz də cavan dostumuza deyirik ki, sən nə bilirsən adını yazdığın tələbələrə o biri şikayətlərin də müəllifi kimi yanaşmayacaqlar? Mərdimazarlıq olacaq axı, oxuduqları yerdən qova da bilərlər. Amma mən yüz faiz bilirəm ki, o ad deyənlər də öz isimlərini deməyiblər. Cavan olsalar da nəticələrdən doğru nəticələr çıxarmağı öyrəniblər. Flora və fauna üzvləri arasında yox, insan cəmiyyətində yaşayırlar - yalan cəmiyyətində yaşayırlar.
   
   
   
   ***
   
   İl başa çatır, ilin əvvəlində astroloqların, falçıların dediyinə inanmışdım - donuz ilində doğulanları böyük uğurlar, möhtəşəm layihələr, yüksək titullar, filan gözləyirmiş. Özümə binəm söyləyim - yalan çıxdı. Ümumiyyətlə çörəyi yalandan çıxanlar təbəqəsinin bir qatı da münəccim tayfasıdı. Hər ilin, hər ayın, hər günün başlanğıcında ağızlarına gələn yalanı danışırlar və bundan pul qazanırlar. Bir həftə əvvəl məşhur telefon şirkətindən mesaj gəldi ki, filan nömrəyə bürcünüzü, ilinizi yazın göndərin ulduzların sizə nə sürprizi var söyləyək. Təklif mənə cazib göründü, 110 konturumdan keçdim və bu da cavablar:
   
   
   
   18 dekabr
   
   Əqrəblər - dünyaya baxışınızı dəyişməli olacaqsınız, buna hazır olun.
   
   
   
   19 dekabr
   
   Çətin vaxtlar geridə qaldı. Hazırda üzünüzə yeni imkanlar açılır, məqsədlərinizi müəyyən edin və həyatınızı dəyişdirməyə tələsin.
   
   
   
   20 dekabr
   
   Peşəkar sahədə uğur qazanmaq üçün yaxşı gündü. Gücünüzə və sağlamlığınıza fikir verin, onlar sizə çox lazım olacaq.
   
   
   
   21 dekabr
   
   Maliyyə vəziyyətinizi və şəxsi həyatınızı stabilləşdirmək istəyirsinizsə çoxlu işləməyə və müxtəlif cür problemlərin yaranmasına hazır olun.
   
   
   
   22 dekabr
   
   Siz həddindən artıq risq edirsiniz. Fikirləşin. Bəlkə məsələnin daha asan həlli var?
   
   
   
   23 dekabr
   
   Bu gün bütün işləriniz ikitərəfli nəticə verəcək. Gördüyünüz hər bir iş qalanlarına da təsir edəcək.
   
   
   
   24 dekabr
   
   Bu gün çox təşvişli keçəcək. Gününüzü necə başlasanız elə də bitirəcəksiniz. Hər şeyi yaxşı planlaşdırmağa çalışın.
   
   
   
   25 dekabr
   
   Bəsdi qəm içində oturub tənbəllik elədiniz, işə başlamaq lazımdır.
   
   110 konturun müqabilində bu cavabları aldım. Sonra abunəm bitdi. Yenidən SMS gəldi ki, bəs istəyirsinizsə əməkdaşlığı davam etdirək - dedim yox, bütün bunları kontur ödəmədən də bilirəm. Dünyaya baxışımı çoxdan dəyişmişəm, çətin vaxtlar geridə yox hələ irəlidədi, sağlamlığımın, gücümün lazım olduğu da məlum, problemlərə hər zaman hazıram, risqə də eləcə və sairə, və sairə. Deyə bilərsiniz ki, belə fırıldaqlara öyrəncəli deyilsən? Təbii öyrəncəliyəm. Amma hərdən adamın nəyəsə də inanmağı gəlir də. Lap mən məqsədlərimi müəyyən elədim, həyatımı dəyişdirməyə tələsdim, mənim tələsməyim nəyi dəyişəcək? Yaxşı sualdı. Neçə illərdi, yəni ağlım kəsəndən cavab tapa bilmirəm. Təkcə mən yox e, böyük-böyük filosoflar da...
   
