adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
31 May 2020 17:05
16465
MƏMLƏKƏT
A- A+

Dünyamız yaxşı insanlarla gözəldir

Dünya ölkələrində olduğu kimi Azərbaycanda da koronavirus infeksiyasının (COVİD-19) yayıldığı, insanların öz sağlamlıqlarına daha həssas yanaşdığı, fədakar həkimlərimizin gecə-gündüz bilmədən iş başında olduğu bir vaxtda səhhətimlə bağlı təxirəsalınmaz tibbi yardım üçün akademik 

C.M.Abdullayev adına Elmli-Tədqiqat Kardiologiya İnstitutunun həkimi Mətanət Paşayevaya müraciət etməli oldum. Tanımadığım, hətta adını belə bilmədiyim Mətanət Paşayevanın gərgin iş rejimindən çıxmasına baxmayaraq məni gülərüzlə qarşılamağı və dinləməyi, xoş sözlərlə xəstəlik tarixçəmlə maraqlanmağı və nəhayət zəruri tibbi məsləhətlər verməyi elə ilk dəqiqlərdə məndə xoş təəssüratlar yaratdı. Hippokrat adına sadiq qalan Mətanət xanımın nurlu simasındakı mehribançılıq, tanımadığı bir insana munis hisslərlə qayğı göstərməsi sanki mənə xəstəliyimi unutdurdu, ağrı-acılarımı azaltdı.

Müalicəmlə bağlı Mətanət Paşayeva ilə növbəti görüşlərdə yaxşı əməlləri ilə insanların sevgisini qazanan, müqəddəs peşəsi, şəfalı əlləri ilə neçə-neçə xəstəyə şəfa verən, sağlamlıq bəxş edən bu nəcib insanı daha yaxından tanıdım.

Əslən Şuşadan olan Mətanət Paşayeva orta təhsil aldıqdan sonra Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olunub. Qısa müddətdə istedadı, işgüzarlığı, təlim-tərbiyəsi ilə professor-müəllim heyətinin rəğbətini qazanıb, universitetin qabaqcıl tələbələrindən sayılıb. O, universiteti 1993-cü ildə başa vuraraq əmək fəaliyyətinə başlayıb. Uzun illər insanların sağlamlığının keşiyində dayanan Mətanət Paşayeva xəstələrin şəfa tapması üçün əlindən gələni əsirgəməyir, gecə-gündüz yorulmadan onların qulluğunda durur. Beləcə, Mətanət Paşayeva sənətinin, peşəsinin qəhrəmanı, əsil tibb fədaisi kimi qəlblərdə yaşamaq səadətini qazanaraq neçə illərdir ki, sağaltdıqları xəstələrin sevincini yaşayır.

Mətanət Paşayeva hər zaman istedadı, işgüzarlığı, bacarığı ilə seçilib. O yaxşı dərk edir ki, həkimlik bir insan üçün ömür boyu öyrənməyi, yenilənməyi, daim müasir fikirlər, çarələr axtarmağı tələb edən bir peşədir. Bu düşüncələrdə olan Mətanət Paşayeva ali təhsil aldıqdan sonra da, həkimlik peşəsinin sirlərini daha dərindən öyrənmək üçün Türkiyədə, Avstryada, Ukraynada ixtisasartırma kurslarında olub.

Həkim peşəsi olduqca məsuliyyətli və çətindir. Həkimlik elə bir sənətdir ki, təkcə burda həkim biliyi kifayət eləmir, eyni zamanda burada natiqlik, insanlarla ünsiyyət yaratmaq, onlarda inam aşılamaq mühüm əhəmiyyət kəsb edir. Bu qədim sənəti seçən hər bir insan daim fövqəladə vəziyyətlərə hazır olmalı və insanlara yardım etmək hissindən həzz almalı, həyat üçün məsuliyyət daşımağı bacarmalıdır. Xöşbəxtlikdən Mətanət Paşayeva uzun illərin gərgin əməyi hesabına bu keyfiyyətləri özündə ehtiva etməyi bacarıb. Akademik, infeksiyaçı alim A.F.Bilibinin "Həkimliyi öyrənmək, əslində, insanlığı öyrənməkdir. Əsl həkim üçün təbabət yalnız sənət deyil, bütünlüklə onun həyatıdır” müdrik kəlamı Mətanət Paşayevanın həyat kredosu olub.

İnsan özünü əməli və şəxsi ləyaqəti ilə təsdiqlədiyi kimi, Mətanət Paşayeva da gözəllik qanunları ilə qurub-yaratmağı sevir, həyat həqiqətinə olan güclü inamı, mənəvi zənginliyi, saflığı ilə seçilir. Xeyirxahlıq, qayğıkeşlik, seçdiyi həkimlik peşəsinin müqəddəsliyini qorumaq, nüfuzunu saxlamaq Mətanət Paşayevanın ali məqsədidir.

Zəngin enkslopedik biliyə malik olan Mətanət Paşayeva həm də Qarabağ sevgıli vətənpərvər xanımdır. Şuşa ilə bağlı onun maraqlı söhbətləri bitib-tükənmir. Ulularından yadigar qalmış xatirələri, əslində isə tarixi faktlar Qarabağın – Şuşanın hansı millətə məxsus olduğunu bir daha ortalığa qoyur. Onu da qeyd edim ki, uzun illər Qarabağla bağlı müxtəlif mənbələrdən qaynaqlanan söhbətlərin içərisində olsam da, ilk dəfə olaraq bir sıra diqqətçəkən faktları məhz Mətanət xanımdan eşitdim. Bəli, şəfalı əllər sahibi olan Mətanət Paşayeva həm də Qarabağla bağlı maraqlı və xüsusi bir sevgi ilə etdiyi söhbətləri ilə Qarabağ nisgılli mənəvi dünyamıza da məlhəm olmağa çalışır. Beləcə, Mətanət Paşayeva kimi insanlarla dünyamız gözəldir…

Hikmət Xudiyev,

əməkdar jurnalist, tarix üzrə fəlsəfə doktoru

.