   ... Bütün din kitabları deyirlər ki, yalan danışmaq günahdı. Bizi böyüdüb, tərbiyə edənlər də deyirlər ki, yalan danışmaq olmaz. Amma biz danışırıq. Ümumiyyətlə biz toplum olaraq yalanı sevirik. Qanımıza, canımıza hopub. Yalını cürbəcür rənglərlə bəzəyirik - ağ yalan, qırmızı yalan. Müdrik babalarımız nə deyib - "Düz düzdə qalar". Yalan həyatımızın ən vacib atributudu. Xüsusilə bizim üçün, sovet dövründə böyüyüb, tərbiyə alanlar üçün. Gözümüzün içinə baxa-baxa elə yalanlar deyirdilər ki, tüklərimiz biz-biz dururdu. Yalan danışmaqları bəs deyildi, hələ bizi məcbur edirdilər ki, bu yalanlara əl çalaq. Biz yalan narkomanlarıydıq. Hər gün televizoru açıb, qəzetləri oxuyub öz dozalarımızı alırdıq. Sadəcə olaraq o vaxtın yalanları bir istiqamətdən gəlirdi - indinin yalanları çoxşaxəlidi, çoxpartiyalıdı.
   
   Bir anlıq fikirləşin ki, hər kəs yalan danışmağı tərgidib. Heç təsəvvürünüzə gətirə bilməsiniz ki, necə qarışıqlıq yaranar. İnsanlar lap başını itirər. Birdən-birə öyrəncəli olduğumuz yalanları eşitməsək, düşündüklərimizi söyləsək, içimizdəki gizlinləri üzə çıxarsaq cəmiyyət alt-üst olar və bu qarışıqlıq, xaosun içində yalanın həyatımızdakı yerini, qədrini, qiymətini anlayarıq. Məsələn, məşuqəsinin yanından qayıdan ər arvadına hardan gəldiyini deyər - mərəkəni gözünüzün qabağına gətirin. Ya da bir işçi öz rəisinə onun haqqında nə düşündüyünü söyləsə nə olar? Yalan olmasa yaşaya bilmərik. Yalan həyatımızın hərəkətverici qüvvəsidi. Hər kəs yalan danışmasa bu düzən pozular - böyüklər başa düşər ki, kiçiklər narazıdı, kiçiklər anlayar ki, böyüklər onlarla məzələnir.
   
   Çox maraqlı mənzərədi. Danışan bilir ki, yalan danışır, eşidən bilir ki, yalan eşidir. Yaxşı halda susur, üzünü çevirir gedir işinin, gücünün dalınca. Amma bəziləri eşitdiklərinə görə təşəkkür də edirlər. Bir piramida qurulub, aşağıdan yuxarıya cərəyan edir. İndi lap aşağıdakı kərpiclərdən biri çaşıb düzgün danışmağa başlasa bu piramida Pizza qülləsi kimi əyilər. Odur ki, hər kəs çalışıb, vuruşub öz üzərinə düşən vəzifəni canla, başla yerinə yetirir. Düzdür bəzən cəmiyyətdə ala qarğalar da tapılır, düz danışmağa cəhd edirlər. Ancaq onların da aqibəti məlumdur. Bayaq dedik ki, "Düz düzdə qalar". Bu prinsipi əldə bayraq edənlər tarixin yaraşığı olublar. Sənətkarları məhv edəndə dahi rəhbərə əl çalıblar, acından köpük qusanda "Urra" qışqırıblar. Qəribə paradoksdu - həyat həqiqətlərini əks etdirməli olanlar, yəni sənətkarlar yalan təbliğatı ilə çörək qazanırlar. Təkcə çörək yox, orden, medal, vəzifə. Hər zaman belə olub, tarix boyu.
   
   Bir vaxtlar Roma imperatoru Kaliqula öz sevimli atını senator təyin elətdirmək istəmişdi. Tarixlə maraqlananlar bu faktı bilirlər. Dərindən düşünsək burda təəccüblü heç nə yoxdur. Birincisi, ola bilərdi ki, həmin atın şüuru, anlamağı çox insanlardan üstün olsun. İkincisi, Kaliqula onu əhatə edən yalanlar və yalançılar xorunun içində atının senatorluğa daha layiq olacağını düşünə bilərdi. Ən azından atın sevgisi saxta olmayacaq. Bəzən hökmdarlar da yalandan bezir, yorulur. Bu hadisədən 2000 ildən artıq vaxt keçib. İndi atlarını senator təyin etdirmək istəyən yoxdur. Amma bu gün təyin olunmuş senatorların atlardan daha ağıllı olduğunu iddia eləmək də olmaz. Desəm yalan olar, atlar məndən inciyər. Ya da elə yalan danışım - bütün təyin olunmuş senatorlar dürüst, şərəfli, vicdanlıdılar. Əqidə, azadlıq, həqiqət uğrunda tonqalda yananlara, dərisi soyulanlara baxıb dərin təəssüflə edam hökmünə imza atırlar. Mənə irad tuta bilərlər ki, senatorlar təyin olunmurlar, seçilirlər. İnanın ki, mən seçki ilə təyinat arsındakı fərqi anlayacaq qədər məlumatlıyam. Demokratiya, azadlıq sözlərinin nə anlama gəldiyini də bilirəm. Bəs bu azadlıq bolluğunda inanmamaq, şəkk-şübhə eləmək azadlığı da varmı? Ayrı cür düşünmək və bu düşüncəyə görə təqib olunmamaq haqqı da varmı?
   
   
   
   ***
   
   ... Otaqda mübahisə səngimək bilmir. Cavan yazarımız hirslənib:
   
   - Yaxşı mən nədən yazım, hansı mövzudan danışıram, deyirsiniz olmaz. Belə qəzetçilik olar?
   
   - Olar, oğul, niyə olmur. Sən yolkalardan yaz, şəhərimizin yeni ilə hazırlığından yaz, atəşfəşanlıqdan yaz...
   
   ... İşdən evə qayıdıram, televizoru açıram və eşidirəm ki, Bənazir Bhutto "Hayatını kaybetdi". Deməli dünya mediasının da mövzu problemi var, manşet problemi var. Bunları həll eləmək üçün zaman-zaman Şərq ölkələrində atəşfəşanlıq yaratmaq lazım gəlir. Yazıq qadın ilin yekununa hazırlaşırdı, gələcək seçkilərə hazırlaşırdı, amma kimsə öz seçimini edib onun həyatına yekun vurdu. İndi nə qədər adam Pakistandakı ölüm-itim xəbərlərindən çörək qazanacaq. Xanım Bhutto ölkəsinə yenicə dönüb, oradakı qarışıqlıqları görəndə ürəyimdə fikirləşmişdim ki, ay qadın, işin-gücün yoxdu, qayıt yenə Avropaya, görmürsən sənin gəlişinlə aləm dəydi bir-birinə? Sonra da düşündüm ki, özbaşına deyil - "get" deyiblər, gedib. Amma yenə yadıma ulduz falı düşür - "gününüzü necə başlasanız, elə də bitirəcəksiniz". Xanım Bhutto da həyatını başladığı kimi bitirdi. Bizim həyatımız da elədi, fərqi yoxdu il hansı heyvan üstə təhvil olur - çəhrayı donuz, ya sarı siçovul. Əsas odur ki, hər ilin dəyişməz atributu qırmızı qan və ağ yalandı. Yaşasın!
   
   
   
   P.S. Görəsən falçılıq eləsəm necə olar?

TƏQVİM / ARXİV